00:00 27 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
2310

Qətərin hərəkətlərindən ilk zərər çəkən amerikalılar olacaq. Məhz onlar son illərdə maye təbii qazı fəal şəkildə Avropa ölkələrinə göndərirlər.

BAKI, 18 may — Sputnik, Natalya Dembinskaya. Qaz qiymətləri düşür – isti qışdan sonra qaz anbarları dolub və pandemiya tələbi azaldıb. Ən çətin vəziyyətə isə maye təbii qazın əsas tədarükçüsü olan Qətər düşüb. Analitiklər xəbərdarlıq edirlər: Səudiyyə Ərəbistanının neft bazarında etdiyi kimi Qətər də qaz böhranının fəsadlarının öhdəsindən gəlmək üçün qiymət müharibəsinə başlaya bilər.

Vəziyyət barədə daha ətraflı materialımızda oxuya bilərsiniz.

Çətin seçim

İlin əvvəlindən qiymətlər demək olar ki, iki dəfə azalıb: Avropa və ABŞ-da mavi yanacaq 1999-cu ildən etibarən minimum səviyyədə satılır.

Nyu-Yorkun "Statar Capital" qaz hec-fondunun təsisçisi Ron Ozer yanvarda xəbərdarlıq edib ki: "Qaz bazarı eyni anda həm yüksək tədarükü, həm də isti havanı həzm edə bilməz".

Pandemiya tələbata yeni zərbə vurub. Bu isə Qətəri çox ağır vəziyyətə salıb. Krallıq böyük itkilər verir və tezliklə çətin seçim qarşısında qalacaq: istehsalı azaltmaq və ya istehlakçılara böyük endirimlər təklif edərək qiymət müharibəsinə başlamaq. Əks təqdirdə, Qatar öz qazının qiymətinin nisbətən yüksək olması səbəbindən bazar payından məhrum olacaq və liderliyini Avstraliyaya itirəcək.

"Bloomberg" xəbərdarlıq edir ki, dünyanın ən böyük maye təbii qaz ixracatçısı olan Qətər zəif tələbat və böyük saxlama xərcləri üzündən tezliklə bazar payı üçün döyüşə daxil ola bilər.

Hələ fevralda Doha maye təbii qaz axınını koronavirusun tüğyan etdiyi Asiyadan Avropaya istiqamətləndirib. Lakin bu kömək etməyib. Pandemiya köhnə dünyanı da bürüyüb və orada da enerji resurslarının alışı kəskin şəkildə azalıb.

 Neft buruğu, arxiv şəkli
© REUTERS / Angus Mordant

Qətər üçün variantlardan biri istehsalı azaltmaqdır, amma bu, bütün iddialı planların çökməsi deməkdir. Belə ki, ötən ilin yanvarında krallıq diqqətini məhz maye təbii qaza yönəltmək üçün OPEC-dən çıxdığını elan edib - Qətər illik tədarükü 2024-cü ilədək 77 milyon tondan 110 milyon tona qədər, 2027-ci ilədək isə 126 milyon tona qədər artırmağı planlaşdırırdı.

Həmin vaxt Energetika naziri Saad Ben Şrid Əl-Kaabi bildirib ki, bunun üçün bütün resurslar var: xüsusilə, Ras-Laffan şəhəri yaxınılığındakı "Şimal" yatağının yeni sahələri. Bundan başqa, Qətər qazın sıxılması üçün 2024-cü ilə qədər dörd istehsal xəttini işə salmaq niyyətindədir.

"İxracın azalması dövlət büdcəsini gəlirlərdən məhrum edir və Avstraliya həqiqətən də Qətəri sıxışdırmağa qadirdir", — "Bloomberg" bildirir.

Lakin Qətər qiymət müharibəsinə başlasa, apreldə neftlə olduğu kimi, qaz qiymətləri də mənfi göstəriciyə düşə bilər. Amma əsas xoşagəlməz hal ondan ibarətdir ki, hətta istehsalın maya dəyərinin aşağı olması halında belə hasilat əlverişsiz olacaq.

Kim itirəcək

Ekspertlər vurğulayırlar ki, Qətərin maye təbii qaz qiymətini görünməmiş şəkildə aşağı salması onsuz da həddindən artıq dolmuş bazara mənfi təsir göstərəcək.

Lakin Rusiya başqalarından az zərər görəcək.

Kaliforniya sahillərində neft tankerləri
© REUTERS / U.S. Coast Guard / Petty Officer Third Class Aidan Cooney / Handout

"Yerli təchizat strukturunda maye qazın rolu nisbətən azdır. O ki qaldı boru kəməri ilə daşınan qaza, o, uzunmüddətli müqavilələr əsasında ixrac edilir və əgər bu qazdan imtina olunarsa, böyük cərimələr tətbiq olunacaq. Odur ki, karbohidrogenlərin satışından əldə olunan gəlirlər hesabına formalaşan Rusiya büdcəsini gözləyən fəlakətdən danışmaq tezdir", — müstəqil sənaye eksperti Aleksey Xazanov qeyd edir.

İqtisadçı hesab edir ki, əgər Qətərdən Türkiyəyə qaz kəməri çəkilsəydi krallıq Rusiyanın qaz ixracından əldə etdiyi gəlirləri aşağı sala bilərdi. Lakin Qətərin Səudiyyə Ərəbistanı ilə xarici siyasətdə fikir ayrılıqları və Suriyadakı vətəndaş müharibəsi bu layihəyə mane oldu.

Qətərin hərəkətlərindən ilk zərər çəkən amerikalılar olacaq. Məhz onlar son illərdə maye təbii qazı fəal şəkildə Avropa ölkələrinə göndərirlər. İndi isə bu strategiya dalana dirənib: avropalı istehlakçılar artıq okeanın o tayından gələn xammaldan imtina edirlər.

Əsas mövzular