BAKI, 22 iyul — Sputnik. ABŞ və Rusiya Ukrayna münaqişəsinin həlli istiqamətində gizli dialoqu aktivləşdiriblər.
Sputnik ABŞ-ın Stratfor Qlobal Analitik Mərkəzinin hazırladığı hesabata istinadən xəbər verir ki, ABŞ-la Rusiya arasında Ukrayna probleminin həlli istiqamətində dialoq aktivləşsə də, rəsmi Kiyev danışıqlardan kənardadır və prosesə heç cür müdaxilə edə bilmir.
Stratfor qeyd edir ki, münaqişənin həlli üçün bir neçə format mövcuddur və bu formatların heç birində ABŞ iştirak etmir.
ABŞ Ukrayna probleminin həlli ilə bağlı aparılan dialoqda iştirak etməsə belə iyun və iyul aylarında Moskva ilə məsələnin həlli istiqmaətində birbaşa dialoqu aktivləşdirib. Belə ki, ABŞ Dövlət katibinin müavini Viktoriya Nulandın Rusiya XİN müavini Qriqori Karasınlə bir neçə dəfə telefon danışığı və görüşü olub.
Stratforun hesabatında o da qeyd olunur ki, prezident Vladimir Putinin administrasiyasının rəhbəri Sergey İvanov bəyan edib ki, “Karasin-Nuland” Rusiya-Amerika kanalı Ukrayna böhranının nizamlanması istiqamətində ayrıca ikitərəfli format rolunu oynayacaq.
Qeyd edək ki, Stratfor 1996-cı ildə yaranıb və əsas fəaliyyəti dünyada baş verən hadislərlə bağlı informasiyalar toplayaraq iqtisadi və geosiyasi analitik yazılar hazırlayır. Bir sıra KİV orqanları Stratfor-u MKİ-nin “kölgəsi” hesab edirlər.