12:08 15 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.8748
Quldarlıq

Milyonlarla insan qul kimi yaşayır

CC0 / Public Domain Pictures / Slavery
DÜNYA
Qısa URL
8951 0 0

Bu gün dünyada milyonlarla insanın əməyi istismar edilir

BAKI, 10 mart — Sputnik. 15-19-cu əsrlərdə qulların sayı 13 milyon idisə, hazırda bu rəqəm 3 dəfə artaraq 40 milyon təşkil edir. Bu haqda məlumatı Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış qurumlarından biri olan Beynəlxalq Əmək Təşkilatı yayıb. Təşkilatın məlumatına görə, bu gün dünyadakı qulların 71 faizini qadın və qızlar təşkil edir. Uşaqların bu siyahıdakı payı isə 25 faiz, yəni 10 milyondur.

Hesabatda bu gün dünyada 40.3 milyon qulun 24.9 milyonunun isə məcburi əməkdə istismar edildiyi qeyd olunub. Onların öz istəkləri ilə deyil, təhdid altında işlədildikləri və əşya kimi bir əldən digərinə satıldıqları vurğulanıb. Bu qulların əsas işləri evləri təmizləmək, geyim istehsalı prosesində iştirak etmək, meyvə-tərəvəzləri yığmaqdır. Bundan başqa, onların əməyindən tikinti, xidmət və digər bu kimi sahələrlə də geniş istifadə olunur. 

BMT-nin açıqlamasına görə, 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatı ilə əlaqədar olaraq ölkədə aparılan tikinti işlərində də bu şəxslərin əməyindən istifadə edilir.

Qul əməyində istifadə olunan qadın və qızların əksəriyyəti isə insan alveri və cinsi istismarın qurbanına çevrilib.

“4.8 milyondan artıq qul Asiya və Sakit Okeanının ətraf ərazilərində yaşayır. Lakin bu gün qulların 1.5 milyonu dünyanın ən inkişaf etmiş ölkələrində yaşayır. Böyük Britaniyada isə əməyi istismar edilən belə şəxslərin sayı 13 mindir” – deyə hesabatda yayılan məlumatda qeyd olunub.

Bu gün quldarlığın dünyada böyük biznesə çevrildiyini açıqlayan BMT illik olaraq qullardan əldə edilən gəlirləri də açıqlayıb. Hesabata görə, bu əmək hər il 150 milyard dollar gəlir vəd edir. Dünyanın inkişaf etmiş ölkələri isə quldarlıq təsərrüfatından hər il 49.9 milyard dollar əldə edirlər. Hesabata görə, müasir quldarlıq bu gün 18-ci əsrdən fərqli olaraq 30 dəfə daha çox gəlir vəd edir.

“Bu gün dünyada bir qulun qiyməti 450 dollar dəyərindədir. Hər bir qul əməyi ilə sahibinə illik olaraq 8 min dollar gəlir gətirir. İnsan alverçiləri isə hər il bir quldan 36 min dollar gəlir əldə edir” – deyə hesabatın məlumatında vurğulanıb.

Təşkilat müasir quldarlığın Çin, Konqo, Hindistan, İndoneziya, Nigeriya, Şimali Koreya, Pakistan, Filippin kimi ölkələrdə daha geniş yayıldığını qeyd edib.

“Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın rəhbəri Sahib Məmmədov
“Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın rəhbəri Sahib Məmmədov

Bu gün ölkəmizdə də əməyin istismarı halları var. “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın rəhbəri Sahib Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycanla bağlı mənzərəni şərh edib.

S.Məmmədov bildirib ki, Azərbaycanda məcbur əməkdən istifadə ilə bağlı iki hal var: “Birincisi, “Cinayət Məcəlləsi”nin 144-2 maddəsində nəzərdə tutulan, insan alverinə səbəb olan məcburi əməkdir. Bu halda insan azadlığı məhdudlaşdırılmaqla məcburi əməyə cəlb olunur. Bundan başqa, inzibati xətaya səbəb olan məcburi əmək halı da mövcuddur. Burada məcburiyyət sözü şərti məna daşıyır. Çünki insanlar könüllü olaraq belə işdə çalışırlar. Sadəcə olaraq onlarla əmək müqaviləsi bağlanılmır. Ona görə də 8 saat əvəzinə 12 saat işləməyə məcbur edilirlər”.

“Eyni zamanda öhdəliklərində olmayan kənar işlərdə çalışmaq məcburiyyətində də qalırlar. Bu gün Azərbaycanda əmək müqaviləsi olmadan işə cəlb olunma halları çoxdur” – deyə S.Məmmədov əlavə edib.

Onun sözlərinə görə, Azərbaycanda inzibati xətaya səbəb olan məcburi əmək geniş yayılıb. İnsan alverinə səbəb olan məcburi əməklə bağlı hallar isə bir neçə dəfə qeyd olunub.

“Öncələr əcnəbilər abadlıq və digər işlərə cəlb olunurdu. Artıq dövlət miqrasiya xidməti tərəfindən bu halların qarşısı alınıb. Bundan başqa bəzi hallarda ölkəmizə turist kimi gələn əcnəbilər sonradan ev qulluğu işlərinə də cəlb edilir. Onlarla əmək müqaviləsi bağlanmadığı üçün isə sayları bizə bəlli deyil” – deyə S.Məmmədov bildirib.

Əsas mövzular