Ərdoğan İsraili terror dövləti adlandırdı

© REUTERS / Osman OrsalCumhurbaşkanı Recep Tayyip Erdoğan
Cumhurbaşkanı Recep Tayyip Erdoğan - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsraili və Binyamin Netanyahunu sərt sözlərlə tənqid edib.

BAKI — 1 aprel — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin baş naziri Binyamin Netanyahunu Türkiyə silahlı qüvvələrinin dinc əhaliyə qarşı cinayət törətdiyinə dair səsləndirdiyi fikirlərə görə sərt tənqid edib.

Sputnik Türkiyə-nin məlumatına görə, Ərdoğan Adana səfəri zamanı xalq qarşısında çıxış edərkən Təl-Əvivi terror siyasəti aparmaqda günahlandırıb.

"Dünən Netanyahu qəribə sözlər danışıb. Sözə bax, guya onların dövləti heç vaxt zülm etməyib. Bunların gözləri var, görməz, qulaqları var, eşitməz, ağızları var, haqqı deməz. Ürəkləri möhürlüdür. Dünyada İsrail ordusunun nə qədər zalım olduğunu mənim deməyimə ehtiyac yoxdur. İsrail məzlumlara qarşı cəsurdur, amma onlardan xaric qorxaq və ürkəkdir. Zalımlar heç vaxt cəsur ola, qələbə abidəsi ucalda bilməz. Durub bizim əsgərimizin Afrində məzlumlara zülm etdiyini söyləyir" — deyən Ərdoğan İsrailin baş nazirinin və ölkəsinin ölkəsinin ünvanına sərt ifadələr işlədib.

Türkiyə prezidenti deyib:

"Ey Netanyahu, sən çox zəifsən, qəribəsən. Özünə çəki-düzən ver. Sənin dərdin terrorçular deyil. Sən terror dövlətisən. Qəzzada, Qüdsdə etdiklərin ortadadır. Sənin dünyada sevənin yoxdur."

Ərdoğan İsrailin nüvə silahı ilə heç nə edə bilməyəcəyini də dilə gətirib:

"Nüvə silahın var deyə, özünü yekə-yekə aparma. Yeri gələndə, onlar da bir şeyə yaramaz. Məzlumun ahını üstünə çəkmə. Dünyada getməyə yer tapa bilməzsən. Dürüst ol. Dürüst olmasan, bizdən yaxşı söz eşitməzsən."

Ərdoğan əlavə edib ki, Türkiyə terrorizmlə qətiyyətlə mübarizə apardığı bir vaxtda, İsrail cinayətkarlıqla mübarizə aparmır, əksinə, terror siyasəti yürüdür.

"Ey Netanyahu! Sən işğalçısan. O torpaqları işğal etmisən. Sən terrorçusan. Fələstinlilərə qarşı etdiklərinizi tarix qeyd edir. Bunu heç vaxt unutmayacağıq. İnanıram ki, İsrail xalqı sənin etdiklərindən narahatdır" — deyə Ərdoğan əlavə edib.

Xəbər lenti
0