03:18 12 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
DÜNYA
Qısa URL
Ermənistanda dövlət çevrilişinə cəhd (19)
9910

Müxalifətçi hesab edir ki, prezident Baş Qərargah rəisi Onik Qasparyanın istefası qərarını yenə imzalamayacaq və onu Konstitusiya Məhkəməsinə göndərəcək

BAKI, 27 fevral - Sputnik. Ermənistanda vətəndaş müharibəsi ola bilməz. 

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu müxalif "Vətənin xilası naminə hərəkat"ın lideri Vazgen Manukyan deyib.

"Nikol Paşinyanın tərəfdarları var, amma onlar xalqa qarşı çıxmayacaqlar. Üstəlik, indiki vaxtda ordu onu dəstəkləmir, hesab edirəm ki, elə polis də. Ermənistanda cəmiyyətin iki cəbhəyə bölünməsi üçün şərait yoxdur", - Manukyan deyib.

Müxalifətçi hesab edir ki, prezident Baş Qərargah rəisi Onik Qasparyanın istefası qərarını yenə imzalamayacaq və onu Konstitusiya Məhkəməsinə göndərəcək. O əmindir ki, Paşinyan istəyinin Konstitusiyaya zidd olduğunu bilə-bilə prezidentə təzyiq göstərməyə çalışıb.

Xatırladaq ki, fevralın 25-də Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının ölkənin baş naziri Nikol Paşinyanın istefasını tələb etməsilə ölkədə vəziyyət qarışıb. Baş Qərargah rəisi Onik Qasparyan, onun bütün müavinləri, bütün böyük hərbi birliklərin idarə rəhbərləri və komandirləri buna dair bəyanat imzalayıblar. Buna cavab olaraq Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin Baş Qərargahının bəyanatını hərbi çevrilişə cəhd adlandırıb və Qasparyanın qovulmasını tələb edib.

Bu gün Ermənistan prezidenti Armen Sarkisyan Baş Qərargah rəisi Onik Qasparyanın istefası barədə qərarı özünün əsaslandırmalarını da qeyd edərək baş nazir Nikol Paşinyana qaytarıb. Onun bu qərarını Yerevanda, parlament önündə mitinq edən Paşinyan əleyhdarları alqışlarla qarşılayıblar. Üstündən yarım saat keçməmiş Nikol Paşinyan qərarı yenidən Armen Sarkisyana göndərib. 

Müxalifətin digər nümayəndəsi, daşnak İşxan Saqatelyan isə bildirib ki, Nikol Paşinyan istefa verənə qədər parlamentin önünü tərk etməyəcəklər. 

"Bu satqınlar hökumət binasında olduqları müddətcə meydandan getməyəcəyik", - o deyib.

Bu arada ölkənin Müdafiə Nazirliyi yenidən bəyanat yayaraq ordunu siyasi proseslərə qatmamağı xahiş edib.

Ermənistanın polis rəisi Vage Kazaryanın istefa ərizəsi yazması, baş prokuror Artur Davtyanın Nikol Paşinyanla Qasparyanın həbsini müzakirə etməsi xəbərləri isə təsdiqini tapmayıb.

 

Mövzu:
Ermənistanda dövlət çevrilişinə cəhd (19)
Teqlər:
vətəndaş müharibəsi, plan, müxalifət, dövlət çevrilişi cəhdi, Ermənistan

Əsas mövzular