01:02 26 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0272
  • EUR1.9396
© Sputnik / Leyla Orucova / Taleh Mahmudov

Suzana Ştalder dörd il bundan öncə Azərbaycana ilk dəfə İsveçrə səfirinin xanımı olaraq gəlib. Bu müddət ərzində ölkəmizi özü üçün doğma ev hesab edən Xanım Ştalder mütəmadi olaraq ailəsi üçün Azərbaycan yeməkləri bişirir. Bu gün isə o, yarpaq dolmasının hazırlanma qaydasını təqdim edir.

Lazım olan ərzaqlar:

ət (yarısı qoyun əti, yarısı mal əti)

üzüm yarpağı

1.5 ç.q. duz

1 ç.q. istiot

1 ç.q. sarıkök

düyü (əvvəlcədən suya qoyulur)

göyərti (şüyüd, keşniş və nanə)

soğan

qatıq

Əvvəlcə dolmanın içi hazırlanır. Ətə sürtgəcdən keçirilmiş soğan, ədviyyatlar, düyü və xırda doğranmış göyərti əlavə edilir və ehmalca qarışdırılır. Müsahibimiz düyünü qoyduğu sudan da bir az əlavə edir ki, ət daha yumşaq alınsın. Yeməyə azca İsveçrə “ab-havası” qatmaq üçün isə evində həmişə istifadə etdiyi ədviyyat qarışığından qatır.  Daha sonra isə ət kiçik porsiyalarla üzüm yarpaqlarına bükülür və qazanın dibi boyunca səliqə ilə yerləşdirilir. Suzana dolmanı vərdiş etdiyimiz qazanlarda deyil, altında dəlikli əlavə boşqabı olan yüksək təzyiqlə bişən qazanda hazırlayır. Belə olan halda buxar qazanın içində sirkulyasiya edir və ət daha tez bişir. Daha sonra dolmanın üstü örtülənə qədər qaynar su əlavə edilir və ocağın üzərində 40 dəqiqə bişirilir.

Xanım Ştalder ilk dəfə Azərbaycan dolmasının dadına elə ilk tanışlıq səfəri zamanı baxıb. O vaxtdan özü də bu yeməyi hazırlayacağına dair özünə söz verib. Müsahibimiz etiraf edib ki, bişəndən sonra da ətin yarpaq içində səliqə ilə qaldığına məəttəl qalıb.

Keçmiş İsveçrə səfiri Filip Ştalder öz missiyasını sona yetirdiyi üçün, Suzana da iyun ayında Azərbaycanı tərk edəcək. İsveçrədəki evində üzüm ağacı olduğunu deyən müsahibimiz, orada da yarpaq dolmasını hazırlamağa davam edəcəyini deyib.

Bundan başqa, Azərbaycanda mövcud olan göyərti çeşidlərinə heyran olduğunu bildirib. Burada olduğu müddətdə mümkün olduğu qədər təzə göyərti və tərəvəz yeməyə çalışdığını etiraf edib.

“İlk dəfə ənənəvi Azərbaycan restoranına gedəndə, qabağımıza göyərti və pomidor-xiyar boşqabı qoydular. Göyərtilərin müxtəlifliyinə heyran qaldım. Biz də göyərtilərdən istifadə edirik, amma sizin qədər yox”.

Ailənin yeməklərini özü bişirən Suzana Ştalder üç qızına da yemək bişirməyi öyrətməyə çalışır. İsveçrədə olanda qızlar məktəbdə yemək bişirmə dərsləri keçirlər, burada isə hər bazar günü onlardan biri anasına yemək bişirməyə kömək edir.

Xanım Ştalderin dolmanı süfrəyə vermə üsulu da gördüklərimizdən fərqlənir. O, ilk öncə qatıq kasasını boşqabın ortasını yerləşdirir, dolmaları isə ehmalca onun ətrafına düzür. Budur, dolmamız hazırdır.

Nuş olsun!

Digər videolar

Əsas mövzular