02:27 28 İyun 2017
Canlı yayım
DÜNYA

Türkiyədə ilk hərbi çevrilişdən 55 il ötür

DÜNYA
Qısa URL
58 0 0

1960-cı il mayın 27-də Türkiyə Respublikası tarixində ilk hərbi çevriliş həyata keçirilib.

BAKI, 27 may — Sputnik. 1960-cı il mayın 27-də Türkiyə Respublikası tarixində ilk hərbi çevriliş həyata keçirilib. 

Həmin gün səhər saat 3.15-də çevrilişçi piyada və süvari birlikləri, 3.30-da isə tanklar hərəkətə keçiblər. Saat 4.36-da polkovnik Alparslan Türkeşın radiodakı çıxışı ilə çevriliş barədə bütün dünyaya elan edilib.

Bu çevrilişin Türkiyədə həyata keçirilmiş digər çevrilişlərdən fərqi ondadır ki, bu dəfə əsasən ordunun ən üst yox, aşağı rütbəli zabitləri (37 nəfər) əsas rol oynayıblar. Çevriliş nəticəsində Milli Birlik Komitəsi hakimiyyətə gəlib. 3-cü ordu komandanı Raqip Gümüşpaşanın "əgər aralarında məndən yüksək rütbəlisi yoxdursa, Ankaraya daxil olub üsyançıları həbs edəcəyəm" deməsi ilə çevrilişçilər artıq təqaüdə çıxmış ordu generalı Camal Gürseli Komitənin lideri elan etdilər. Onlar müqavimət göstərə biləcək bütün yüksək rütbəli hərbçiləri həbs etdilər. Prezident Cəlal Bayar, baş nazir Adnan Menderes başda olmaqla iqtidardakı Demokrat Partiyasının yüzlərlə üzvü zindana atıldı. Ümumilikdə minlərlə hərbçi, siyasətçi, hüquqşünas, müəllim və digər təbəqədən olan insan azadlıqdan məhrum edildi. 

Çevrilişin əsas səbəbi Demokrat Partiyası ilə ordu arasında olan ixtilafdır. Adnan Menderesin müstəqil siyasət yeritmək cəhdləri ordunun və onun arxasında duran ABŞ-ın xoşuna gəlmirdi. Menderes 50-ci illərin sonunda bir sıra sənaye layihələrini başa çatdırmaq üçün ABŞ-dan kredit almağın mümkünsüzlüyünü görüb SSRİ-yə müraciət etmişdi. 

Çevriliş ərəfəsində isə Türkiyədə daxili vəziyyət çox gərgin idi. İqtidar partiyası ilə müxalif Cümhuriyyət Xalq Partiyası arasındakı gərginlik yüksək həddə çatmışdı. Bəzi tədqiqatçılar CHP-nin də çevriliş planının içərisində olduğunu və hadisələri qəsdən gərginləşdirdiyini iddia edirlər. Bundan əlavə, həmin ərəfədə başlayan tələbə olayları və onları gedişində etirazçı Turan Emeksizin polis gülləsi ilə öldürülməsi də antiiqtidar dairələrinə bəhanə verdi. 

Çevriliş edənlər baş nazir Adnan Menderes başda olmaqla bir çox keçmiş iqtidar mənsubunu edam etdilər. 

Çevrilişçilərin lideri Camal Gürsel 1960-66-cı illərdə Türkiyə prezidenti oldu. 1961-ci ilin dekabrında keçirilən parlament seçkilərində CHP qalib gəldi və İsmət İnönü baş nazir oldu. Bununla da hərbi xuntanın hakimiyyəti sona çatdı. 

P.S. Çevrilişçilərin iki parolu olub. Hər şey uğurla gedəcəksə, "Dündar Seyhanın oğlu növbəti sinfə keçdi", uğursuzluq halında isə "Dündar Seyhanın oğlu sinifdə qaldı" parolundan istifadə edilməli imiş. Göründüyü kimi, birinci parol işlənib. Dündar Seyhan isə hələ 1954-cü ildə Milli Birlik Komitəsini yaratmış iki nəfərdən biridir. 

Əsas mövzular