14:35 20 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.9142
İmamoğlu tərəfdarları qələbəni qeyd edirlər, arxiv şəkli

Seçki bitdi, İmamoğlu qələbəsini qaytardı: Türkiyəni nələr gözləyir

© AFP 2019 / GABRIEL BOUYS
DÜNYA
Qısa URL
455 0 0

"Çox da uzaq olmayan bir dövrdə Türkiyədə çox böyük dəyişikliklərin şahidi olacağıq"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 24 iyun — Sputnik. İyunun 23-də İstanbulda təkrar bələdiyyə seçkiləri keçirilib. Seçkilərdə 10 milyon 570 min 354 seçicidən 8 milyon 925 min 63 seçici səsvermədə iştirak edib.

Rəsmi olmayan nəticələrə görə Əkrəm İmamoğluna (54,21 faiz) 4 milyon 741 min 868 seçici, Binəli Yıldırıma (44,99 faiz) isə 3 milyon 935 min 453 seçici səs verib. Bu nəticələrə görə, İmamoğlu Yıldırım üzərində 806 mindən çox fərqlə qələbə çalıb.

Maraqlıdır ki, hakim Ədalət və İnkişaf Partiyasının tələbi ilə ləğv edilən ilk seçkilərdə İmamoğlu cəmi 13 min səs fərqi qalib gəlmişdi. Bir çox ekspertlər hazırkı səs fərqini istanbulluların AKP-yə etirazı, hakim partiyadan üz döndərməsi kimi qəbul edərək, ölkədə fərqli proseslərin başlayacağını bildirilər.

Bundan əlavə, bu prosesdə kürd probleminə də fərqli baxış yaranıb. Belə ki, PKK-nın həbsxanada olan lideri Abdulla Öcalan vəkilləri vasitəsilə HDP-yə və kürdlərə müraciət edərək, seçkidə tərəfsiz qalmağa çağırmışdı. HDP-nin həbsxanada olan rəhbəri Səlahəddin Dəmirtaş isə onları İmamoğluna səs verməyə çağırmışdı.

Görünən odur ki, kürdlər Öcalanın deyil, Dəmirtaşın çağırışına səs verərək, seçkilərdə CHP namizədinə səs veriblər. Bu isə kürdlərin artıq Öcalanı lider hesab etmədiklərini, bu yarışda Dəmirtaşın qalib gəldiyini göstərir.

Bütün bunlardan sonra hamını bir sual düşündürür – İstanbul seçkilərindən sonra Türkiyədə nələr baş verəcək?

"İstanbulda keçirilən bələdiyyə seçkiləri AKP hakimiyyəti üçün böyük zərbədir və Ərdoğanın gələcək iqtidarı üçün təhlükə mənbəyidir. Çox da uzaq olmayan bir dövrdə Türkiyədə çox böyük dəyişikliklərin şahidi olacağıq".

Bunu politoloq Qabil Hüseynli İstanbul Böyükşəhər bələdiyyəsi sədri vəzifəsinə keçirilən təkrar səsvermə ilə bağlı danışarkən Sputnik Azərbaycan-a deyib.

Qabil Hüseynli, politoloq
© Sputnik / STR
Qabil Hüseynli, politoloq

Politoloq bildirib ki, Türkiyədə təkrar bələdiyyə seçkiləri ədalətli və demokratik keçdi: "Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) bütün səylərinə, əks-təbliğatına baxmayaraq xalq öz istədiyi şəxsin bələdiyyə sədri seçilməsinə səs verdi və beləliklə də xalqın iradəsi qalib gəldi".

"Türkiyədə iqtisadi depressiya, iqtisadi geriləmə, inflyasiya davam edir. Bu ölkədə iqtisadi inkişaf yox dərəcəsindədir. İnsanlar seçki qutusunda bunun cavabını verirlər. Bundan sonra Türkiyədə pozitiv meyllər başlayacaq" – deyə politoloq qeyd edib.

Politoloq Fikrət Sadıqov isə Sputnik Azərbaycan-a deyib ki, İstanbul böyük şəhər, meqapolis olsa da, bütün Türkiyə demək deyil: "Düzdür, vaxtilə İstanbulda fəaliyyət göstərən Ərdoğan da sonradan prezident postuna seçilə bildi. Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlunun bütün təbəqələri öz tərəfinə çəkə biləcəyi sual altındadır. Seçkilərdə qələbə qazanmaq məsələnin bir tərəfidir, ilk addımdır. Amma bundan sonra böyük şəhərə rəhbərlik etmək mürəkkəb bir məsələdir".

Fikrət Sadıxov – Qərbi Kaspi Universitetinin professoru
© Sputnik / Murad Orujov
Fikrət Sadıxov – Qərbi Kaspi Universitetinin professoru

"Birincisi, HDP-nin həmsədri Səlahəddin Dəmirtaş İstanbulda keçirilən seçkilərdə Əkrəm İmamoğluna dəstək çağırışı edib və kürdlər də seçkilərdə çox fəal iştirak ediblər. İkincisi, İstanbulda bir sıra problemlər var. İmamoğlu seçkiqabağı kampaniyasında bütün problemləri həll edəcəyini demiş, müxtəlif vədlər vermişdi. Bu da müəyyən nəticə verdi" – deyə politoloq qeyd edib.

Onun fikrincə, AKP namizədi, sabiq Baş nazir və Türkiyə Böyük Millət Məclisinin əvvəlki sədri Binəli Yıldırım zəif bir namizəd olub: "Düşünmürəm ki, Binəli Yıldırım Əkrəm İmamoğlunun qarşısında güclü rəqib ola bilərdi. Burada şəxsi qarşıdurma formatı da öz sözünü dedi. Çünki İmamoğlu aktivdir, müxtəlif vədlər verir. Amma bundan sonra hansı addımlar atılacaq hələlik sual altındadır".

"Düşünmürəm ki, İmamoğlunun seçilməsi ilə hakim partiyaya böyük zərbə vurulsun. Çünki Ərdoğan başda olmaqla AKP-də kifayət qədər yetkin və təcrübəli siyasətçilər var. Amma təbii ki, müəyyən mənfi nəticələri olacaq. Ola bilər partiya üzvləri arasında fikir ayrılığı, şübhələr yaransın, müəyyən kadr dəyişiklikləri baş versin" – deyə o əlavə edib.

Əsas mövzular