07:57 02 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
18 0 0

Parlamentdəki müxalifət partiyalarından olan deputatlar iclas zamanı hərbi vəziyyətin ləğvini və Baş nazirə etimadsızlığı müzakirə etmək niyyətində olub.

BAKI, 19 noyabr — Sputnik. Ermənistan Parlamentinin müxalif deputatları istənilən mümkün vasitə ilə bu ölkənin Baş naziri Nikol Paşinyanı istefaya göndərmək niyyətindədir. Bu barədə Sputnik Ermənistan xəbər verir.

Çiçəklənən Ermənistan fraksiyasının rəhbəri Edmon Marukyan vurğulayıb ki, hakim partiyanın deputatları parlamentin növbədənkənar iclasını pozub. Bu iclas zamanı müxalif deputatlar hərbi vəziyyətin ləğvini və Baş nazirə etimadsızlığı müzakirə etmək niyyətində olub.

Onun sözlərinə görə, Paşinyanın yerinə digər şəxs olsaydı, yeni rəhbər hər bir kənd üçün danışıqlar aparardı:

"Paşinyan isə Ağdam rayonunun kəndləri kimi heç bir müzakirə olmadan kəndləri təhvil verdi. Bu cür məsələlər daimi olaraq ortaya çıxacaq, ölkənin indiki rəhbəri isə onları həll edə bilmir".

Xatırladaq ki, ötən gün Ermənistanın Ağdərə rayonunun da 7 kəndini Azərbaycana təhvil verəcəyi məlum olub.

Məlumata əsasən, kəndlər (Mollalar, Qızıl Kəngərli, Seysulan, Papravənd, Boyəhmədli, Çiləbürt və Əliağalı) Azərbaycan, Rusiya və Ermənistan liderlərinin noyabrın 10-u imzalanan razılaşmasına əsasən Azərbaycana veriləcək.

Məlumatda qeyd olunur ki, Ağdam rayonu noyabrın 20-si Azərbaycana qaytarılır. Təhvil veriləcək yaşayış məntəqələri Qarabağ münaqişəsinə qədər Ağdam rayonunun tabeliyində olub.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Liderlər Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-dək Azərbaycan Respublikasına qaytarılır. 2020-ci il noyabrın 15-də (sonradan bu müddət noyabrın 25-dək artırılıb) Azərbaycan Respublikasına Kəlbəcər rayonu, dekabrın 1-də Laçın rayonu qaytarılır. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

Əsas mövzular