21:20 17 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
DÜNYA
Qısa URL
13521

ABŞ Dövlət Departamenti: CAATSA-nın 231-ci bəndi Türkiyənin hərbi qabiliyyətini və döyüş hazırlığını sarsıtmaq məqsədi daşımır.

BAKI, 15 dekabr - Sputnik. Vaşinqton Türkiyə Müdafiə Sənayesi Katibliyinə, onun rəhbəri İsmayıl Dəmir və digər üç səlahiyyətlisinə sanksiya tətbiq edib. 

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə ABŞ-ım Maliyyə Nazirliyinin məlumatında bildirilir. 

ABŞ-ın dövlət katibi Mayk Pompeonun izah etdiyi kimi, bu qərar Rusiyanın zenit raket sistemlərinin Ankara tərəfindən satın alması ilə əlaqədardır. O, Türkiyəni ABŞ-la koordinasiya şəraitində "S-400 problemi"ni "dərhal" həll etməyə çağırıb.

"Türkiyə ABŞ üçün dəyərli bir ortaq və əhəmiyyətli bir regional təhlükəsizlik tərəfdaşıdır. Türkiyənin sərəncamındakı S-400 maneəsini ən qısa müddətdə aradan qaldıraraq müdafiə sektorundakı onilliklər boyu mövcud olan məhsuldar əməkdaşlıq tariximizi davam etdirmək istəyirik", - Pompeonun yazılı açıqlamasında deyilir. 

Pompeonun fikrincə, sanksiyaların tətbiqi "ABŞ-ın CAATSA-nın (Sanksiyalar aktı ilə Amerikanın düşmənlərinə qarşı mübarizə aktı-red.) 231-ci bəndini tamamilə tətbiq edəcəyinə və Rusiyanın müdafiə və kəşfiyyat sektoru ilə əhəmiyyətli əməliyyatlara dözməyəcəyinə dair açıq bir siqnal" verir.

"CAATSA-nın 231-ci bəndi və bugünkü fəaliyyət Türkiyə, yaxud ABŞ-ın hər hansı digər müttəfiqinin və ya ortağının hərbi qabiliyyətini və döyüş hazırlığını sarsıtmaq məqsədi daşımır. Əksinə, Rusiyanın geniş miqyaslı zərərli hərəkətlərinə cavab olaraq bir bədəl ödəməsini hədəfləyir", - Dövlət Departamentinin açıqlamasında deyilir.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev S-400 hava hücumundan müdafiə sistemlərinin alınmasına görə ABŞ tərəfindən Türkiyəyə qarşı tətbiq olunan birtərəfli sanksiyaları qəbuledilməz hesab edir.

Bu fikirləri mətbuata açıqlamasında Prezidentin köməkçisi Hikmət Hacıyev bildirib.

O qeyd edib ki, NATO-ya üzv bəzi ölkələr tərəfindən analoji hava hücumundan müdafiə sistemi istifadə edildiyi halda, Türkiyəyə qarşı sanksiyaların tətbiq olunması ədalətsizlikdir:

"Dövlətimizin başçısı bu halı ikili standartların təzahürü və qanunsuzluq kimi dəyərləndirir".

Hikmət Hacıyev deyib:

"Prezident İlham Əliyev əminliyini bildirib ki, bu sanksiyalar Türkiyənin öz müdafiə qabiliyyətini gücləndirmək istiqamətində atdığı addımlara maneə yaratmayacaq. Türkiyənin bu məsələnin müvafiq işçi qrupu çərçivəsində obyektiv və siyasi baxımdan qərəzsiz şəkildə müzakirə edilməsi barədə təkliflərinə adekvat cavab verilməyib. Azərbaycan Türkiyəni, Türkiyə isə Azərbaycanı dəstəkləyir və ölkələrimiz daim bir-birinin yanındadır".

"Dekabrın 10-da Bakıda keçirilmiş Zəfər paradında Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı Azərbaycan və Türkiyənin birliyinin növbəti nümunəsidir", - deyə Hacıyev əlavə edib.

Qeyd edək ki, Türkiyə Xarici İşlər Nazirliyi də ABŞ-ın Türkiyəyə qarşı birtərəfli sanksiyalar tətbiq etməsi ilə bağlı qərarını qınayıb: 

"ABŞ, S-400-ün NATO sistemləri baxımından zəifliklər yaradacağını iddia edir. Türkiyə, NATO-nun da iştirak edəcəyi bir texniki işçi qrupu yaratmağı təklif etdi və dəfələrlə siyasi qərəzdən uzaqlaşaraq bu məsələnin obyektiv və real əsasda həllini təklif etdi. ABŞ bu məsələni dialoq və diplomatiya yolu ilə həll etmək təklifimizlə razılaşmayaraq birtərəfli sanksiyalara əl atdı".

Bildirilib ki, Türkiyə ABŞ-ın qərarına qarşı lazımı addımlar atacaq:

"Türkiyə, münasibətləri qaçılmaz olaraq mənfi təsir edəcək qərara qarşı lazımlı addımları atacaq. Türkiyə ayrıca öz milli təhlükəsizliyini təmin etmək üçün lazımlı gördüyü tədbirlərdən çəkinməyəcək. ABŞ-ı bu gün elan olunan haqsız sanksiya qərarına yenidən baxmağa dəvət edirik. Türkiyə bu məsələni dialoq və diplomatiya ilə ittifaq ruhunda həll etməyə hazırdır".

Teqlər:
Mayk Pompeo, dövlət katibi Mayk Pompeo, "S-400" zenit-raket kompleksləri, S-400 raketləri, ABŞ

Əsas mövzular