08:30 12 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0221
  • EUR2.0237
DÜNYA
Qısa URL
77 0 0

Təhlükəsizlik Şurası prezident Armen Sarkisyanı Baş qərargah rəisini istefaya göndərmək və müvafiq Fərmanı imzalamaq barədə Ermənistan Respublikası Baş nazirinin vəsatətini təmin etməyə çağırıb.

BAKI, 1 mart — Sputnik. Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Təhlükəsizlik Şurasının iclasını keçirib. Bu barədə Sputnik Ermənistan xəbər verir.

Məlumatda qeyd olunur ki, iclas iştirakçıları Ermənistanın daxili və xarici təhlükəsizliyinə dair məsələləri, həmçinin ölkə qarşısında duran çağırışlar və onların öhdəsindən gəlmə yollarını müzakirə edib.

Təhlükəsizlik Şurasının iclasında Ermənistan Prezidenti Armen Sarkisyan və Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyan iştirak etməyib.

Təhlükəsizlik Şurası Ermənistan Prezidenti Armen Sarkisyana ünvanlanan bəyanat yayıb. Bəyanatda bildirilir ki, Təhlükəsizlik Şurası müdafiə siyasətinin əsas istiqamətlərini müəyyənləşdirən orqan olaraq Silahlı Qüvvələrin siyasi prosesə cəlb edilməsi cəhdlərini qətiyyətlə pisləyir:

"Konstitusiya Silahlı Qüvvələrin siyasi proseslərə qarışmanın yolverilməzliyini, mülki nəzarət altında olma faktını açıq şəkildə müəyyənləşdirir. Qanuna əsasən, Ermənistan Respublikası Silahlı Qüvvələri Baş Qərargah rəisinin təyin və ya vəzifədən azad edilməsi təklifi Baş nazirin qərarına əsaslanır".

Bəyanatda həmçinin qeyd olunub ki, Ermənistan respublikasının prezidenti konstitusiyaya riayət olunmasına nəzarət edir və belə olan halda birmənalı olaraq müvafiq bir mövqe qoymalıdır:

"Yuxarıda göstərilənlərə əsaslanaraq Təhlükəsizlik Şurası prezidenti Baş qərargah rəisini istefaya göndərmək və müvafiq Fərmanı imzalamaq barədə Ermənistan Respublikası Baş nazirinin vəsatətini təmin etməyə çağırır".

Qeyd edək ki, fevralın 25-i Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı ölkənin Baş naziri Nikol Paşinyanın istefasını tələb edib. Bu barədə Ermənistanın Baş Qərargah rəisi Onik Qasparyan, onun bütün müavinləri, bütün böyük hərbi birliklərin idarə rəhbərləri və komandirlərinin imzaladığı bəyanatda bildirilir.

Hərbçilər qeyd ediblər ki, Ermənistan Baş Qərargah rəisinin birinci müavini Tiran Xaçatryanın istefaya göndərilməsi barədə qərarın milli və dövlət maraqları nəzərə alınmadan, yalnız şəxsi ambisiyalara əsaslanaraq verildiyini hesab edirlər.

"Belə çətin şəraitdə verilən qərar dövlət əleyhinə olan məsuliyyətsiz addımdır", - deyə bəyanatda bildirilir.

Buna cavab olaraq Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin Baş Qərargahının bəyanatını hərbi çevrilişə cəhd adlandırıb və Onik Qasparyanın tutduğu vəzifədən azad olunması barədə qərar verib.

Bundan sonra Ermənistan Prezidenti Armen Sarkisyan bu ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəhbəri Onik Qasparyanın işdən çıxarılması barədə qərarı imzalamayıb və onu geri, Baş nazir Nikol Paşinyana göndərib.

 

Teqlər:
Ermənistanın baş naziri Nikol Paşinyan, baş nazir Nikol Paşinyan, Nikol Paşinyan, Ermənistan prezidenti Armen Sarkisyan

Əsas mövzular