16:16 22 Yanvar 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
19 0 0

Sergey Lavrovun doğru qeyd etdiyi kimi, ünsiyyətin olması həmişə onun yoxluğundan daha yaxşıdır. Xüsusilə də ikitərəfli münasibətlərin hazırkı, çox çətin dövründə.

Rusiya Federasiyası Maliyyə universitetinin Politologiya bölməsinin dosenti Gevorg Mirzayan Sputnik üçün

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov dekabrın 10-da amerikalı həmkarı Mayk Pompeonun dəvəti ilə Vaşinqtona səfər edib və burada təkcə dövlət katibi ilə deyil, həm də ABŞ Prezidenti Donald Tramp ilə görüşüb. Nazirlə prezidentin müzakirə etməyə mövzuları var idi - həm "ali" və populyar, həm də həqiqi problemlər və münasibətlərin perspektivləri haqqında.

Şəxsən mənə de

İlk baxışdan görüşlərin vəzifələrə uyğun olmadığı görünür. Lavrov Rusiyanın Xarici İşlər naziridir və prezidentlə deyil, yalnız amerikalı həmkarı ilə görüşməlidir. Ancaq bu protokol qaydası təkcə amerikalılar tərəfindən deyil, həm də rusiyalılar tərəfindən pozulur (Putin və Pompeonun bu ilin mayındakı görüşünü xatırlayın). Prezident həqiqətən də danışmaq üçün bir mövzu olanda və ya onun (dövlət başçısı) həmkarının nədənsə gələ bilməməsi zamanı digər ölkənin xarici işlər naziri ilə görüşür. Həqiqətən də, Sergey Lavrovun tamamilə doğru qeyd etdiyi kimi, ünsiyyət saxlamaq faydalıdır və ünsiyyətin olması həmişə onun yoxluğundan daha yaxşıdır. Xüsusilə də ikitərəfli münasibətlərin hazırkı, çox çətin dövründə.

Əlbəttə ki, heç də hamı onunla razı deyil. Nümayəndələr palatasının Kəşfiyyat komitəsinin rəhbəri Adam Şiff (Donald Trampın impiçmenti işinin "mühərriklərindən" biri) qəzəblə dolu "Twitter" paylaşımında sözügedən görüşün gerçəkləşməsini tənqid edib. "Düşmənləri dəvət edirlər, müttəfiqləri isə buraxmırlar... Bu gün onlar Rusiya təbliğatının uğurunu qeyd edə bilərlər", - Şiff iddia edib. Amerika mətbuatı da razı deyildi – görüşlə bağlı deyil, onun mediaya qapalı olmasından.

Danışıqların mahiyyətinə toxunsaq, Trampın sözlərinə görə, "Rusiyanın Xarici İşlər naziri və nümayəndələri ilə baş tutmuş çox yaxşı görüşdə" tərəflər bir çox məsələləri müzakirə ediblər. Bunlar arasında ikitərəfli ticarətin perspektivləri, İran, Şimali Koreya, ortamənzilli və yaxınmənzilli raketlərin ləğvinə dair müqavilə, nüvə silahlarına nəzarət, habelə Amerikadakı seçkilərinə müdaxilə məsələsi olub. Çox güman ki, müdaxilə məsələsi həqiqətən ciddi şəkildə müzakirə olunmayıb (nə müzakirə ediləcək ki?), amma Tramp bu məsələni mövzular siyahısına daxil etməyə bilməzdi, çünki əks təqdirdə Konqres və demokratik mətbuat onu diri-diri yeyərdilər.

Digər tərəfdən, Trampın yenə də demokratlar tərəfindən tənqid olunmaması üçün xüsusi olaraq qeyd etmədiyi bir mövzu da var idi. Söhbət Ukraynadan gedir – Konqresin fikrincə, Tramp hər bir yolla bu ölkəyə təzyiq göstərərək, Kiyevi daxili və xarici siyasət məqsədlərində istifadə etmək istəyir.

Bir sıra ekspertlər əmindirlər ki, Prezident Tramp ABŞ-ın digər məsələlərdə (İran, Şimali Koreya, həmçinin siyahıda göstərilməyən Suriya və Çin) güzəşt müqabilində Kiyevə real dəstəkdən Moskvanın xeyrinə imtina etməyə hazırdır. Buna görə də Tramp üçün digər mövzularla yanaşı, Sergey Lavrovdan "Normand" sammitinin nəticələri haqqında eşitmək şübhəsiz ki, çox maraqlı olardı: o, kommünikenin mətnini deyil, görüşdən və çox saatlıq danışıqlardan sonra Rusiya hökumətinin Ukrayna Prezidenti Zelenskini necə qəbul etdiyi, onunla razılaşmaya gəlməyin nə qədər mümkün olduğu haqqında eşitmək istəyib. Özü də Lavrovla ikitərəfli görüşdə bu mövzunu müzakirə etmiş Pompeodan deyil, şəxsən rusiyalı nazirin özündən eşitmək istəyib.

Yalnız "ali" mövzular haqqında

Maraqlıdır ki, hər iki tərəfdən media və ekspertlər danışıqlarla bağlı fikirlərini səsləndiriblər. Amerikalılar, şübhəsiz ki, Rusiyanın guya seçkilərə müdaxilə etməsinə dair bütün mümkün mülahizələri irəli sürüblər. Onlar Lavrovun yazışmaları qapalı kanallar vasitəsilə açmaq təklifini xüsusilə şişirdiblər. Amerikalı jurnalistlərin fikrincə, bu mövzu onların oxucularını hər şeydən çox maraqlandırır.

"Rusiyalı baş diplomat Vaşinqtonda seçkiyə müdaxilədə günahsız olduğunu etiraf edir", - "Politico" nəşrinin başlıqlarından birində deyilir. İngilis versiyasında bu, "pleads innocence" - təqsirləndirilən şəxsin məhkəmə zamanı istifadə etdiyi ifadə kimi səslənir. Aydındır ki, Amerika mətbuatı Lavrovun Birləşmiş Ştatlar xalqı qarşısında mühakimədə olduğu fikrində imiş.

Lavrovun mətbuat konfransının mətninə və rusiyalı jurnalistlərin şərhlərinə əsaslansaq, Moskvanın əsas diqqəti silahlara nəzarət məsələlərinə - hər şeydən əvvəl Strateji silahların azaldılmasına dair müqavilənin uzadılmasına yönəltdiyi məlum olur. Rusiya bu ilin sonuna qədər bu müqaviləni uzatmaq üçün Amerikaya hər bir variantı təklif edir ki, məsələ sazişin müddətinin bitəcəyi 2021-ci ilədək gecikdirilməsin.

Şübhəsiz ki, strateji hücum silahları mövzusu Rusiyanın guya 2016-cı ildə ABŞ seçkilərinə müdaxiləsindən daha vacibdir, lakin bu, danışıqlar prosesində əsas məsələ olmamalıdır. Heç vaxt uçmayacaq (çünki uçarsa, hətta SHS müqaviləsinin bütün şərtlərinin yerinə yetirilməsi halında da bəşəriyyətin sonuna səbəb olacaq) raketlərin sayının azaldılması barədə danışmaq vacibdir və lazımdır, ancaq bu müzakirələr Moskva ilə Vaşinqtonun yaxınlaşmasına kömək etmir. İkitərəfli münasibətlərdəki böhranı aradan qaldırmaq, etimad yaratmaq və nəhayət amerikalıların Rusiya ilə əməkdaşlıqdan əsl mənfəəti anlamaları üçün razılaşmaların və qarşılıqlı anlayışın "ali", "yüksək" mövzulara deyil, aşağı və dünyəvi mövzulara, yəni Rusiya və ABŞ-ın müəyyən ümumi maraqlarının olduğu Suriya, Ukrayna, Şimali Koreya, Çin və İran kimi beynəlxalq aktual məsələlərə əsaslanması lazımdır.

Əslində Tramp – praqmatist kimi – belə bir müzakirəyə hazırdır. Və onun çoxdan öz arzular siyahısı var: KXDR-in denuklerizasiyası və ona diplomatik təzyiqin göstərilməsi, Rusiya-Çin strateji əməkdaşlığının bir qədər daraldılması, İranın Suriyada və bütün Yaxın Şərqdəki təsirini məhdudlaşdırmaq tədbirləri, Ukraynadakı modus vivendi. Əlbəttə ki, Moskva bütün bunların hamısını müzakirə etməyə hazır deyil - qismən qəbuledilməz şərtlər, qismən də Trampın Konqresdəki "demokratik səlibçilər"in müqavimətini qıraraq mümkün sövdələşmələri reallaşdıra biləcəyinə dair qeyri-müəyyənlik üzündən.

Ancaq bildiyimiz kimi, cəfa çəkməyən, səfa görməz. Səfanı görmək üçün isə mübahisə etmək yox, tez-tez görüşmək və danışmaq lazımdır.

Əsas mövzular