09:01 09 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
DÜNYA
Qısa URL
94010

Politoloq Tofiq Abbasov: “Azərbaycan yeni bir mərhələnin başlanğıcını təmin edir. Bizim yaratdığımız bu reallıqlar həm də çoxsaylı tərəfdaşlarımızın maraqlarına cavab verir”.

Elvin Səlimov, Sputnik Azərbaycan

BAKI, 3 mart — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev ötən həftə yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında üçtərəfli bəyanatla bağlı suala cavab verərkən bildirib ki, Ermənistanda hakimiyyətə kim gəlirsə, gəlsin, bəyanat pozularsa, çox pis olacaq.

Qeyd edək ki, Ermənistanda davam edən siyasi böhran fonunda üçtərəfli bəyanata dair müxtəlif fikirlər səsləndirilir. Paşinyan hökumətini devirmək istəyən erməni müxalifəti üçtərəfli bəyanata qol çəkilməsini xəyanət kimi qiymətləndirir. Üçtərəfli bəynatdan manipulyativ alət kimi istifadə edən siyasi rəqiblər təhlükəsizlik qüvvələrini mövcud hökumətə tabesizlik göstərməyə, əhalini isə mitinqlərə çağırır.

Sputnik Azərbaycan Ermənistanda yaşananlar fonunda üçtərəfli bəyanatın gələcəyi ilə bağlı politoloq Tofiq Abbasovun fikirlərini öyrənib.

Politoloq bildirib ki, beynəlxalq səviyyədə əldə olunan razılaşma, imzalanan sənəd həmişə qanun formasını alır: “Çünki onun içərisində tərəflərin üzərinə düşən öhdəliklər göstərilir və bütün göstərilənlər təmin edilməlidir. Biz isə məğlub ölkə Ermənistanın timsalında sazişdən yayınmağa cəhdləri görürük. Bu ölkə gah nala, gah mıxa vuraraq sazişin müddəalarından yayınmağa çalışır. Bunun da bəlli səbəbləri var. Müharibədən məğlubiyyətlə çıxan Ermənistanın daxili sabitliyi pozulub. Mövcud hakimiyyət, yəni Nikol Paşinyan hökuməti isə müxalifləri ilə əlbəyaxadır və hakimiyyətini bütün ölkə ərazisində tətbiq edə bilmir”.

Politoloq deyir ki, Ermənistandan fərqli olaraq Azərbaycan üzərinə düşən öhdəlikləri yerinə yetirir: “Prezident İlham Əliyev ötən həftə Xocalı faciəsinin anım günündə yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında bir çox önəmli məqamlara toxundu. Prezident bir daha diqqətə çatdırdı ki, Azərbaycan bölgədə sülhün təminatçısı kimi çıxış edir. Digər tərəfdən biz məğlub ölkə Ermənistana imkanlar yaradırıq ki, o, qarşıdurma siyasətindən uzaqlaşsın və qonşuluq siyasətinə yönəlsin. Bütün bunlara baxmayaraq biz görürük ki, Ermənistandakı mövcud müxalif qüvvələr üçtərəfli bəyanatla razılaşmırlar. Bunun üçün də Ermənistanın baş nazirinə zərbə endirib, onu hakimiyyətdən məhrum etməyə çalışırlar. Bu qüvvələr hakimiyyəti ələ keçirib, köhnə siyasətə qayıtmağı xəyal edirlər. Bu isə yol verilməzdir. Azərbaycan bir daha ölkə başçısı səviyyəsində göstərdi ki, Azərbaycana yenidən təhdidlər törətmək üçün Ermənistana imkan verilməyəcək. Üçtərəfli bəyanatdan irəli gələn proseslər və öhdəliklər hamısı nəzarət altındadır. Azərbaycan təkcə qalib ölkə olmasına görə söz sahibi deyil. Biz həm də bölgənin lokomotiv ölkəsiyik. Burada baş verən bütün proseslərdə aparıcı rol bizə mənsubdur”.

“Ermənistan istəsə də, istəməsə də elə edəcəyik ki, o sənəddə göstərilən bütün tələbləri yerinə yetirsin. Azərbaycan yeni bir mərhələnin başlanğıcını təmin edir. Bizim yaratdığımız bu reallıqlar həm də çoxsaylı tərəfdaşlarımızın maraqlarına cavab verir. Bundan sonra aparılacaq quruculuq işləri, reallaşdırılacaq yeni layihələr bölgə əhalisinin rifahının yüksəlməsinə töhfə verəcək. Bu baxımdan Ermənistan baş verənlərdən ibrət götürməsə, Azərbaycan bu ölkənin bir daha baş qaldırıb digər ölkələrə meydan oxumaması üçün lazımi addımları atacaq”. 

Əsas mövzular