08:47 19 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8804
ABŞ əsgəri Əfqanıstanda, arxiv şəkli

Tramp üçün Əfqanıstan tələsi: Getmək də olmur, qalmaq da

© AFP 2019 / JONATHAN ERNST
DÜNYA
Qısa URL
39420

ABŞ hazırda Kabili öz başına atıb gedə bilmir, çünki Talibanın zərbələri altında əfqan hökumətinin süquta uğraması Amerikanın geosiyasi, hərbi və iqtisadi baxımdan zəifliyinin göstəricisi olacaq

BAKI, 11 sentyabr — Sputnik. “Talibanla danışıqlar "öldü". Bunu ABŞ Prezidenti Donald Tramp taliblərlə iqamətgahında baş tutması gözlənilən görüşdən bir neçə saat əvvəl "Twitter" sosial şəbəkəsində bəyan edib. Elə görünür ki, amerikalılar Əfqanıstan məsələsində Sovet İttifaqının 30 il əvvəl qarşılaşdığı eyni problemlərlə üzləşiblər.

Sputnik Azərbaycan xəbər verir ki, RİA Novosti-nin siyasi şərhçisi İrina Alksnis mövzu ilə bağlı şərhində Amerikanın hazırkı vəziyyəti ilə Sovet İttifaqının 30 il əvvəl qarşılaşdığı vəziyyət arasında analogiyalar aparıb.

Danışıqlar baş tutmadı - əsl səbəb

Amerika mediasında sözügedən məsələ son bir neçə gündür əsas xəbər olaraq qalır. Belə ki, bazar günü Kemp-Devid prezident iqamətgahında Trampın şəxsi təşəbbüsü əsasında Talibanın və Əfqanıstan Prezidenti Əşrəf Qaninin nümayəndələri ilə məxfi görüşlər keçirilməli idi. Görüşlərdə ABŞ və taliblər arasında sülh sazişinin imzalanması da gözlənilirdi. Qeyd edək ki, belə bir saziş Amerikaya qoşunlarını Əfqanıstandan tamamilə çıxartmaq imkanını verəcəkdi.

​Lakin görüşdən bir neçə saat əvvəl Tramp hər şeyi ləğv edib. O, səbəb kimi sentyabrın 5-i Kabildə bir amerikalı hərbçi də daxil olmaqla 12 nəfərin ölümünə səbəb olmuş terror hücumunu göstərib. Taliblər hücuma görə məsuliyyəti öz üzərilərinə götürüblər.

"The Washington Post" nəşri isə məlumat verib ki, sözügedən terror hücumu yox, Tramp administrasiyası daxilində mövcud fikir ayrılığı taliblərlə danışıqların iflasa uğramasının əsl səbəbi olub.

Daha dəqiq desək, belə bir fikir ayrılığı Dövlət katibi Mayk Pompeo və "qırğı" siyasətçi, milli təhlükəsizlik üzrə sabiq müşavir Con Bolton arasında mövcud olub. Belə ki, dünən Tramp tərəfindən vəzifəsindən azad edilmiş Bolton qəti şəkildə terrorçularla hər hansı bir sazişin bağlanmasına qarşı çıxıb.

Amerikalı jurnalistlər həmçinin xatırladıblar ki, təxminən bir il əvvəl də Taliban amerikalıların Əfqanıstanda ölümünə səbəb olub, lakin bu heç də Ağ Evin taliblərlə qarşılıqlı əlaqədən imtina etməsinə gətirib çıxarmayıb.

Trampın uzaqgörənliyi
Con Bolton
© REUTERS / GUADALUPE PARDO

Burada Trampın vəziyyəti sezmə qabiliyyəti təqdirə layiqdir. Belə ki, irəlidən gələn prezident seçkilərini nəzərə alsaq Amerika liderinin nəinki taliblərlə saziş bağlamaq, hətta onları iqamətgahında qəbul etmək ideyası onun karyerasına ciddi zərbə endirə bilərdi.

Qeyd edək ki, Amerika lideri talibləri Kemp-Devidə çağırmaq ideyasına görə artıq tənqid atəşinə tutulub. Nümayəndələr palatasının üzvü Liz Çeyni (onun atası Dik Çeyni 2001-ci il sentyabrın 11-də baş vermiş terror hücumu zamanı ABŞ-ın vitse-prezidenti idi) Trampın talibləri qəbul etmək niyyətinə qarşı çıxaraq qeyd edib: "Talibanın heç bir üzvü ora (iqamətgaha – red.) bir addım da ata bilməz. Heç vaxt".

Nəzərə alsaq ki, bütün bu hadisələr 11 sentyabr hücumunun 18-ci ildönümü ərəfəsində baş verib, Trampın görüşü ləğv etmək qərarı onu son anda çox ciddi problemlərdən xilas edib.

ABŞ-Rusiya analogiyası

Vaşinqtonun Əfqanıstanla bağlı vəziyyətinə gəldikdə isə demək olar ki, ABŞ 30 il əvvəl Sovet İttifaqının düşdüyü eyni tələyə düşüb. Belə ki:

1. Əfqanıstanda hərbi yolla qələbə qazanmaq mümkün deyil;

2. Status-kvo ABŞ üçün baha başa gəlir – 2001-ci ildən bəri təxminən 740 milyard dollar xərclənilib (bura digər itkilər, o cümlədən insan itkiləri daxil deyil);

3. Amerika cəmiyyəti artıq qır-saqqız kimi uzanmış hərbi kampaniyadan bezib.

Trampın Amerika qoşunlarını Əfqanıstandan çıxarmaq istəyi nə qədər böyük olsa da, "hər şeyi atıb çıxıb getmək" variantı da elə də yaxşı addım olmayacaq. Heç kəs şübhə etmir ki, amerikalıların getməsi ilə Əfqanıstanın hazırkı hökuməti süquta uğrayacaq və Taliban ölkənin ağasına çevriləcək. Burada 30 il əvvəl baş vermiş hadisələrlə analogiya aparmamaq mümkün deyil: sovet qoşunlarının Əfqanıstandan çıxmasından savayı, 1992-ci ildə Moskvanın yardımının (o cümlədən silah-sursat tədarükünün) kəsilməsi sovet tərəfdarı olan əfqan hökuməti üçün həlledici faktor oldu. Bu hadisədən sonra bir sıra faciəvi hadisələr, o cümlədən Prezident Nəcibullah Əhmədzainin dəhşətli qətli baş verdi.

ABŞ hazırda Kabili öz başına atıb gedə bilmir: ona görə yox ki, Vaşinqton hər hansı bir məsuliyyət hissi duyur; ona görə ki, Talibanın zərbələri altında əfqan hökumətinin süquta uğraması Amerikanın geosiyasi, hərbi və iqtisadi baxımdan zəifliyinin göstəricisi olacaq.

Əsas mövzular