CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şirvanşahlar dövrünün nadir inciləri, nəhayət ki, vətənə qaytarılıb

Abunə olmaq
Şirvanşahlar dövləti dövrünə aid nadir eksponatlar dünyanın müxtəlif muzeyləri üzrə səpələnib. Nəhayət ki, onlar doğma diyara qaytarılıb və Şirvanşahlar Sarayı kompleksində bir araya gətirilib.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Bakının tarixi hissəsində “Şirvanşahlar irsi dünya muzeylərində” adlı geniş miqyaslı sərgi təşkil edib. Sərgi “Müasir Azərbaycandan tarixi Şirvanşahlar dövlətinə səyahət” adlı beynəlxalq elmi forum çərçivəsində baş tutub.

Gürcüstanın Milli muzeyi, Türkiyənin Əsgəri muzeyi, eləcə də Rusiyanın aparıcı muzeylərinin kolleksiyalarına daxil olan Şirvanşahlar dövlətinə aid eksponatlar sərgidə xüsusi yer tutur.

Sərginin özəlliklərindən biri isə odur ki, eksponatların nümayişində müasir texnologiyalardan istifadə edilir. Bu cür vizual tanıtım hər eksponat haqqında daha çox məlumat ötürməyə, izləyicilərin isə özlərini o dövrün bir hissəsi kimi hiss etməsinə yardım edir. Sərgi təşkilatçıları o dövr mədəniyyətinin bütöv panoramını yaratmağa nail olublar.

Numizmatika elminə həsr olunmuş Num.az MMC şirkətinin rəhbəri Rövşən Əhmədov isə sərgidə nümayiş olunan, bu vaxta qədər dünyada məlum olmayan sikkələr haqqında daha ətraflı məlumat verib.

Qeyd edək ki, sərgi gələn il yanvarın 23-dək İçərişəhərdə, Şirvanşahlar Sarayı Kompleksində hər gün saat 9:00-dan 20:00-dək ziyarətçilər üçün açıq olacaq.

Xəbər lenti
0