12:04 20 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
MÖVZULAR
Qısa URL
87031

Tehrandakı Ermənistan səfirliyinin qarşısında "Şuşa günü" keçirmək olarmı?

BAKI, 14 iyul — Sputnik. Bakıda bir qrup dini fanat İsrail səfirliyi qarşısında "Qüds günü" adi verilən antisemit ruhlu aksiya təşkil ediblər. Asayiş keşikçilərinin bir neçə aksiyaçını hadisə yerindən uzaqlaşdırmasını nəzərə almasaq tədbir baş tutub. Eyni aksiya Bakının Nardaran kəndində də təşkil edilib. "Qüds günü" İsrailin Fələstin torpaqlarını işğal etməsi əsas gətirilərək 1982-ci ildən (İsrailin yaranmasından 34 il sonra) İran inqlabının rəhbəri Ayətullah Xomeyninin istəyi ilə hər il Ramazan ayının son cüməsi təşkil olunur. Aksiya İran başda olmaqla şiələrin yaşadığı bölgələrdə – İraqda, Suriyada keçirilir. Əsasən İsrail bayrağını atəşə vermək, ayaq altında tapdamaq, İsrailə, sionizmə barmaq silkələmək və s. davranışı sərgilənir. Hərdən tədbiri daha əhatəli, tutumlu göstərmək, eləcə də qlobal siyasi-ideoloji əhəmiyyətini qabartmaq üçün İsrail bayrağına ABŞ və İngiltərənin bayraqlarını da əlavə edirlər. 

Bu aksiya İranin dini-siyasi liderinin fətvası, dini hökmünə əsasən keçirilir və buradan da belə məlum olur ki, bir növ ənənələşdirilmiş bu aksiya İranin dini-siyasi maraqlarını güdür. Yəhudi dövləti əleyhinə səslənən kin və hədəni doğuran zərurət İranın maraqlarına xidmət edir. Təkcə İranınmi? Və nədən ibarətdir İranın molla rejiminin güddüyü görünən və görünməyən maraqları? 

"Qüds günü" ritorikası, İsrailin varlığına ərəb ölkələrinin loyallığı fonunda İranın özünə konfessional deyil, ümumdini mərkəz statusu, bütün islam aləminin hüqüqlarını qoruyan imic qazana bilməsi üçün gərəkdir. İran bununla göstərmək istəyir ki, etnik və məzhəb ayrılığına baxmayaraq, 26 ərəb ölkəsinin unutduğu Fələstin problemini nəzərdən qaçırmır, İran müsəlmanların hüquqarı mövzu olunca, hətta supergüclərə qarşı gələ bilən "mucahid dövlət"dir. Bu, İranın hazırkı klerikalist-teokratik rejiminin özü üçün arzuladığı reputasiyadir. İran özünü İslam dünyasının mərkəzinə qoyur. Bir də İran bununla yaxin tərəfdaşı erməni güclərinə xidmət etmiş olur. İsrail aqressordur. Bu da olur yəhudi lobbisinin "dilini gödək etmək" üçün beynəlxalq erməniçiliyə kart-blanş. Və bunu bizlərə etdirir, beynəlxalq aləmdə yeganə səmimi tərəfdaşımız, təbii müttəfiqimiz olan yəhudiləri bizim dilimizlə susdurmaq üçün: sən aqressorsan. 

Düşmənlərimiz yəhudilərə bununla demək istəyirlər ki, "bu da sənin söz dedirtmədiyin müsəlman tərəfdaşın. Sən onu qoruyursan, o isə.." 

Bunun tələm-tələsik Azərbaycan tərəfdən yəhudilərə göstərmək üçün hesablanmış blef olduğunu yazanlar da tapıldı. Bir güllə ilə iki hədəf… Sanki İran Azərbaycanda heç bir fəaliyyət göstərmir, baş verən heç bir hadisədə bu ölkənin barmağı yoxdur, ümumiyyətlə İran yuxuya gedib. Nə baş verirsə, Azərbaycan tərəfinin işidir. Siyasi hakimiyyət yəhudi lobbisinə öz gərəkliliyini nümayiş etdirir. Həm də siyasi hakimiyyəti — indiki halda elə həm də dövləti etibarsız tərəfdaş kimi təqdim etmək, yəhudi lobbisi və dövlətiylə Azərbaycan hakimiyyətini, dövlətini incik salmaq. Bu da mollaların və müttəfiqlərinin sətiraltı hədəfi.

Bəs şiə-müsəlman İranın bu “islam mücahidi” ritorikasında Azərbaycan müsəlman-şiələrinin daha təzə dərdi nədən yer almır?! Nədən İran Azərbaycana münasibətdə din və məzhəb eyniyyəti prinsipindən giriş-çıxış etmir?! Niyə dindaşlarının, məzhəbdaşlarının da dərdini bu qeder canıyananlıqla göz altına almır?!

Tehranda bir dəstə azərbaycanlı sayılan vətəndaşına, məsələn, Şuşanın işğal günündə erməni səfirliyi qarşısına çıxıb bir “Şuşa günü” qeyd etməyə Azərbaycandan tələb etdiyi dözümü tanıyardımı?! Orada belə bir aksiyanın baş tutmasına, hətta təşəbbüs göstərilməsinə imkan verərdimi?! 

Bu gunlərdə İran kinematoqrafçıları Şuşaya Azərbaycandan iznsiz, xəbərdarlıqsız səfər edib qondarma rejimi təblig edən film çəkiblər. Eyni məntiqlə gərək İran "İsrailin əlində olan“ Fələstin torpaqlarına „kinoçəkən“ ezam edib İsrailin təbliğinə həsr olunmuş film sifariş edəydi. Bunu etməz. Amma bənzər situasiyadır. İranın tərəfdaşı Azərbaycan ərazilərini işğal altında saxlayır. Bəs elə isə, müsəlman və şiələrin öldürülüb, zorla köç etdirildiyi işğal zonasında İran maraqlarının nə ölümü var?! Nədən hər yolla Azərbaycan torpaqlarının işğalında, şimal sərhədlərinin erməniləşməsində bu qədər maraqlıdır? Səbəb aydındır: iran siyasətçilərinin heç də gizlətmədikləri „İranın şımalında Azərbaycan adlı bir ölkənin varlığı İran üçün təhlükədir“ ritorikasının davamıdır. İran şimal sərhəddində türkdilli bir etnosun siyasi varlığını və dominantlığını istəmir və o siyasətin də davamı olaraq zaman-zaman şimal sərhəddi boyunca bir erməni siyasi-inzibati zolağı çəkir, onun ayaqda qalmasında maraqlıdır. Buna görə də bütün mümkün yardımları edir ki, şimalını daha çox erməniləşdirsin. 

Bu həm də İran daxilində olan azərbaycanlıların gələcək bədbəxtliklərinin əsasını qoymaqdır.Bu isə bir başqa yazının mövzusudur…

Fəxri Hacıbəy

Xüsusi olaraq "Sputnik" üçün Almaniyadan

Teqlər:
Ramazan, İran inqilabı, Şuşa Günü, Qüds Günü, Tehran, İran, Nardaran kəndi, Fələstin, İsrail, Azərbaycan

Əsas mövzular