CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qlobal reytinqdə yüksəlmişik: amma bunun xeyri dələduzların cibinə gedir

© REUTERS / Dado RuvicБиткоин, фото из архива
Биткоин, фото из архива - Sputnik Azərbaycan, 1920, 20.08.2021
Abunə olmaq
Kriptovalyuta mayninqi mövzusu bu ilin əvvəlində dünya üzrə kibercinayətkarların diqqətini yenidən çəkməyə başlayıb.
BAKI, 20 avqust — Sputnik. İlin əvvəlindən etibarən “Kaspersky” dünya üzrə potensial kriptovalyuta investorlarını və ya kriptovalyuta mayninqi ilə maraqlanan istifadəçiləri hədəf alan 1500-dən çox fırıldaqçılıq mənbəyini qeydə alıb. Şirkətdən Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilir ki, bu müddət ərzində şirkət istifadəçilərin bu saytlara 70 mindən çox keçid cəhdini önləyib*.
Təcavüzkarların istifadə etdiyi ən geniş yayılmış sxemlər:
• saxta kripto birja saytlarının yaradılması: bu halda istifadəçiyə birjadakı hesabını doldurmaq üçün guya bir kupon verilir, lakin ondan istifadə etmək üçün yoxlama ödənişi (adətən 0,005 bitkoin və ya təxminən 200 ABŞ dolları) tələb olunur və bu məbləğ kibercinayətkarların cibinə gedir;
• videokartlar və digər kripto mayninq avadanlıqlarının saxta satışı ilə bağlı mesaj göndərişləri: avadanlıq almaq üçün istifadəçidən əvvəlcədən ödəniş etmək tələb olunur. Məbləğ daxil edildikdən sonra elan müəllifləri ünsiyyəti dayandıraraq yoxa çıxır;
• kriptovalyuta cüzdanı ilə əlaqəli bütün rəqəmsal aktivlərə giriş əldə etməyə imkan verən şəxsi açarları oğurlamaq üçün fərqli məzmunlu fişinq səhifələrinin yaradılması.
Məsələn, aşkar edilən sxemlərdən biri belə işləyirdi: istifadəçilər növbəsiz və yalnız bitkoin sahibləri üçün eksklüziv koronavirus peyvəndinin satılması barədə mesaj alır. Bu dələduzluq metodu peyvəndin hələ təzə-təzə meydana çıxdığı vaxtlarda xüsusilə geniş yayılmışdı. İstifadəçi peyvəndi əvvəlcədən sifariş etmək üçün messencerdə bir kontaktın göstərildiyi sayta daxil olur. Daha sonra bitkoinlə öncədən ödəniş etmək lazım gəlir. Pul isə təcavüzkarların hesabına gedir və həmin şəxs qarşılıq olaraq heç nə almır.
Təcavüzkarlar adətən saytları məşhur domen zonalarında yerləşdirirlər: .com, .net, .org, .info, onları ucuz domen satılan zonalarda da görmək olur: .site, .xyz, .online, .top, .club, .live. Kriptovalyuta sahəsində fişinq və digər saxtakarlıqların fərqli xüsusiyyəti veb sayt hazırlanmasında hər bir detala önəm verilməsidir. Məsələn, saxta kripto birjalarında tez-tez mövcud birjalardan real məlumatlar, xüsusən də bitkoin məzənnələri yüklənir. Təcavüzkarlar başa düşürlər ki, bu sahə ilə maraqlanan və ya ona sərmayə qoymaq istəyən insanlar texniki anlamda daha çox səriştəlidirlər. Buna görə də, digər insanların məlumatlarına və pullarına çatmaq üçün öz texnikalarını daha da çətinləşdirirlər.
Xatırladaq ki, kriptovalyuta mayninqi mövzusu bu ilin əvvəlində dünya üzrə kibercinayətkarların diqqətini yenidən çəkməyə başladı. “Kaspersky” mütəxəssislərinin ehtimallarına görə, bunun səbəbi kriptovalyutanın, xüsusən də bitkoinin qiymətinin artması ola bilər və bu səbəbdən maynerlər yenidən iş başına qayıdıblar. “Kaspersky”-nin informasiya təhdidlərinin inkişafı ilə bağlı hesabatlarına görə, bu ilin birinci rübündə mayninq hücumlarının – kriptovalyuta yaradılması üçün proqramların ən çox qeydə alındığı ölkələr arasında Azərbaycan 17-cı sırada yer alıb, ikinci rübdə isə 9-cu yerdə dayanıb.
"Kriptovalyuta maynerlərinin hücumuna məruz qalan ölkələrin qlobal reytinqlərində Azərbaycanın yüksəlməyə başladığını müşahidə edirik. Bundan əlavə, fırıldaqçılar da fəallaşıblar. Son zamanlar istifadəçilər kriptovalyutalara daha çox maraq göstərirlər və təcavüzkarlar bunu öz sxemlərində istifadə etmək fürsətini əldən vermirlər. Dələduzların qurbanları həm kriptovalyutalara sərmayə qoymaq və ya onun mayninqi ilə məşğul olmaq istəyənlər, həm də bu cür vəsaitlərin sahibləri ola bilər", - deyə “Kaspersky”-nin Azərbaycandakı nümayəndəsi Müşviq Məmmədov bildirib.
Kiber cinayətkarların qurbanı olmamaq üçün “Kaspersky” istifadəçilərə tövsiyə edir:
• məktublar, messencerlər və sosial şəbəkələrdəki mesajlar vasitəsilə göndərilən linklərə keçid etməyin;
• şəbəkədəki olduqca səxavətli təkliflərə həssas yanaşın;
• tətbiqi yalnız rəsmi mağazalardan yükləyin;
• fişinq və skamı neytrallaşdıran, həmçinin zərərli proqramların yüklənməsini önləyən qoruma həllərindən istifadə edin;
• əgər mağaza tanınmış deyilsə, ondan məhsul almazdan əvvəl, xüsusi WHOIS saytlarında həmin domenin neçə müddətdir mövcud olması və onun sahibinin kim olması barədə məlumatları araşdırın: əgər o lap yenidirsə və fiziki şəxsin adına qeydiyyatdadırsa, alış-verişdən vaz keçməyiniz daha məsləhətdir.
*2021-ci ilin yanvar - iyul aylarında “Kaspersky” həllərinə edilmiş geridönüşlərin anonimləşdirilmiş statistikası əsasında.
Eləcə də oxuyun:
Assosiasiya yeni fırıldaqçılıq hallarına dair məlumat yaydı
Sizə də kriptovalyuta ilə qazanmaq təklif olunur? Hesabatla tanış olmağın vaxtıdır
Nazirlikdə laboratoriya yaradılıb: yeni nəsil mütəxəssislər hazırlayacaqlar
Xəbər lenti
0