Media: İsrail İranın nüvə obyektinə hücum edib

© © Atomic Energy Organization of Iran via APİranın nüvə obyekti
İranın nüvə obyekti - Sputnik Azərbaycan
Abunə olmaq
İranın Atom Enerjisi Təşkilatının rəsmi nümayəndəsi Bəhruz Kamalvəndi bildirib ki, İran Nətənzdəki obyektdə müasir sentrifuqaların istehsalını planlaşdırırmış.

BAKI, 6 iyul — Sputnik. İsrail İranın Nətənzdəki nüvə obyektində partlayıcı qurğu işə salaraq diversiya həyata keçirib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "The New York Times" qəzetinə Yaxın Şərq ölkələrindən birinin kəşfiyyatında anonim mənbə bildirib.

İranın Atom Enerjisi Təşkilatı keçən cümə axşamı Nətənzdə uranın zənginləşdirilməsi zavodunda tikilməkdə olan obyektlərdən birində baş vermiş hadisə barədə məlumat verib. Qeyd edilib ki, heç kim xəsarət almayıb, radioaktiv materialların sızması baş verməyib. Bazar günü isə İranın Atom Enerjisi Təşkilatının rəsmi nümayəndəsi Bəhruz Kamalvəndi bildirib ki, İran Nətənzdəki obyektdə müasir sentrifuqaların istehsalını planlaşdırırmış.

Anonim mənbə "The New York Times" qəzetinə deyib ki, İsrail obyekt daxilində güclü partlayıcı qurğu quraşdırıb.

İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) xüsusi təyinatlı bölməsinin nümayəndəsi qəzetə verdiyi açıqlamada kiminsə partlayıcıdan istifadə etdiyini təsdiqləyib. İsrail rəsmiləri isə qəzetə dəqiq şərh verməsələr də İranın "nüvə silahına malik olmasından irəli gələn təhlükə"ni vurğulayıblar.

"The New York Times" mənbəyə istinadən xəbər verir ki, partlayış nəticəsində yeni sentrifuqaların yerləşdiyi obyektin böyük bir hissəsi dağılıb. Lakin nəşr hadisənin sənaye qəzası nəticəsi baş verdiyini də istisna etmir.

"Associated Press" agentliyi də öz növbəsində bildirib ki, sentrifuqaların istehsalı zavodunda baş vermiş yanğının səbəbi diversiya ola bilər.

 

Xəbər lenti
0