Qarabağ xalçalarının toxunması ötən əsrin əvvəllərinə qədər fərdi şəkildə evlərdə həyata keçirilib. Vaxtilə şərqin saraylarını bəzəyən Qarabağ xalçaları 20-ci əsrdə Ağdamda xalça fabrikinin fəaliyyətə başlaması ilə öz inkişaf dövrünün ən yüksək mərhələsinə qədəm qoyub. Ancaq Ermənistan silahlı birləşmələrinin Ağdamı işğal etməsi və rayondakı bütün mədəniyyət nümunələrinin dağıdılması nəticəsində bu qədim el sənəti də məhv olmaq təhlükəsi ilə üz-üzə qalıb.
Ağdam rayon sakini Ceyran Əliyeva əmək fəaliyyətinə Ağdam xalça fabrikində başlayıb. Ömrünün 40 ilini bu sənətə həsr edib. Onun sözlərinə görə, fabrikdə əsasən 6-9 m2 ölçülərdə xalçalar toxunub. Belə ölçüdəki bir xalçanı 3 toxucu təqribən 40 gün ərzində hazırlayıb başa çatdırırmış.