CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ağrıdan keçən gözəllik: Sputnik Azərbaycan-ın əməkdaşı ilk döyməsini necə vurdurdu

Abunə olmaq
Döymələr ətrafında saysız-hesabsız əfsanələr dolaşır. Xüsusilə də cəmiyyətimizdə döymələr o qədər də populyar sayılmır, ağrılı hesab olunur. Hətta döymənin xəstəliklərə səbəb olmasını belə, deyənlər var. Amma düzgün və səliqəli edildikdə, olduqca gözəl görünməsi də danılmazdır.

Sputnik Azərbaycan-ın müxbiri isə döymə ilə bağlı deyilənlərə yox, gözü ilə gördüklərinə inanmaq istəyib. Və hər şeyi öz üzərində sınamağa qərar verib.

Təbii ki, bədənimə ömrümün sonuna qədər qalacaq bir döymənin vurulması heç də təsadüfi qərar ola bilməzdi. 18 yaşımdan bəri bunun haqqında düşünürəm desəm, yalan olmaz. Döyməni etdirməzdən öncə isə hər şeyi götür-qoy etdim və şəhərin tanınmış, ən əsası isə, etibarlı ustalardan birinə üz tutdum.

Yana Lu kimi tanınan döymə ustası Yana Lubimenko deyir ki, döymələrin sağlamlıq üçün təhlükəli olması, heç də əfsanə deyil. Belə ki, 90-cı illərdə avadanlıq tapmaq olduqca çətin idi və işlər az qala diz üzərində görülürdü. İndi isə vəziyyət artıq dəyişib, avadanlıq əldə etmək asanlaşıb.

Bütün tanınan ustalar isə öz reputasiyaları, eləcə də müştərinin sağlamlığı haqqında düşünürlər. Döymə maşınının tutacağından başqa, demək olar, bütün digər cihazlar birdəfəlik istifadə üçündür. Maşının tutacağı özü də xüsusi avtoklavda sterilləşdirilir. Tutacağın özü müştərinin dərisi ilə təmasda olmur. Təmasa keçən hər cihaz isə birdəfəlik və sterildir.

Öz adımdan deyim ki, hər şey olduqca təmiz və steril idi. Ağrıya gəlincə isə dözülməz bir şey deyildi. Demək olar ki, günümüzdə əksər qadın lazer epilyasiyasının ağrısı ilə tanışdır. Hiss etdiyim ağrı da ona oxşar idi. Yana deyir ki, ən ağrılı yerlər bikini nahiyəsi, döşlərin altı və barmaqlardır. Döymə vurdurarkən ağrıkəsici gel və ya dərmanlardan istifadə etmək məsləhət görülmür. Rəngli döymələrdə isə heç istifadə olunmur, belə ki, usta rəngin dəriyə necə hopduğunu görə bilmir. Bir də büküklərdə döymə etdirmək məsləhət deyi, çünki bu vaxt döymə çox gec sağalır.

Mənim seçdiyim döymə olduqca asan və xırda idi. Əvvəlcə biz onunla yazının formasını və ölçüsünü seçdik. Sonra o, trafaret və xüsusi gel vasitəsilə yazını dərimə ötürdü. Döyməni etməzdən öncə isə dərimi vazelinlə sürtdü – bu, dərini daha yumşaq edir, iynənin dəriyə keçidini asanlaşdırır və rəngin yayılmasının qarşısını alır.

Düzdür, vaxt keçdikdən sonra döymənin rəngi bir az solacaq. Çünki dərimiz yenilənir. Günəş vannaları qəbul etməyi sevirsinizsə, günəş şüaları da öz təsirini görəcək. Bundan başqa, mexaniki zədələr və sürtünmələr də vaxt ötdükcə döymənin solmasına təsir edir.

Döymələr, orta hesabla, 10 gün-2 həftə ərzində sağalır. Mənim döyməm kiçik olduğuna görə Yana əlimi xüsusi plastik və şəffaf sarğı ilə örtdü. Mən onu 5 gündən sonra çıxartmalı və daha sonra istədiyim kremlə sürtməli idim.

Daha böyük döymələrdə isə sağalma prosesi fərqlidir. Belə ki, böyük döymələrdə sarğı mütəmadi olaraq dəyişdirilməli, döymə sabunla yuyulmalı və pantenol tərkibli kremlə işlənməlidir. Amma çox vaxt ustalar birinci növü seçirlər, çünki bu üsul müştəri üçün də olduqca rahatdır.

Düşünmürəm ki, mən nə vaxtsa, döyməmi sildirmək istəyərəm. Amma hazırda bu da texniki olaraq mümkündür. Yəni sonradan döyməni sildirmək olar. Ancaq bu vaxt dəridə yanıqdan sonra əmələ gələ biləcək çapıqlar qala bilər. Yana deyir ki, vaxt ötdükcə döymə üçün istifadə olunan cihazlar da təkmilləşir. Əvvəllər, məsələn, rəngli döymələri, ümumiyyətlə, silmək mümkün deyildi. İndi isə hətta onları belə, aradan qaldıra bilən aparatlar ixtira edilib.

Bax belə! Çox həyəcanlıydım, çox qorxurdum. Amma qorxmağa heç bir əsas yox imiş. Ən əsas məqam isə heç vaxt bezməyəcəyiniz dizayn və yaxşı usta seçməkdir. Mən isə artıq ikincisi haqda düşünürəm.

Xüsusi qeyd! Döymə nahiyəsində lazer epilyasiyası etdirmək qəti qadağandır. Bu, dərin termik yanıq və çapıqlara səbəb ola bilər.

Xəbər lenti
0