16:35 22 İyul 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9828
ABŞ prezidenti Donald Tramp

Ankara, Vaşinqton və Moskva arasında oynayır

© REUTERS / Carlos Barria
DÜNYA
Qısa URL
51 0 0

Ekspertlər, ABŞ prezidenti Donald Trampın Türkiyə əleyhinə imzaladığı fərmanı Sputnik-ə dəyərləndirib

BAKI, 10 may — Sputnik. Birləşmiş Ştatlar prezidenti Donald Tramp PKK terror təşkilatının Suriya qolu olan PYD-yə ağır silah verilməsini nəzərdə tutan sənədi imzalayıb. Sputnik Türkiyə xəbər verir ki, məlumatı ABŞ Müdafiə Nazirliyi (Pentaqon) yayıb.

Pentaqonun açıqlamasını şərh edən PYD terror təşkilatının rəhbəri Saleh Müslüm, Amerikaya minnətdar olduqlarını söyləyib: "Biz cənab Trampdan bu addımı gözləyirdik. Ona təşəkkürümüzü bildiririk". Məsələ ilə bağlı rəsmi Ankaradan hələlik açıqlama verilməyib. Qeyd edək ki, Türkiyə PKK-nın Suriya qolu PYD-ni terror təşkilatı olaraq tanıyır. Donald Trampın verdiyi qərarın iki ölkə münasibətlərini gərginləşdirəcəyi gözlənilir.

Toğrul İsmayıl
© Sputnik / Murad Orujov
Toğrul İsmayıl

Mövzunu Sputnik Azərbaycan-a, Türkiyənin TOBB İqtisadiyyat və Texnologiya Universitetinin beynəlxalq əlaqələr üzrə professoru Toğrul İsmayıl şərh edib: 

"Amerikanın atdığı addım çox yanlışdır. Bu, bölgədəki gərginliyi daha da artıra bilər. Silahlanma, bölgədə sülhdən daha çox, istiqrarsızlığa, qeyri-stabilliyə xidmət edir. Amerika güclü müttəfiqi olan Türkiyənin əleyhinə bu cür addım atıbsa, Türkiyə tərəfi də haqlı olaraq öz maraqları çərçivəsində hərəkət edəcək. Vaşinqton bildirir ki, PYD-yə göndərilən silahlar Türkiyəyə qarşı çevrilməyəcək. Bununla bağlı Ankaraya zəmanət verirlər, amma bu zəmanətin sonunun nə olduğunu yaxşı bilirik. Bu silahların sabah Türkiyədəki terrorçu qrupların əlinə düşməyəcəyi qarantiyasını dilə gətirmək inandırıcı deyil və gülüncdür. Obama zamanından başlayan yanlışlıq hələ də davam edir".

Professorun sözlərinə görə, ABŞ Suriyadakı separatçı kürd qruplaşmalara silah göndərsə belə, Türkiyənin PYD-yə qarşı həbi əməliyyat planı yoxdur.

"Ankara Suriyanın daxili işlərinə qarışmır. Əgər Türkiyənin ərazi bütövlüyünə, təhlükəsizliyinə təhdid olmadıqca, hərbi əməliyyata ehtiyac qalmaz. Türkiyənin tələbi, PYD-nin Fərat çayının şərqinə çəkilməsidir. Yəni Menbiçdən çıxmasıdır. Üstəlik bölgədə uydurma dövlətin yaradılmasının qarşısını almaqdır. Etnik nüfuz dəyişikliyi apararaq qurama dövlətə imkan verməməkdir. Əgər PYD bu israrından vaz keçməsə o zaman türk ordusu lazım olanı heç çəkinmədən edəcək. Və bu halda heç bir dövlət, nə Amerika, nə Rusiya nə də digərləri Türkiyəyə heç nə deyə bilməyəcək. Çünki hər bir dövlətin xarici siyasət kursunun əsasını sərhəd təhlükəsizliyi məsələsi təşkil edir" — Toğrul İsmayıl qeyd edib. 

Oqtay Sadıxzadə
© Foto : PUBLIC DOMAIN
Oqtay Sadıxzadə

Trampın Türkiyə əleyhinə imzaladığı fərmanı, Bakı Slavyan Universitetinin professoru Oqtay Sadıxzadə də dəyərləndirib:

"Ərdoğanın Vaşinqton səfəri öncəsində belə bir olayın yaşanması tərəflərarası münasibətlərə kölgə salır. Bu kölgə onsuz da çoxdan, hələ Barak Obamanın dövründən var idi. Yəni, burda yeni heç nə yoxdur. D.Trampın imzaladığı fərman, ABŞ diplomatiyasının bir üsuludur. Türkiyəni sıxmaq, ona qarşı təzyiq vasitəsi kimi PYD-dən istifadə etmək və s. Amerika ikibaşlı hərəkət edir. PYD-dən həm İŞİD-ə qarşı istifadə edir, həm də onu Ankaraya təzyiq vasitəsi olaraq görür. Düzdür, biz hazırda Trampın imzaladığı fərmandan danışırıq, ancaq digər tərəfə baxsaq görərik ki, Suriyanın şimalında kürd silahlıların nəzarət elədiyi bölgələrdə rus hərbçiləri PYD-yə hərbi təlimlər keçir, onları silahlandırır. Hər iki super dövlət, İŞİD-ə qarşı döyüş adı altında PYD-ni gücləndirir, ağır silahlar verir. Amerika və Rusiya kürdləri öz tərəflərinə çəkə bilmək üçün Türkiyənin maraqlarına zidd addımlar atır".

Professorun sözlərinə görə, rəsmi Ankaranın atdığı və atacağı addımlar var: "Türkiyə dövləti öz işini bilir. Ankara da Vaşinqtonla Moskva arasında oynayır. Konkret olaraq heç bir tərəfə tam arxalanmır. Həm İraq, həm də Suriya ərazisində PKK terrorçularına zərbələr endirir". 

ABŞ bayrağı, arxiv şəkli
© Sputnik / Stanislav Savelyev

"Türkiyənin İraqın şimalındakı kürd muxtariyyəti ilə heç bir problemi yoxdur, çox gözəl münasibətləri var. Söhbət separatçı PKK-nın Suriya qolu olan PYD-dən gedir. Yəni burda söhbət seçimdən gedir. Türklər hansı qüvvə ilə nə cür davranacağını yaxşı bilir. PYD marksist-kommunist ideologiyaya sahib terrorçu təşkilatdır. Qlobalizmin lideri sayılan Amerikanın belə bir marksist-kommunist platformaya dəstək verməsi çox təəccüblüdür" — Oqtay Sadıxzadə deyib.

Professor sonda əlavə edib ki, separatçı kürdlərə dəstək bununla da bitmir: "Qərbi Avropa hər zaman PKK-ya qucaq açıb, onlara hər zaman siyasi dəstək verib. Bu faktora görə, rəsmi Ankaranın Avropa İttifaqı ilə münasibətləri zaman-zaman kəskinləşib".

Əsas mövzular