11:40 17 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
DÜNYA
Qısa URL
232 0 0

Ərzurumda ilk görmək istəyim yerlədən biri Atatürkün ev muzeyi idi

İradə Cəlil, Sputnik Azərbaycan

II yazı…

BAKI, 18 may — Sputnik. Ərzurumda olduğum 4 gündə yağış çox gəzməyə imkan vermədi. Amma "gəlmişəm, görməliyəm" prinsipi ilə Ərzurum qalasına, Ərzurum evlərinə və Atatürkün ev muzeyinə baş çəkə bildim.

Yerli əhalinin sözlərinə görə, Ərzurumun tarixi eramızdan əvvəl 4-cü minilliyə gedib çıxır. Şəhərin adı "arzi" və "Rum" sözlərinin birləşməsinin günümüzdə səslənən formasıdır. Mənası da adından göründüyü kimi Rum, yəni Bizans torpağı deməkdir.

Atatürkün ev muzeyi…

Ərzurumda ilk görmək istəyim yerlədən biri Atatürkün ev muzeyi idi. Muzey XIX əsrin əvvəllərində Ərzurum əşrəflərindən biri tərəfindən tikilib. 1915-1916-cı ildə bina Alman konsulluğu kimi istifadə edilib. 1918-ci ildə Ərzurumun qurtulması zamanı Valiliyin xidmətinə verilib. 1919-cu ildə Vali Münir Akkaya getdikdən sonra Hüseyn Rauf və dostları Mustafa Kamal Atatürklə birlikdə burada 52 gün qalıb işləyiblər.

Mustafa Kamal Atatürkün ev-muzeyinin divarına vurulmuş lövhə
© Sputnik / Irade JELIL
Mustafa Kamal Atatürkün ev-muzeyinin divarına vurulmuş lövhə

Cümhuriyyətin elan edilməsindən sonra — 1924-cü ildə Atatürkün həyat yoldaşı Lətifə xanımla birlikdə yolu Ərzurumdan düşüb. Ərzuruma gələn Mustafa Kamala şəhərin açarları və binanın çıxarışı hədiyyə edilib.

Atatürkün Ərzurumdakı ev-muzeyindəki otaqlardan biri
© Sputnik
Atatürkün Ərzurumdakı ev-muzeyindəki otaqlardan biri

Hazırda Türkiyə Mədəniyyət Nazirliyinin balansında olan bina muzey kimi istifadə edilir. Burada Atatürkün geyimləri, yataq otağı, toplantı otağı, həmçinin digər əşyaları da nümayiş etdirilir. Muzeyə giriş pulsuzdur.

Atatürkün Ərzurumdakı ev-muzeyi
© Sputnik / Irade JELIL
Atatürkün yataq otağı

Muzeydə Atatürkün həyatı və fəaliyyəti ilə bağlı bütün məlumatlar yer alıb. Hətta bu məlumatları oxumağa səbri çatmayanlar üçün tarixi video görüntülərin nümayiş olunduğu otaq da var. Bu otaqda bir-iki saat oturmaqla Atatürk haqqında müəyyən bilgilərə sahib olmaq mümkündür.

Ərzurumda tarixi abidələr, məkanlar bir-birindən piyada gediləcək qədər yaxın məsafədədir.

Ərzurum qalası…

Şəhərin görməli yerlərindən biri də Ərzurum qalasıdır. Hazırda binada restavrasiya işləri getdiyi üçün qalaya daxil olmaq mümkün deyil. Ancaq qala muzey kimi Türkiyə Mədəniyyət Nazirliyinin balansındadır.

Ərzurum qalası
© Sputnik / Irade JELIL
Ərzurum qalası

Qalanın V əsrdə bizanslılar tərəfindən tikildiyi təxmin edilir. Tarix boyu sasanilərin, farsların, ərəblərin, romalıların, bizanslıların əlində olan qala XI əsrdə türklərin əlinə keçib. Daxili qalada Ərzurumdakı ilk Türk-İslam əsərlərindən Saltukoğulları dövrünə aid qala məscidi və Tepsi Minarə var.

Ərzurum qalası
© Sputnik / Irade JELIL
Ərzurum qalası

Ərzurum qalası yerləşən təpənin üzərində bir daxili qala və bunu əhatəyə alan xarici qala da var. Hazırda xarici qala divarları sıradan çıxıb. Daxili qala divarlarının eni isə 2-2,5 metr arasındadır.

Ərzurum qalası
© Sputnik / Irade JELIL
Hal-hazırda qala divarlarının bir hissəsində təmir-bərpa işləri aparılır

Qala muzey kimi istifadəyə verildiyi zaman ziyarətin qiyməti 5 türk lirəsi (1.90 manat) olub. Qalanın ətrafında gəzənlər, şəkil çəkdirənlər çox olsa da, hazırda təmir işləri görüldüyü üçün muzey ziyarətçilərin üzünə bağlı idi.

Ərzurum evləri…

Qaladan bir qədər kənarda isə Ərzurum evləri yerləşir. Məkan hazırda restoran kimi fəaliyyət göstərir. Qiymətlər baha olduğu üçün çox adam bura sadəcə ziyarət məqsədilə gəlir. Ziyarətin qiyməti isə cəmi 3 türk lirəsidir (1.20 manat).

Əruzurum evləri unikal restoran-evdir
© Sputnik / Irade JELIL
"Əruzurum evləri" unikal restoran-evdir

Digər yerlərdən fərqli olaraq bu restoranda çayın, qəhvənin qiyməti belə 3 dəfə bahadır. Ancaq məkanın gözəl ab-havası var. Bura daxili olanda Osmanlı dövrü göz önünə gəlir. Osmanlı insanının geyimləri, istifadə etdiyi əşyalar bu ev-restorana yığılıb. İçəridən isə qəribə ocaq qoxusu gəlir. Restorana daxil olanda keçmişə düşdüyünü təsəvvür edirsən.

Əruzurum evləri
© Sputnik / Irade JELIL
Burada hər şey Osmanlı dövrünün məişətinə uyğunlaşdırılıb

Burada oturub türk qəhvəsi içə-içə türkü dinləməyin həzzini isə izah etmək mümkünsüzdür. Əgər bir gün yolunuz Ərzuruma düşərsə, harasa getmək imkanlarınız məhdud olsa belə, türkü dinləmək üçün bu ev-restorana gedin.

Əruzurum evləri
© Sputnik
Amma Osmanlı mühitinə düşməyin biraz xərci var — bu məkanda qiymətlər digər yerlərdəkindən 2-3 dəfə bahadır

Ərzurumu digər Türkiyə şəhərlərindən fərqləndirən amil onun insanıdır. Bəli, Ərzurum insanı fərqlidir, cana yaxındır, başa düşəndir. Ərzurumda qadına dəyər də fərqlidir. Hara getdinsə, "ablacığım, sən geç" deyə yol göstərməyə çalışırlar.

Əruzurum evləri
© Sputnik / Irade JELIL
Qədim əşyalar, musiqi alətləri, qəzetlər və s.

Ərzurumluların sevimli yeməyi olan "cağ kabab" isə, demək olar ki, bütün restoranlarda verilir. Qiymət isə restoranın yerindən asılı olaraq 6-10 türk lirəsi (2.30-3.80manat) arasında dəyişir.

Bir neçə yerdə "cağ kabab"ın dadına baxsam da, ancaq bir yerdə bəyəndim. Onu deyim ki, Bakıda da "cağ kabab" məkanları var və Ərzurumda olduğu qədər dadlıdır. Yəni bu dadı Ərzuruma getmədən də dada bilərsiniz.

Teqlər:
Ərzurum, Kabab, Atatürk, lirə, qala, qəhvə, muzey

Əsas mövzular