22:12 09 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8796
© Sputnik / İlham Mustafa / Leyla Orucova

Sputnik Azərbaycan-ın regional çəkiliş qrupu Göygöl Milli Parkında “mini-ekspedisiyada” iştirak edib və parkda yerləşdirilən videotələlərin necə işlədiyini müşahidə edə bilib. Tələlərə “düşən” heyvanların nadir kadrlarını videomuzda izləyin.

Göygöl Milli Parkı, sözün əsl mənasında, canlı təbiət muzeyi hesab edilə bilər. Belə ki, dövlət qoruğu ərazisində Qafqaz maralı, bezoar keçisi, cüyür, qonur ayı, tülkü, porsuq, canavar, vaşaq kimi heyvanlar yaşayır, nəsillərini davam etdirir.

Bu heyvanların “gündəlik həyatını”, onların yaşayış areallarını müşahidə etmək bir çox təbiət həvəskarı üçün əsl bayram olardı. Göygöl Milli Parkının işçiləri isə bunu videotələlər vasitəsilə edir. Bu nadir kadrlar daha sonra mütəmadi olaraq toplanır və ölkənin vəhşi təbiətini öyrənmək üçün müstəsna əyani vəsaitə çevrilir. Maraqlısı odur ki, heyvanlar bəzi kadrlardı sanki “poza” verir. Göygölün əsrarəngiz təbiəti isə bu “model çəkilişi” üçün mükəmməl arxa fon rolunu oynayıb.

Bu kadrları əldə etmək üçün isə Sputnik Azərbaycan-ın bölgə müxbiri Göygöl Milli Parkının elmi işlər, ekoloji maarifləndirmə və ekoturizm üzrə direktor müavini Fuad Quliyev və onun komandası ilə parkın bütün sahəsini qət etməli olub, bir saatdan artıq bəzən insan ayağı nadir dəyən sahələrdən keçməli olub.

Qeyd edək ki, Göygöl Dövlət Təbiət Qoruğu 1925-ci ildə Azərbaycanda yaradılmış ilk qoruqdur. Göygöl Milli Parkı isə Prezidentin sərəncamı ilə 2008-ci ilin 1 aprel tarixində yaradılıb.

Digər videolar

Əsas mövzular