20:39 19 Yanvar 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
© Sputnik / Leyla Orucova / Taleh Mahmudov

Hər ailə Yeni il masasına hazırlayacağı yeməyi az qala noyabr ayından planlaşdırır. Sputnik Azərbaycan isə bu il plovu fisincan altında verməyi təklif edir. Bu plovun hazırlanma qaydasını videomuzda izləyin.

Bu dəfə “Muğam Club” restoranının baş aşpazı Emil Çingiz bizə fisincan plovun hazırlanma qaydasını təqdim edib. Aşpaz qeyd edir ki, adətən plovun bu növü bayram yeməyi hesab edilir, belə ki, yemək həm bir az xərcli olur, həm də kalorili. Amma bir dəfə dadına baxdıqdan sonra dadı damaqlarda qalır.

Plov üçün lazımdır:

Qaynadılmış və didilmiş toyuq, süzülmüş düyü, qoz, alça turşusu, narşərab, ərimiş kərə yağı, duz-istiot qarışığı, şəkər tozu, baş soğan və təbii ki, nal.

Nal hissəsini eşidəndə biz də təəccübləndik, amma Emil bəy deyir ki, nal həm fisincanı arzuedilən daha tünd çalara boyayır, həm də heç nə ilə müqayisə edilməyən turşməzə dad qatır.

“Muğam Club” restoranının aşpazının hazırladığı fisincan ənənəvi reseptdən çox da fərqlənmir, sadəcə olaraq illər boyu xırda nüanslar əlavə edilib. Ən böyük fərq isə ondan ibarətdir ki, burada fisincan çəkilmiş ət küftələri ilə deyil, toyuq ilə verilir. Aşpaz hətta bu yeməyi ətsiz, qurudulmuş zirinc və ya narla verə biləcəyimizi bildirib.

Fisincan üçün istifadə edilən alça turşusunu da evdə hazırlamaq mümkündür. Alça suyu çəkilənə qədər qaynadılır, daha sonra isə ələkdən keçirilir ki, qabığı və çəyirdəyi çıxsın. Və lazımı qatılıq alınana qədər ocaq üzərində bişirilir.

Ən sonda Emil bəydən öz aşpazlıq sirlərindən birini bizimlə bölüşməsini xahiş etdik. Onun fikrincə, yemək bişirərkən ən əsas məsələ hər şeyi sevgi ilə, tələsmədən etməkdir. Fisincanın addımbaaddım hazırlanma qaydasını isə videomuzda izləyin.

Digər videolar

Əsas mövzular