19:52 14 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
DÜNYA
Qısa URL
5410

"İdris Debi İtno döyüş meydanında ölkənin ərazi bütövlüyünü müdafiə edərkən son nəfəsini verdi. Çad xalqına dərin hüznlə başsağlığı veririk".

BAKI, 20 aprel — Sputnik. Çad Respublikasının Prezidenti İdris Debi ölkənin şimalında üsyançılara qarşı döyüş zamanı aldığı xəsarətdən həlak olub. Bu barədə RİA Novosti "Frans-Press" agentliyinə istinadla məlumat yayıb. Məlumatı döyüşlərdə iştirak etmiş hərbçilər təsdiqləyiblər.

Qeyd olunur ki, 68 yaşlı Debi silahlı üsyançılara qarşı mübarizədə qələbəni qeyd etmək və silahlı qüvvələrin əməliyyatlarına rəhbərlik etmək üçün cəbhə bölgəsinə gedib. Dövlət başçısı toqquşmada ağır yaralanaraq xəstəxanaya çatdırılıb, ancaq onun həyatını xilas etmək mümkün olmayıb.

"İdris Debi İtno döyüş meydanında ölkənin ərazi bütövlüyünü müdafiə edərkən son nəfəsini verdi. Çad xalqına dərin hüznlə başsağlığı veririk", – deyə ordunun rəsmi nümayəndəsi general Azem Bermandoa Aquna yerli televiziya kanalında çıxışı zamanı bildirib.

Qeyd edək ki, İdris Debi bir qədər əvvəl seçicilərin 79% səs çoxluğu ilə altıncı dəfə ölkənin prezidenti seçilmişdi. O, 1990-cı ilin dekabrından bu yana dövlət başçısı vəzifəsində idi.

Seçki günü aprelin 11-də hərbçilər Liviyadakı bazalardan Çada qarşı hücuma başlayıblar. Bir müddət sonra səngiyən döyüşlər ötən bazar günü yenidən başlayıb və bazar ertəsi Çad ordusu "Çadda Dəyişiklik və Razılaşma Cəbhəsi"nin (FACT) 300-dən çox üsyançı üzvünü məhv edib.

Yerli "Al Wihda" qəzetinin yazdığına görə, prezidentin ölümündən sonra ölkədə onun oğlu Debi Mahamatın başçılığı ilə müvəqqəti hərbi şura yaradılıb. Şura tezliklə "keçid dövrü xartiyası"nı elan edəcək.

Prezidentin ölümündən sonra Çadda iki həftəlik milli matəm və saat 18:00-dan 5:00-a kimi komendant saatı elan olunub. Bundan başqa, hərbçilər "başqa bir təlimata qədər" ölkənin quru və hava sərhədlərini bağlamağa qərar veriblər.

Qeyd edək ki, Çad terrorçular və qanunsuz miqrasiya səbəbindən Afrika qitəsinin ən problemli bölgələrindən biri olan Saheldə yerləşir. 2014-cü ildə Fransa bölgədə "Barxan" adlı antiterror əməliyyatına başlayıb. Bu missiya Burkina-Faso, Mavritaniya, Mali, Nigeriya və Çadı da əhatə edən "Sahel Beşliyi"nin (G5) regional quruluşu tərəfindən dəstəklənib.

Əsas mövzular