11:52 03 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0547
© Sputnik / Ilham Mustafa / Səbinə Əsədova

Uzaq yola çıxıldığında, köç başlayanda, aclığı öldürmək lazım gələndə ilk növbədə qovut yada düşüb. Onun hazırlanması ailələrdə bayram əhval-ruhiyyəsi yaradır.

Qovut türk xalqlarına məxsus qədim şirniyyat növlərindəndir. Uzaq yola çıxıldığında, köç başlayanda, aclığı ən tez zamanda söndürmək lazım gələndə ilk növbədə qovut yada düşüb. Hazırda unudulmaqda olan bu şirniyyatı qərb bölgəsində mütəmadi hazırlayanlar var. Onlardan biri də Tovuzun Yuxarı Öysüzlü kəndində yaşayan Nəbiyevlər ailəsidir. Ailənin xanımı Şəfaət Nəbiyeva qovudun hazırlanmasını öz qaynanasından öyrənib. Onun hər dəfə qovut hazırlamağa başlaması yaxın qohumlar, qonşular arasında bayram ab-havası yaradır. Qadınlar bir yerə yığışaraq şirniyyatın hazırlanmasında iştirak edir, eyni zamanda öz paylarını götürürlər.

Qovut hazırlamaq üçün ilk olaraq buğda seçilib, təmizlənir. Təmizlənmiş buğda sacın üstündə qovrulur. Qovrulduqdan sonra buğda kirkirədən (əl dəyirmanı) keçirilərək un halına salınır. Ağız dadına uyğun olaraq ona qarğıdalı və yaxud digər dənli bitkilərin də ununu əlavə edənlər var. Üyüdülmüş qovut unu hazır olduqdan sonra saxlama qablarına yığılır. Qovut ununu nəmdən, rütubətdən qoruyaraq aylarla saxlamaq mümkündür. Şirniyyatı hazırlamaq üçün isə ailə üzvlərinin sayından asılı olaraq qovut unu götürülür, ona sadəcə su, bal, bəkməz və ağız dadına uyğun digər təbii məhsullar qatılır və süfrəyə verilir.

Novruz üçün rəngarəng çay süfrəsini necə tərtib etməli – VİDEO >>

Ş.Nəbiyeva qovut hazırlanmasında bəkməz və şəkər tozuna üstünlük verir. Şəkər tozu bir qaba əlavə olunaraq üstünə su və bəkməz tökülərək şərbət düzəldilir. Hazırlanmış şərbət una əlavə edilərək qarışdırılır. Qovutun quru və ya sıyıq olması yeyənlərin zövqünə görə dəyişir. Bundan sonra əldə dürmək halına gətirilərək süfrəyə verilir.

Tovuzda qovutdan həm qida, həm Novruz şirniyyatı, eyni zamanda nəzir kimi istifadə edirlər. Belə ki, qədimdən qalan adətə görə, insanlar tutduqları arzunun həyata keçməsi üçün əhd edirlər. Arzuları yerinə yetdikdə isə qovut hazırlayaraq nəzir kimi insanlarla paylaşırlar.

 

Digər videolar

Əsas mövzular