Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Musiqi və incəsənətin birləşməsi: Bakı Caz Festivalı qeyri-adi formatda başladı

Abunə olmaq
Bakıda caz musiqisinin ən gözlənilən hadisələrindən biri olan Bakı Caz Festivalı başlayıb. Ətraflı Sputnik Azərbaycan-ın videosunda.
Bu dəfə layihə qeyri-adi formatda açılıb və Azərbaycanın Vətən müharibəsindəki qələbəsinə həsr olunub.
Festivalın açılış günü iki tədbir təqdim olunub – “Improvised by Industry” multimedia sərgisi və Türkiyənin məşhur “Fetiblue band” caz qrupunun konserti.
İncəsənət layihəsi Xətai Sənət Mərkəzinin dəstəyi ilə Birləşmiş Rəssamlar Klubunun (BRK) Müasir İncəsənət Mərkəzi tərəfindən təşkil olunub.
Bu layihə məkan və zamanın vizual refraksiyasına, paradiqmaların və mənaların dəyişməsinə, keçmiş dövrlərə xas olan tipik elementlərinə və strukturlarına həsr olunub.
Sərgidə ziyarətçilərə rəssamlar Hüseyn Haqverdiyevin, Bəhram Xəlilovun, Rüstəm Hüseynovun və Arif Quluzadənin rəsmləri, installyasiyaları, fotoşəkilləri, videoartları və tamaşaları nümayiş olunub.
Layihənin kuratoru Könul Rəfiyeva olub. Ekspozisiyanın qeyri-adi bir yerdə, rəssamların emalatxanasında təqdim edilməsi hər kəs üçün sürpriz oub.
“Layihəmiz multimedialıdır, o təsviri əsərlərin nümayişindən ibarətdir. Bura yaradıcılıqla bağlı olduğu üçün rəssamların emalatxanasını seçdik. İncəsənət əsərlərinin yarandığı yerdə yaradıcılığı təqdim etmək bizim üçün vacib idi. Sərgimizin mahiyyəti ondan ibarətdir ki, istənilən yer yaradıcılıq yeri ola bilər və ilk növbədə buranı yaradıcılıq ruhu ilə dolduran insanlardan asılıdır. Rəssamların emalatxanaları yaradılış ruhunun olduğu yerlərdən biridir. Bu cür sərgi burada ilk dəfə keçirilir”, - deyə Rüstəm Hüseynov bildirib.
Əvvəlcə ziyarətçilərə Rüstəm Hüseynovun konseptual installyasiyası təqdim edilib, sonra hamının gözü qarşısında rəssam Bəhram Xəlilov yeni “Yağış səsi” əsərini yaradıb.
“Mənim işimdə səs böyük əhəmiyyət kəsb edir. Mən yağışın və ya başqa bir səsi əsərlərimdə əks etdirə bilərəm, hətta sizin çıxışınızı belə təsvir edə bilərəm. Səs dəyişiminin əsərə necə təsir etdiyini təqdim edəcəyəm. Bu festivalın caz çərçivəsində baş verməsi simvolikdir, çünki bütün dostlarım caz musiqiçiləridirlər. Mən özüm də ifa edirəm, ancaq bu gün çıxış etməyəcəyəm”, - Bəhram Xəlilov bildirib.
Türkiyənin məşhur caz qrupu “Fetiblue band”-in konserti “Beer Hall and Music Club”da qonaqlara təqdim edilib. Tədbirdə mədəniyyət naziri Anar Kərimov iştirak edib. Musiqiçilər tamaşaçılar üçün müxtəlif caz kompozisiyaları ifa ediblər.
Bakı Caz Festivalı sentyabrın 18-dək davam edəcək. Burada Niderland, Macarıstan, Türkiyə, Rusiya, İsrail, Almaniya, Lüksemburq və Gürcüstandan olan musiqiçilərin və əlbəttə ki, Azərbaycanın əməkdar artistləri Rain Sultanov, İsfar Sarabski, həmçinin Elbəy Məmmədzadə, Elvin Bəşirov, Diana Hacıyeva, Əfqan Rəsul, Nicat Aslanov və başqalarının konsertləri keçiriləcək.
Bundan əlavə, 11 və 12 sentyabr tarixlərində “Art tower”də Ülvi Mehtinin iştirakı ilə “Buena Vista Social Club” və “New York” filmlərinin nümayişləri keçiriləcək. Sentyabrın 17-də isə “Jazz & Art” istiqaməti çərçivəsində dizayner Leyla Əhmədova tərəfindən defile keçiriləcək.
 
Xəbər lenti
0