21:55 25 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0226
  • EUR2.0705
DÜNYA
Qısa URL
117 0 0

Erməni hərbçinin anası qeyd edib ki, bundan sonra aksiyaları Ermənistan hökumətinin binası qarşısında etmək fikrindədirlər.

BAKI, 27 noyabr — Sputnik. Yerevanda övladları Azərbaycanın Qarabağ bölgəsində hərbi xidmət keçən erməni əsgərlərin valideynləri Ermənistan Müdafiə Nazirliyinin önündə etiraz aksiyası keçiriblər. Bu barədə Sputnik Ermənistan xəbər verir.

Onlar sərhədlərin bağlanılması və ərazilərin Azərbaycanın nəzarətinə keçənə qədər öz övladlarının Ermənistan ərazisinə qaytarılmasını tələb edirlər.

"Bizdə olan məlumata görə, Laçın şəhəri dekabrın 1-dək təhvil verilməlidir. Ona görə də qoy bu gün bizim övladlarımızı geri qaytarsınlar. Bizdə ərazilərin təhvil verilməsindən sonra onların taleyinin döyüşlərdə iştirak edənlər kimi olmayacağına dair zəmanət yoxdur", - deyə erməni hərbçinin anası bildirib.

O qeyd edib ki, bundan sonra aksiyaları Ermənistan hökumətinin binası qarşısında etmək fikrindədirlər.

Erməni əsgərləri, arxiv şəkli
© Ministry of Defence of The Republic of Armenia

Xatırladaq ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu) Kəlbəcər rayonu Azərbaycana qaytarılıb. Dekabrın 1-də Laçın rayonunun Azərbaycana qaytarılması nəzərdə tutulur. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

Teqlər:
hərbçi, Qarabağ, Yerevan, Ermənistan, Müdafiə Nazirliyi

Əsas mövzular