12:48 15 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
DÜNYA
Qısa URL
44 0 0

Yerevan meriyası hadisəni qınayaraq heykəlin yandırılmasını açıq-aşkar vandalizm aktı kimi qiymətləndirdi.

 

BAKI, 29 aprel — Sputnik. Qarabağda tarixi abidələrimizi barbarcasına məhv edən ermənilər bu dəfə Yerevanın mərkəzində vəhşiliklərini bir daha nümayiş etdiriblər. Sputnik Ermənistan-ın yaydığı məlumata görə, Yerevanda Hindistanın siyasi və ictimai xadimi, Britaniya müstəmləkəçiliyinə qarşı mübarizənin lideri Mahatma Qandinin heykəlini yandırıblar. Hadisə mətbuatda və sosial şəbəkələrdə böyük rezonans doğurub.

Məlumatda bildirilir ki, Yerevanda Qandinin heykəli keçən il Hindistana dostluq jesti kimi ucaldılıb, ancaq elə həmin vaxt da bu addım narazılıqla qarşılanıb. Səbəb isə Mahatma Qandinin vaxtilə "erməni soyqırımı"nı inkar etməsi olub.

"Yerevanda Qandiyə heykəl qoyulması məsələsi erməni cəmiyyəti tərəfindən birmənalı qarşılanmamışdı. Bu addmı tənqid edənlər Qandinin Türkiyənin o vaxtkı rəhbərliyi ilə yaxın münasibətinin olduğunu və onun Osmanlı İmperiyasında "erməni soyqırımı"nın baş verdiyini inkar etməsini əsas gətirirdilər", – deyə məlumatda bildirilir.

Bu il aprel ayının 24-də isə Hindistanın Ermənistandakı səfirliyi rəsmi "Twitter" səhifəsində qondarma "erməni soyqırımı"nın ildönümü münasibətilə paylaşım edib. Paylaşımda əvvəl "soyqırımı" ifadəsi yer alsa da, sonradan mətn redaktə olunub və həmin söz oradan çıxarılıb.

Bundan əsəbiləşən ermənilər isə acıqlarını Mahatma Qandinin heykəlindən çıxıblar.

"Bu hadisədən bir neçə gün sonra naməlum şəxslər Qandinin heykəlinə qarşı vandalizm aktı həyata keçiriblər. Aprelin 28-də mətbuatda heykələ od vurulub yandırıldığını əks etdirən foto və videolar yayılıb. İki gün əvvəl isə heykələ toyuq yumurtası çırpıblar", – deyə xəbərdə bildirilir.

Yerevan meriyası hadisəni qınayaraq heykəlin yandırılmasını açıq-aşkar vandalizm aktı kimi qiymətləndirib. Meriyanın mətbuat katibi Akop Karapetyan Sputnik Ermənistana müsahibəsində bildirib ki, polis mütləq günahkarları tapıb cəzalandırmalıdır. "Bu, bizim üçün kifayət qədər məyusedici hadisədir. Təəssüf ki, bu, Yerevanda baş verən yeganə hal deyil. Bu işə ciddi şəkildə qiymət verilməlidir. Paytaxtda yüzlərlə heykəl var, onların hamısının başına bir mühafizəçi qoymaq mümkün deyil", – deyə Karapetyan vurğulayıb.

Karapetyanın sözlərinə görə, heykəli yandıranlarla yanaşı, buna çağırış edənlər də ağır şəkildə cəzalandırılmalıdır.

Bu məsələ ilə bağlı ən aktiv şəkildə çağırış edənin isə "Alternativ meriya" hərəkətinin üzvü, aktivist Sona Aqekyan olduğu bildirilir.

Onu da qeyd edək ki, heykəlin rəsmi açılışı hələ baş tutmayıb. Karapetyanın sözlərinə görə, heykəl ucaldılmamışdan əvvəl bu addımın bütün mənfi və müsbət tərəfləri analiz edilib. Nəticədə Qandinin Türkiyə rəhbərliyi ilə əlaqəsi və ya qondarma "erməni soyqırımı"nı inkar etməsi ilə bağlı hər hansı bir məlumata rast gəlinməyib.

Karapetyan onu da bildirib ki, Yerevanda Qandiyə heykəl ucaldılması təşəbbüsü Ermənistan Xarici İşlər Nazirliyindən gəlibmiş. Qərar Ermənistanla Hindistan arasındakı dostluq münasibətləri kontekstində verilib.

"Odur ki indi bu vandalizm aktının müəlliflərinin hansı motivlə hərəkət etdiklərini anlamaq çətindir", – deyə o vurğulayıb.

Xəbərdə o da bildirilir ki, hazırda Ermənistanın Hindistanla kifayət qədər yaxşı münasibətləri var, üstəlik Yerevan Kəşmirlə bağlı Pakistanla münaqişə vəziyyətində olan Hindistanın mövqeyini dəstəkləyir.

Əsas mövzular