12:47 03 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
© Sputnik. Leyla Abdullayeva / Leyla Orucova

Azərbaycanda ilk dəfə cır mərsin yetişdirilməyə başlanıb. Bunun neçə ilə ərsəyə gəldiyini, ölkəmiz üçün qeyri-adi olan bu giləmeyvənin necə göründüyünü videomuzda izləyin.

Bakı şəhər sakini İlyas Əhmədov Azərbaycanda, demək olar ki, heç kimin dadına baxmadığı giləmeyvə yetişdirmək qərarına gəlib. İlk plantasiyanı Siyəzən rayonunda salan Əhmədov ilk üç ili ədəbiyyatı tədqiq etməyə və müxtəlif cür sortlarla sınaq aparmağa sərf edib.

“Azərbaycan iqlimi və suyu ilə hansı çeşidlərin yetişəcəyi bəlli olmadığına görə ilk iki ildə iki hektar ərazidə 11 müxtəlif çeşid əkdik. Və gördüyünüz kimi, bu il biz artıq ilk meyvələri yığmağa başladıq”, - deyə plantasiya sahibi Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə bölüşüb.

Bitki üçün bütün gərəkli materiallar – torpaqdan tutmuş avadanlığa qədər Latın Amerikası ölkələrindən gətirilib. Plantasiya işçilərinin "mavigilə" adlandırdığı ilk meyvə hal-hazırda Bakı bazarlarına göndərilib və 125 qramı 2 manat 90 qəpiyə təklif edilir. Əhmədov özü etiraf edir ki, alıcılar ilk öncə meyvəni tanımadığı və qiymətin yüksək olduğunu deyiblər. Amma bunun da öz səbəbləri var.

“Bu, olduqca “şıltaq” bitkidir və çətin ərsəyə gəlir. Bir kilo bitkidən birinci ildə maksimum 300-400 qram yığmaq olar. Bu giləmeyvənin əziyyəti də çoxdur. Bütün işlər əl ilə görülür. Meyvə azot sevmədiyi üçün yetişdirilməsində heç bir gübrədən istifadə edilmir. Tamamilə orqanikdir”, - deyə plantasiya sahibi açıqlayıb.

Giləmeyvə xərçəng, şəkər və göz xəstəliklərinin müalicəsində istifadə edilir. Tərkibində digər giləmeyvələrlə müqayisədə antioksidant daha çoxdur.

Hal-hazırda isə plantasiyada 25-ə yaxın insan çalışır. Əhmədov gələcəkdə bazar qiymətini aşağı salmaq və giləmeyvəni bir deyil, üç mövsümdə təklif etmək üçün 10 hektar torpaqda cır mərsin əkməyə başlayıb. Gələcəkdə isə Azərbaycan üçün qeyri-adi olan digər giləmeyvələri yetişdirməyi planlaşdırır.

Digər videolar

Əsas mövzular