16:01 23 May 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.8952
ABŞ dolları, arxiv şəkli

İngiltərənin iflası, dolların dəyərdən düşməsi - 2019-cu il üçün dəhşətli proqnoz

CC BY 2.0 / peasap / I've got my eye on you!
DÜNYA
Qısa URL
5708 0 0

Varlı vətəndaşlar böyük məbləğdə vergi verməli olacaq. Məsələn ölkə tarixində ilk dəfə əmlaka proqressiv vergi tətbiq olunacaq

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 1 yanvar — Sputnik. Gələcək riskləri proqnozlaşdırmaq yaxşı analitikin ayrılmaz və ən əsas xüsusiyyətidir. Riskləri proqnozlaşdırmaq bacarığı isə gələcək investisiyaları düzgün olaraq yatırmaq baxımından olduqca önəmlidir. Onlayn investisiyalar sahəsində ixtisaslaşan Danimarkanın "Saxo Bank"ı 2019-cu il üçün proqnozunu açıqlayıb.

Bankın hesabatında qeyd edilir ki, 2019-cu ildə maliyyə bazarları ciddi zərbə alacaq və bu zərbədən ayağa qalxmaq olduqca çətin olacaq. "Saxo Bank"ın baş iqtisadçısı Stin Yakobsen vurğulayır ki, hər şeyin bir həddi var: "Bu hədd yaxınlarda baş tutacaq. Boş çəndə hərəkət edən dünya ayılmalı və mütləq islahatlar aparılmalıdır, başqa çıxış yolu yoxdur".

Bakıda Yeni İl
© Sputnik / Мурад Оруджев

Böyük kredit dövrü artıq gərginlik əlamətlərini göstərir, ona görə də yaxın gələcəkdə hər şey partlayışla nəticələnə bilər. Bundan sonra da mərkəzi banklar yenidən hər şeyi sıfırdan başlamalı və böhrandan çıxış yollarını axtarmalıdır: "Son nəticədə onların 2008-ci ildə daha çox vəsait çap etmək qərarları borc quyusunu daha da dərinləşdirdi. İndi isə bu proses nəzarətdən çıxır".

Onun sözlərinə görə, ümid var ki, 2019-cu ildə maliyyə bazarları dönüş edəcək və səhvləri üzərində işləməyə başlayacaq.

İngiltərənin iflası

Mümkün ssenarilərdən biri – hakimiyyətə leyboristlərin gəlməsindən sonra ingilis funtunun məzənnəsinin kəskin aşağı düşməsidir. "Saxo Bank"ın proqnozuna əsasən, Böyük Britaniyanın yeni baş naziri xalqa hərtərəfli proqressiv islahatlar və Avropa İttifaqından çıxmağa dair ikinci referendum keçirəcəyinə dair vədlər verən Ceremi Korbin olacaq. Xalqın dəstəyini qazanan leyboristlərin inamlı qələbəsindən sonra Korbin verdiyi vədləri həyata keçirməyə çalışacaq.

Yeni baş nazir ölkədə tüğyan edən qeyri-bərabərlik probleminə diqqət ayıracaq. Varlı vətəndaşlar böyük məbləğdə vergi verməli olacaq. Məsələn, ölkə tarixində ilk dəfə əmlaka proqressiv vergi tətbiq olunacaq. Bu, zəngin xarici ölkə vətəndaşlarının çətin ki, xoşuna gələcək və onlar kütləvi şəkildə aktivlərini ölkədən çıxaracaqlar. İngiltərə bankı isə yeni vəsaitlər çap etməli olacaq və yeni qiymətli kağızlar almaq əvəzinə, bu vəsaiti kasıb rayonların infrastrukturunun inkişafına, əlçatan mənzillərin, xəstəxana və məktəblərin tikintisinə yatıracaq.

Korbin, həmçinin söz verib ki, kommunal müəssisələri və dəmiryollarını dövlətin nəzarətinə qaytaracaq. Bu addım isə büdcəyə daxil olmaların xərclərdən az olması ( defisit ÜDM-in 5 faizi təşkil edə bilər) ilə nəticələnər.

"Saxo"nun proqnozlarına əsasən, aşağı təbəqədən olan insanları həyatını yaxşılaşdırmaq və islahatlar keçirmək cəhdi inflyasiyanın artması ilə nəticələnəcək. Kommersiya şirkətləri ölkənin Avropa İttifaqından çıxmasına görə investisiyaları azaldacaq. Bütün bu faktorlar milli valyutanın çökməsi ilə nəticələnəcək. Tarixdə ilk dəfə bir funtun məzənnəsi bir ABŞ dollarına bərabər olacaq.

Dolların dəyərdən düşməsi

Dolların özü də ABŞ prezidenti Donald Trampın fəaliyyəti nəticəsində dəyər itirə bilər. Federal Rezerv Sisteminin rəhbəri Cerom Pauel faiz dərəcələrinin artırılmasını təsdiqlədikdən sonra ABŞ iqtisadiyyatının çökməsi prosesi başlayacaq.

Məhz buna görə, Tramp yayda Paueli işdən çıxaracaq və onun yerinə faiz dərəcələrinin aşağı salınmasının tərəfdarı olan Minneapolis Federal Rezerv Bankının prezidenti Nil Kaşkarini təyin edəcək. Kaşkari söz verdiyi kimi, 5 trilyon dollar dəyərində yeni müddətsiz kuponsuz istiqraz vərəqələrinin alınması üçün kredit xətti açacaq ki, bu da Trampın infrastruktur layihələrinin maliyyələşməsinə sərf edilməlidir. Bu addımların ABŞ iqtisadiyyatında ÜDM-in 2007-2008-ci illərdə baş verən maliyyə böhranı nəticəsində yaranan itkiləri kompensasiya etməsi gözlənilir. Əslində isə bu, inflyasiyanın kəskin artmasına (6%) səbəb olacaq.

Beynəlxalq Valyuta Fondu və Ümumdünya bankı isə ÜDM hesablanmasından imtina edə bilər. Çünki bu göstərici artıq köhnəlib və aşağı xərcli yüksək texnoloji xidmətləri və ekoloji problemlər kimi müasir iqtisadiyyat üçün önəmli faktorları nəzərə almır. ÜDM-in əvəzinə yeni əsas iqtisadi göstərici - əmək məhsuldarlığı nəzərdə tutulub.

Günəş ABŞ-ı cəzalandıracaq

Maliyə analitiklərinin fikrincə gələn il olduqca isti olacaq. Hava şəraitinin anomal keçməsi bütün dünyada panikaya səbəb olacaq. Qlobal istiləşmə ilə mübarizə üçün Ümumdünya nəqliyyat vergisi tətbiq olunacaq. Yeni vergi aviasiya və gəmi daşımalarına şamil olunacaq. Təbiətə buraxılan CO2 qazının hər bir tonuna görə daşıma şirkətləri 50 dollar ödəməli olacaq.

Belə bir məhdudiyyətin tətbiq olunmasının əleyhdarı həmişə Çin olub, lakin 2018-ci ildə bu ölkə ətraf mühitinin qorunması və zərərli maddələrinin ətrafa buraxılmasının qarşısını almaq siyasətini yürüdür. Aviasiya və dəniz daşımaları həyata keçirən şirkətlər xərclərin kəskin artması ilə qarşılaşacaq. Bu da son nəticədə qiymətlərin artmasına səbəb olacaq. Müqayisə üçün, hazırda Avropada orta hesabla ətraf mühitə atılan tullantıya görə 15 avro ödənilir. Logistika xərclərinin artması ümumilikdə dünyada qiymət artımına səbəb olacaq ki, bu da aviaşirkətlərinin səhmlərinin aşağı düşməsi ilə nəticələnəcək.

2019-cu ildə günəş aktivliyinin növbəti 25 illik fəallıq dövrü başlayır. Buna görə də Qərb yarımkürəsində günəş fırtınası baş verəcək. Fırtına nəticəsində, peyklər də daxil olmaqla, həssas olan elektrik avadanlıqlarının böyük əksəriyyəti sıradan çıxacaq. Ümumi zərər 2 trilyon dollar ola bilər.

Qeyd edək ki, "Saxo Bank"ın proqnozları heç də həmişə düzgün çıxmır. Belə ki, bankın 2018-ci il üçün proqnozlarında Avropa İttifaqına nəzarətin "Vişeqrad qrupu" (Polşa, Çexiya, Slovakiya və Macarısan) və onlara qoşulan Avstriyaya keçəcəyi qeyd olunurdu.

Amma bankın 2018-ci ildə bitkoinlə bağlı proqnozu düz çıxıb. Belə ki, bankın proqnozlaşdırdığı kimi kəskin qiymət artımından sonra Bitkoinin qiyməti aşağı düşüb. Bankın proqnozlarına əsasən, 2019-cu ilin əvvəlində bitkoinin dəyəri 1000 dollar ətrafında dəyişəcək.

Əsas mövzular