01:39 27 May 2018
Canlı yayım
  • RUB0.0276
  • USD1.7000
  • EUR1.9906
© Sputnik / Leyla Abdullayeva / Kamilla Əliyeva

Fəsildən asılı olmayaraq, rayona gələn hər bir turist mütləq Quba paxlavasının dadına baxır

Böyük turizm potensialına malik olan rayonlarımızdan sayılan Quba həm də özünəməxsus şirniyyatları ilə tanınır. Bu şirniyyatlar arasında ən çox seviləni isə paxlava və bükmədir. Qubada paxlava bişirən ustalar içərisində ən məşhur ustalardan biri hesab edilən Mamed usta Sputnik Azərbaycan-a müsahibəsində bu şirniyyatın hazırlanmasının uzun, amma zövqlü bir proses olduğunu söylədi.

Bu gün Qubada 50-a yaxın paxlava sexi var. Sexlərin əksəriyyəti ustaların ya atasının, ya da babasının adını daşıyır. Amma bütün paxlavaların dadı eyni olmur. Paxlavanın dadlı hazırlanması bişirən ustadan və içliyin tərkibindən asılıdır.

Tərkibi:
— Düyü unu
— limon turşusu
— su
— fındıq, qoz (ya da badam) ləpəsi
— şəkər tozu
— zəfəran

Prosesə ilk olaraq düyü ununa su əlavə etməklə duru xəmir hazırlayaraq başlanılır. Həmin xəmiri 11 gözcüyü olan xüsusi qıfdan qızdırılmış tiyana tökməklə tor formalı "riştə" (nazik-nazik, əriştə kimi, red.) bişirilir. Üyüdülmüş qoz ləpəsi isə döyülmüş keşniş toxumu və hil ilə qarışdırılır. Mis məcməyi yağlanır, 8 ədəd riştə üst-üstə qoyulur və üzərinə içlik tökülür. Üzərinə yenidən 5 ədəd riştə qoyulub dairəvi formaya salınır.

Doğranmamışdan öncə bıçağın xəmirə yapışmaması üçün paxlavanın üzərinə un səpilir. Ardınca riştələr xüsusi alət qoyularaq paxlava formasında səliqə ilə doğranır. Üzərinə zəfəranlı boya çəkilir. Paxlavanın estetik görünüşlü olması üçün üzərinə qoz ləpəsi də qoyulur.
15-20 dəqiqə kömür od üzərində hər iki üzü bişirilir. Paxlava şəkər, limon turşusu və sudan hazırlanmış qaynar şərbətlə isladılır. 8-10 saat saxlanılır ki, şərbət paxlavanın içinə hopsun.

Mamed ustanın sözlərinə görə, paxlavanın xəmirinin hazırlanmasında hər ustanın özünəməxsus qaydası var və bu, birmənalı olaraq sirr saxlanılır.

Digər videolar

Əsas mövzular