13:55 10 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0268
  • EUR1.8813
© Sputnik / Leyla Orucova / Taleh Mahmudov

Ləzgi çörəyini yüz müxtəlif çörəyin arasında ayırd etmək olar. Yastı, yumru, üstü isə deşik-deşik olur. Xüsusi ləzgi xərəyində ocaq üzərində bişirilir. Yüz söz eşitməkdənsə, Sputnik Azərbaycan çörəyin hazırlanma qaydasına özü tamaşa etmək qərarına gəlib.

Ləzgi çörəyi xüsusi “xar” adlanan xərəkdə bişirilir. Onun özəlliyi ondan ibarətdir ki, çörək açıq ocaq üzərində həm altdan, həm üstdən bişir. Xərək otağı, istifadə edilən alətlərin çoxu “müasirləşsə” də, çörəyin hazırlanma qaydası yüz illərlə dəyişməyib.

Xəmir adi inqrediyentlərdən yoğrulur – un, maya, duz və ilıq su. Onların tam miqdarını da artıq heç kim dəqiq deyə bilməz, belə ki, ləzgi qadınların çoxu uşaqlıqdan bu çörəyi bişirməyi öyrəndikləri üçün hər şeyi göz ölçüsü ilə əlavə edir.

Xəmir yoğrulduqdan sonra mütləq 2-3 saat qabarmağa qoyulmalıdır. Ona görə də əvvəllər qadınların oyandıqda gördükləri ilk iş məhz xəmir yoğurmaq olub. Daha sonra kündələr tutulur və prosesin ən maraqlı hissəsi başlayır. Xəmir adi çörəkdən daha incə yayılır, yumru və böyük olur. Daha sonra qızarması üçün üstünə qatıq, su və yumurta qarışığı sürtülür və taxta çubuqlarla naxışlanır. Məhz bu tərəfi də yalnız ləzgi çörəklərinə məxsusdur. Əvvəllər bu naxışı vurmaq üçün hindtoyuğu ləkəklərindən istifadə olunub. Birinci çörək xərəkdə bişənədək ikinci çörəyin hazırlığı görülür. Çox vaxt iki xanım bir yerdə bu işi görür, çünki xərək odununu daim qaldırmaq, lazım gələrsə daha çox odun əlavə etmək lazım gəlir.

Bu dəfə çörəyi bizim üçün Qusar rayonu Ləzə kəndi sakini Elmira Abdullayeva bişirib. Təxmin etdiyiniz kimi, birinci çörək elə oradaca kəsilib yeyildi. Nuş olsun!

Digər videolar

Əsas mövzular