19:26 19 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0223
  • EUR2.0328
© Sputnik / Ilham Mustafa Səbinə Əsədova

Koronavirus pandemiyası ilə bağlı toy və ya yas mərasimləri kimi kütləvi tədbirlərin keçirilməsi qadağan olduğu zaman Şəmkir rayonu Dəllər Cəyir kəndinin sakinləri ehsan süfrələrinin əvəzinə xeyirxah işlər görürlər.

Koronavirus pandemiyası ilə bağlı kütləvi tədbirlərin, toyların, yas mərasimlərinin keçirilməsi virusun qarşısını alınması məqsədilə qadağan edilib. Bəzi hallarda, xüsusən vəfat edən şəxsin ailəsi, yaxınları ehsan verə bilmədiklərinə görə özlərini narahat hiss edirlər. Şəmkir rayon Dəllər Cəyir kənd sakinləri ehsan süfrələrini xeyirxah əməllərlə əvəz etməyə qərara gəlib. Belə ki, ehsan üçün nəzərdə tutulmuş vəsaitlə kənd ərazisində yollar çəkilir, dayanacaqlar qurulur və digər xeyriyyə işləri görülür.

Bu işlərin təşəbbüskarlarından biri olan Namiq Məmmədov artıq bir ildir ki, yaxınları vəfat edən ailələrə baş çəkir. Onları dəbdəbəli məclis qurmaqdan çəkindirərək kəndin hər hansı kiçik problemində pay sahibi olmağa dəvət edir. Onun sözlərinə görə, indiyədək sakinlərin hər biri bu işdə yaxından köməkliyini göstərib:

“Pandemiyaya görə yas məclisləri dayandırıldı və o vaxtdan insanlara istiqamət verdik ki, ehsan süfrəsinə çəkdiyiniz xərcin əvəzinə kənddə müəyyən işlər görə bilərsiz. Bunun nəticəsində ondan artıq küçəyə çınqıl-daşlar döşənib. Bir küçəyə asfalt örtük çəkilib. Kəndin futbol stadionunda idman qurğuları, oturacaqlar quraşdırlıb. 20 Yanvar Şəhidlər abidəsi əsaslı təmir edilib. Bu görülən işlər son deyil və bu gün də davam edir”, - deyə məlumat verib.

Kənddə xeyriyyəçiliyin digər təşəbbüskarlarından olan Seymur Xəlilov soydaşlarının görülən işlərdən özlərinin də ruhlandığını, artıq insanların ona yaxınlaşaraq hansı işlərin görülməli olduğunu, köməyə ehtiyacı olan həmkəndliləri ilə maraqlandıqlarını bildirib. Bu işlərdə nəinki kənddə olan, eyni zamanda Rusiyada yaşayan Dəllər Cəyirli sakinlərinin də yaxından iştirak etdiklərini deyib:

“Bütün işlərdə kənddə yaşayanlarla yanaşı, Rusiyada olan həmkəndlilərimiz də yaxından iştirak edirlər. Mütəmadi olaraq əlaqə saxlayırlar, imkansız həmkəndilərimizə kömək, yaxud kəndin ümumi mənafeyi naminə hər hansı bir iş görmək istədiklərini bildirirlər. Hazırda onların da yaxından dəstəyi ilə  kənd qəbiristanlığına yeni yol çəkilir, darvaza qoyulur. Orada işləyənlərin özləri də təmənnasız olaraq çalışırlar”, - deyə bildirib.

Dəllər Cəyir sakinləri bu xoş tendensiyanın Azərbaycanın digər ərazilərinə də yayılmasını arzu edirlər.

Teqlər:
video, abadlıq, xeyir, kənd, Şəmkir

Digər videolar

Əsas mövzular