15:47 18 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0516
DÜNYA
Qısa URL
3510

"Co Baydenin birinci arvadı və qızı avtomobil qəzasında öləndən sonra onun iki azyaşlı oğlunu böyüdən Jill Bayden həm də Amerikanın "elmlər doktoru" adını almış ilk birinci xanımı olacaq.

BAKI, 8 yanvar — Sputnik. Qalmaqallı Melaniya Trampdan sonra nəzərlər ABŞ-ın yeni birinci xanımı Jill Baydenə yönəlib. Sputnik Azərbaycan Türkiyənin NTV kanalına istinadla xəbər verir ki, 69 yaşlı Jill Bayden Amerikanın "elmlər doktoru" adını daşıyan ilk birinci xanımı olacaq. "Northern Virginia" dövlət universitetində ingilis dilindən dərs deyən Jill Bayden həm də Ağ Evdən kənarda çalışacaq ilk birinci xanım kimi tarixə düşəcək.

3 iyun 1951-ci ildə Nyu-Cersidə anadan olan Jill Treysi Ceykobs Sicilya əsilli ailədə dünyaya göz açıb. 1969-cu ildə Bill Stevenson adlı şəxslə ailə qurub. Bir müddət yerli agentliklərdə modelliklə məşğul olub. 1975-ci ildə birinci ərindən boşanıb və elə həmin il senator Co Baydenlə tanış olub.

Prezident seçkisindən əvvəl "Vogue" jurnalına müsahibə verən Jill Bayden "Müəllimliyi çox sevirəm. İşim həyatımda və karyeramda çox mühüm yer tutur. Başqa sözlə, prezident xanımı missiyasının öhdəsindən gələcəyimə inanıram və buna hazıram", – deyə bildirmişdi.

Amerikalılar 36 illik müəllimlik təcrübəsinə malik Jill Baydenə yalnız buna görə rəğbət göstərmirlər. O, həm də vaxtilə ABŞ-ın yeni prezidentinə ailə faciəsindən sonra ayağa qalxmaqda kömək edib. Belə ki, onlar tanış olduqları vaxt Co Bayden birinci arvadını və qızını avtomobil qəzasında itirmiş və iki azyaşlı oğluna baxmaq məcburiyyətində qalmışdı. Co Bayden həmin günləri belə xatırlayır: "Bizi o ayağa qaldırdı. Həmin vaxt mən 26 yaşındaydım, bundan sonra yolumuza necə davam edəcəyimizi bilmirdim. Ancaq o, sevgi və anlayışla bizi ayağa qaldırdı".

Cütlüyü Co Baydenin qardaşı tanış edib. Onlar ilk görüşlərində birlikdə "Kişi və qadın" filmini seyr ediblər. Jill evə qayıdandan sonra anasına deyib: "Axır ki, bir centlmenə rast gəldim!"

Co Bayden Jillə nə az, nə çox, düz 5 dəfə evlənmə təklif edib. Jill Bayden bunun səbəbini belə izah edir: "Cozefin oğlanları artıq bir dəfə analarını itirmişdilər. Onların ikinci dəfə bu faciəni yaşamalarını istəmirdim. Ona görə də cavabımdan tam əmin olmalı idim".

Cütlük 1977-ci ildə evlənib və 1981-ci ildə bu izdivacdan Eşli adlı qızları dünyaya gəlib.

 

Əsas mövzular