13:43 28 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
© Sputnik / Leyla Orucova / Taleh Mahmudov

Azərbaycanda parkur sözü 28 yaşlı riyaziyyat müəllimi Əli Mərdanova bağlıdır. Onu ölkədə bu unikal idman növünün ilk nümayəndəsi adlandırmaq olar. Bu heyrətamiz fəndlərin onun ifasında necə göründüyünü videomuzda izləyin.

Gün ərzində məktəbdə riyaziyyat müəllimi işləyən Əli Mərdanov bütün digər vaxtını parkur idman növünə həsr edir. Bəli, əvvəllər yalnız əyləncə növü və gözəl fənd hesab edilən parkur, ötən ildən etibarən rəsmi olaraq idman növü sayılır. Əlinin dediyi kimi, parkurun əsas məqsədi A nöqtəsindən B nöqtəsinə olduqca qısa və effektiv yolla çatmaqdır.

Əlinin fikrincə, bizim bədənimiz unikaldır, çünki o, istənilən heyvanın hərəkətlərini təkrar edə bilir. Onun banısı olduğu “Movement Platform”-un əsasında da məhz bu qayə durur. O, hər kəsi hərəkət etməyi öyrədir, sadəcə ona görə ki, biz buna qadirik.

Əlinin parkura olan sevgisi isə haradasa 14 yaşında başlayıb. O vaxt parkura həsr edilmiş filmlərə heyrətlə baxan gənc, onları yavaş-yavaş özü təkrarlamağa başlayıb – çox vaxt da səhvlərə yol verib, müxtəlif zədələr alıb. Amma parkuru heç vaxt atmaq, ikinci plana keçirmək fikri olmayıb. Çünki məhz bu idman növü sayəsində o bütün həyatı boyunca yanında olacağı dostlar tapıb.

Qıraqdan baxanda olduqca çətin görünsə də, riyaziyyat müəllimi hər kəsin parkurla məşğul ola biləcəyinə inanır. Onun sözlərinə görə bunun üçün bizə sadəcə:

“Baş, əl və ayaqlar lazımdır. Başqa heç nə. Və mütləq kişi və ya qadın olmaq, idman bədəninə sahib olmaq vacib deyil. Parkur hərəkət etməyi öyrənmək istəyən hər kəs üçündür. Hansı səviyyəyə çatdıracağı isə insanın öz istəyindən asılıdır”, deyə o fikirlərini bizimlə bölüşüb.

Əli artıq öz gücünü parkur üzrə dünya çempionatında sınaya bilib. 40 idmançı arasında 12-ci yeri tutan Əli öz nəticəsindən razı qalmasa da, bu vaxta qədər yalnız internetdə baxıb, pərəstiş etdiyi idmançılarla eyni yarışda iştirak etməkdən çox zövq aldığını etiraf edib.

İndi isə Əli var gücü ilə bu idman növünü ölkədə populyarlaşdırmağa çalışır. Uşaqlarla oyun formatında məşğul olur, bu idmanla maraqlanan insanları bir araya yığmağa çalışır. Biz isə heyrətlə Əlini növbəti dünya çempionatlarında izləyəcəyimiz günü gözləyirik.

Digər videolar

Əsas mövzular