13:54 10 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0268
  • EUR1.8813
© Sputnik / Leyla Abdullayeva / Leyla Orucova

Kənd təsərrüfatında istifadə edilən ağır maşınların sükanı arxasında çox vaxt kişiləri görməyi vərdiş etmişik. Amma Sabirabad rayon sakini Gülsurə İbadova bu stereotipi qırmağa müvəffəq olub. Daha ətraflı videomuzda izləyin.

Sabirabad rayonu Kürkəndi kəndi sakini 58 yaşlı Gülsurə İbadova hələ uşaqlıqdan mexanikaya böyük həvəs göstərib. Azərbaycanın ilk qadın sürücü mexaniki Sevil Qazıyevanın həyat tarixini öyrəndikdən sonra isə özü də peşə məktəbində oxumağa ilhamlanıb və məktəbi bitirdikdən sonra kolxozda mexanik kimi işləməyə başlayıb.

Onunla birgə oxuyan qızların çoxu 1-2 il işlədikdən sonra ailə qurub və bu peşənin daşını atıb. Gülsurə xanım isə 16 yaşından sükan arxasına keçib və 17 il dayanmadan çalışıb. Kiçik fasilədən sonra yeni kombaynda yenidən peşəsini davam etdirməyə başlayıb.

“Sərt tənqidə məruz qalmağımız heç təəccüblü deyil”
© Sputnik / Leyla Orucova / Taleh Mahmudov

“Düzünü desəm, uzun müddətdən sonra yenidən işə başlamaq mənim üçün bir az çətin idi, çünki artıq əvvəlki kimi gənc deyildim. Qorxurdum ki, birdən məndə alınmaz. Amma var gücümü toplayıb bu çətin işin öhdəsindən gəlməyi bacardım.”

Gülsurə xanım deyir ki, ağır maşınları idarə etmək onun üçün çətin deyil. Əksinə, digər qadınları da bu işə həvəsləndirməyə çalışır, hətta özü onlara təlim keçməyə hazırdır.

Amma hər şey heç də həmişə bu qədər asan olmayıb. İlk vaxtlar çox qınaqlar eşidib. Amma heç kimə qulaq asmadan işinə davam edib və hörməti getdikcə artıb. İndi isə yaşadığı kənddəki uşaqlar onu “kombayn sürən bibi” kimi tanıyır, onunla salamlaşırlar.

Onun hünəri və əzmkarlığı dövlət tərəfindən də qiymətləndirilib. İki dəfə “Sosialist əməyi qəhrəmanı” adına layiq görülüb, hətta şəxsən ulu öndər Heydər Əliyev tərəfindən qəbul edilib və medalla təltif olunub.

Gülsurə xanım başına gələn ən dəhşətli hadisəni də bizimlə bölüşüb. Hələ sovet dövründə yağışlı havada sahədən sürüşkən yolla qayıtmalı olub. “Sabir kanalı”nın üzərindən keçəndə kombayn sürüşüb və yarısı kanala doğru aşıb. Xoşbəxtlikdən o, vaxtından xilas edilib. Amma o hadisənin qorxusu hələ də canındadır. Çünki kanal çox dərin idi.

30 ilə yaxındır ailəli olan Gülsurə İbadovanın 5 övladı və 2 nəvəsi var. Həyatda və peşəsində ən böyük dəstəkçisi onun həyat yoldaşıdır. İndi də ailəsinin dəstəyi ilə peşəsində daha da qabağa getməyə müvəffəq olur və hal-hazırda bölgədə hektara görə ən çox pambıq yığan sürücü də məhz odur.

Digər videolar

Əsas mövzular