Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Məclislərin şah yeməyi: Qızıl Hacılı bozartması

Abunə olmaq
Sputnik bu dəfə oxucularını əsasən Goranboy rayonunda bişirilən və kəndlərdən birinin adı ilə adlandırılan, toy məclislərinin şah yeməyi Qızıl Hacılı bozartması ilə tanış edir.

Bu yemək növü Azərbaycanın hər bölgəsində hazırlansa da, dadı, görünüşü və bişirilmə üsulları ilə ənənəvi bozartmlardan fərqlənir. Qızıl Hacılı bozartmasının özəlliyi və bişirilmə qaydaları haqda 15 ildir məclislərdə bu yeməyin ərsəyə gəlməsi üçün çalışan Famil Əliyev məlumat verir.

Nəsrəddin bozartması

Famil Əliyevin sözlərinə görə əvvəllər bu yemək onu ilk dəfə bişirən adamın —mərhum əmisi Nəsrəddinin adı ilə Nəsrəddin bozartması adlandırılıb. Məhz ilk dəfə o suyla kartofla birgə bişirilən ənənəvi bozartmadan yeni üsula-qızartma-bozartmaya keçib. Onun ölümündən sonra Qızıl Hacılıda bu yeməyi o üsulla bişirən bir neçə nəfər yetişib ki, bundan sonra yemək bölgədə kəndin adı ilə tanınmağa başlayıb.

Aşpaz yeməyin gözəl alınması üçün ilk növbədə kəsiləcək heyvanı düzgün seçmək lazım olduğunu deyir:

"Yeməyi hazırlamaq üçün 1-2 yaşlı cavan və ən çoxu 150 kq çəkisi olan dana kəsirik. Bundan başqa, kəsilən heyvanın da yerli mal olmasına üstünlük veririk. Çünki digər bölgələrdən və xaricdən gətirilən danalar daha çox süni qidalarla bəsləndiyindən, yeməkdə istənilən dadı və keyfiyyəti ala bilmirik. Heyvan səliqəli şəkildə kəsilir və hissələrə bölünərək asılır ki, ət soyusun. Ət isti olanda, o yaxşı doğranmır. Yeməyin yaxşı çıxması üçün düzgün doğranması da çox böyük əhəmiyyət daşıyır. Doğrandıqdan sonra hər qazana 17 kq ət, 10 litr su və duz vurulur və üzünün kəfi alınaraq pörtlədilir.

Ət pörtlədildikdən sonra teştlərə tökülərək yaxşı tikələr seçilir, sümükdən ayrılır və yenidən qazanlara yığılır. Bu zaman ona bir qaşıq tomat, 1 kq yağ və özündən süzülmüş 3 litr bulyon əlavə edilərək, yenidən ocağa qoyulur. Bu 3 litr su buğlanıb çəkilir və ət yağda qovrulur. Əsl iş bundan sonra başlayır. Kəfkirlə əti qarışdırırıq və ətin yağı canına çəkməsinə nail oluruq. Əti bu mərhələdə yaxşı qovura bildinsə, lazım olan dad alınacaq. Əks təqdirdə yemək istədiyin tamı verməyəcək. Sonra kartofu əlavə edirik. Kartof ətlə qarışdırılmır. Onu tökərkən yenə 3 litr bulyon əlavə edilir. O 3 litr də buxarlanan kimi kartof ətin üzərində bişməyə başlayır.

Bu su da buxarlanıb çəkildikdən sonra bizim məşhur Qızıl Hacılı bozartması hazır olur.

Bu yemək qazda bişirilmir. Hətta şadlıq evlərində belə, həyətdə xüsusi yerlər hazırlanır və yemək od üstündə bişirildikdən sonra içəri daşınır. Ocaqda bişən yeməyin dadı bir başqa olur".

Xəbər lenti
0