03:00 21 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8907
Terror qurbanı olan balaca qız
© REUTERS / Eric Gaillard

Fransa yenidən təşviş içində

DÜNYA
Qısa URL
6301

Baş nazir Manuel Vals ölkə parlamentində çıxışı zamanı Fransada yeni terror aktlarının olacağını istisna etməyib

BAKI, 21 iyul — Sputnik. Fransa deputatları ölkədə fövqəladə vəziyyət rejiminin altı ay müddətinə uzadılması barədə qanun layihəsini təsdiqləyiblər. Sputnik RİA-ya istinadən xəbər verir ki, deputatlar tərəfindən baxılması üçün Manuel Vals hökumətinin təqdim etdiyi sənəd məhdudiyyətlərin üç ay müddətinə uzadılmasını özündə ehtiva edib, lakin deputatlar bu müddətin iki dəfə uzadılmasına tərəfdar çıxıblar.

Terror nəticəsində həyatını itirənlərin cansız bədənləri
© REUTERS / Eric Gaillard

Yuxarı palatanın spikeri Jerar Larşe bildirib ki, 310 deputat sənədin qəbulunun lehinə, 26-sı isə əleyhinə səs verib. Bu ilin iyulun 26-da bitməsi planlanan fövqəladə vəziyyət rejiminin uzanmasına səbəb keçən həftə Nitsa şəhərində törədilən terror aktı olub.

Terrorun hədəfi Nitsa şəhərində Bastiliya qalasının alınmasını bayram edən izdiham olub. Terrorçu idarə etdiyi yük maşınını küçədə bayram şənliyini qeyd edən insanların üzərinə sürüb. Şahidlərin dediyinə görə, yük maşını dayanmadan ziqzaqvari hərəkət edərək, təxminən 2 kilometr məsafədə insanları əzib. Bundan sonra o, polis əməkdaşları ilə atışmağa başlayıb və öldürülüb. Hadisə zamanı Nitsa şəhərinin polis rəisinin müavini də həyatını itirib.

Son məlumata əsasən, insident nəticəsində həlak olanların sayı 84, yaralıların sayı isə 200-dən çoxdur. Ölənlərdən 12-si, yaralılardan isə 54-ü uşaqdır. Teraktda ölənlər arasında 8 xarici ölkənin vətəndaşı var. "Le Figaro"nun yazdığına görə, onlardan biri Rusiya, biri Ermənistan, üçü Almaniya, ikisi ABŞ, biri Ukrayna, biri Əlcəzair, biri Mərakeş, biri də İsveçrə vətəndaşıdır.

Məlum olub ki, terrorçu Tunis əsilli, 31 yaşlı Muhammed Laxuayey Buleldir. Polis onun yaşadığı mənzildə axtarış aparıb. Bulelin evindən silah tapılmayıb. Terrorçunun məhkumluğu olsa da, yerli hüquq-mühafizə orqanlarında onun terrorçularla bağlılığına dair heç bir məlumat olmayıb. Teraktda istifadə etdiyi yük maşınını isə Bulel hadisədən bir gün əvvəl icarəyə götürüb. Hadisəyə görə məsuliyyəti İŞİD qruplaşması öz üzərinə götürüb.

Frans-Press agentliyinin məlumatına görə, istintaq zamanı saxlanılan beş şəxs bu gün məhkəmə qarşısına çıxacaq. Onlardan dördü kişi, biri isə qadındır. Qeyd olunmuşdu ki, saxlanılan şəxslərin sayı yeddi nəfərdir. Əvvəl terrorçunun arvadı, daha sonra isə saxlanılanlardan bir nəfər azadlığa buraxılıb.

Eyni zamanda, terror qurbanlarının yaxınları Fransa hakimiyyətini məhkəməyə vermək istəyirlər. Lakin vəkillər bu məsələyə elə də ciddi yanaşmırlar. Onların fikrincə, hər-hansı şəhərin və ya dövlətin günahkar olduğunu sübut etmək çox çətindir.

Qeyd edək ki, Fransanın baş naziri Manuel Vals ölkə parlamentində çıxışı zamanı Fransada yeni terror aktlarının və ölümlərin olacağını söyləyib. "Biz təhlükə içərisində yaşamağı öyrənməliyik. Bunu demək çətin olsa da, demək məcburiyyətindəyəm. Yeni hücumlar olacaq və günahsız insanlar öləcək. Biz buna alışmamalıyıq, lakin təhlükə içərisində yaşamağı öyrənmək lazımdır", — deyə Vals bildirib.

Əlaqədar

"Fransada insanlara o qədər azadlıqlar verilib ki, indi qabağını ala bilmirlər"
Fransa Prezidenti orduya əmr verdi: "Onların yuvalarına girəcəyik"
Fransanı qana boyayan terrorçunun kimliyi bəlli oldu
Anadolu Agentliyi Fransa terroruna görə öz əməkdaşını işdən qovdu
Azərbaycan Fransadakı vətəndaşlarına çağırış etdi: "Kütləvi yerlərdən uzaq durun"
Teqlər:
Manuel Vals, Nitsa, Fransa, terror, İŞİD

Əsas mövzular