Həyat yoldaşı onu cəzalandırıb, zurnasını 40 gün dağda çalacaq

© AP Photo / Vadim GhirdaПара, фото из архива
Пара, фото из архива - Sputnik Azərbaycan, 1920, 25.09.2021
Abunə olmaq
Türkiyənin Aydın şəhərində təqaüdə çıxdıqdan sonra atasının zurna ifaçılığı peşəsi ilə maraqlanan Hüseyn Gülərə (67) həyat yoldaşı qəribə cəza verib.
BAKI, 25 sentyabr — Sputnik. Türkiyənin Aydın şəhərində təqaüdə çıxdıqdan sonra atasının zurna ifaçılığı peşəsi ilə maraqlanan Hüseyn Gülərə (67) həyat yoldaşı qəribə cəza verib.
Belə ki, Hüseynin evdə zurna çalması onun xanımı Nilüfər Güləri (61) özündən çıxarıb. Zurna səsindən bezən qadın ərinə 40 gün dağda zurna çalmaq cəzasını verib.
Nazilli rayonunun İşıqlar məhəlləsində yaşayan, evli və 3 uşaq atası olan Hüseyn Gülər 2004-cü ildə Dövlət Su İdarəsindən təqaüdə çıxıb. Bundan sonra işsiz qalaraq darıxan adam atasının və qardaşının peşəsi ilə maraqlanmağa başlayıb.
Evdə zurnanı uzun və yüksək səslə çaldığına görə 46 illik xanımı və qonşuları bu vəziyyətdən narahat olublar. Bu səbəbdən əri ilə tez-tez dalaşan Nilüfər Hüseynə evində zurna çalmağı qadağan edib.
Xanımı ona zurnanı 40 gün dağda çalmaq cəzası verərək "səni yalnız bu halda bağışlayacağam" deyib və evdən gedib.
Sentyabrın 2-dən etibarən gündüzləri yaşadığı məhəlləsinin yaxınlığındakı dağlıq ərazidə zurna çalan və gecələri evinə qayıdan Hüseyn Gülər 40 günün sonunda həyat yoldaşının onu bağışlayacağını gözləyir.
Cəzamın yarısı bitib
"Mən musiqiçilər ailəsindənəm. Atam və qardaşım zurna ifaçıları idi. Mən də zurna çalmağı çox sevirəm. Bəzən bu musiqi alətində ifa edəndə kövrəlirəm, hətta gözlərimdən yaş da gəlir. Təqaüdə çıxandan sonra evdə zurna çalmağa başladım. Arvadım zurnanı yüsək səslə çaldığım üçün narahat olurdu. Xəbərdarlıqlarına baxmayaraq evdə zurnanı çalmağa davam edirdim və ona görə də o, əsəbiləşirdi. "Get zurnanı dağlarda çal" deyərək mənə 40 günlük cəza verdi. Mən də polislərdən icazə alaraq, işimi bu yöndə görürəm. Cəzamın yarısı bitib. Görəsən 40 günün tamamında arvadım məni bağışlayacaq? Bilmirəm. Əgər məni bağışlasa, ona təşəkkür edəcəm, ancaq bağışlamasa zurnamı dağlarda çalmağa davam edəcəm", - deyə Hüseyn bildirib.
Ərinə əsəbləşən Nilüfər Gülər, Kuşadasında yaşayan qızının yanına gedib.
"Həyat yoldaşım bütün xəbərdarlıqlarıma baxmayaraq, evdə zurna çalmağa davam edirdi. Zurnanın səsindən mənim kimi qonşular da narahat olurdu. Ona görə də ərimə 40 günlük belə bir cəza verdim", - deyə Nilüfər bildirib.
Xəbər lenti
0