14:18 19 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
DÜNYA
Qısa URL
332 0 0

Nazir həmçinin vurğulayıb ki, Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşma 30 il sonra sülh üçün real şansdır

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 3 dekabr — Sputnik. Dağlıq Qarabağda atəşkəs haqqında razılaşma Türkiyə ilə Ermənistan arasındakı münasibətlərə müsbət təsir göstərə bilər. Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyənin xarici İşlər naziri Mövlud Çavuşoğlu videokonfrans formatında gedən ATƏT XİN başçılarının şurasında çıxışı zamanı bildirib.

"Biz Azərbaycanın ərazi bütövlüyünün saxlanılması nəzərə alınmaqla Qarabağda münaqişəyə beynəlxalq prinsiplər əsasında son qoymaq cəhdlərini dəstəkləyirik", - deyə Çavuşoğlu qeyd edib.

O, həmçinin vurğulayıb ki, Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşma 30 il sonra sülh üçün real şansdır: "Bu fakt regional sabitlik üçün, xüsusi ilə Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan münasibətləri üçün pozitiv xarakter daşıyır. Biz ATƏT-in Minsk qrupunun digər üzvlərini, həmçinin ATƏT-in Minsk qrupunun həmsədrlərini danışıqlar yolu ilə nizamlanma prosesini poza biləcək siyasi motivli hərəkətlərdən çəkinməyə çağırırıq".

Qeyd edək ki, Türkiyə və Ermənistan arasında diplomatik münasibətlər yoxdur, iki ölkənin sərhədi 1993-cü ildən bağlıdır.

Xatırladaq ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Beləliklə üç ölkə liderləri, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu) Kəlbəcər rayonu Azərbaycana qaytarılıb. Dekabrın 1-də Laçın rayonu Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

Əsas mövzular