16:37 02 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
Hi-Tech
Qısa URL
41340

Qax rayonunun əhalisi internet problemi ucbatından zara gəlib. Rayon telekommunikasiya qovşağının rəisi isə iddia edir ki, rayonun 75%-i internetlə təchiz edilib və camaat Şəkiyə baxıb Qaxa şükür eləsin.

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 27 iyun — Sputnik. O, bütün dünyanı hörümçək toru kimi birləşdirib və bu gün həyatımızın ayrılmaz hissəsinə çevrilib. Qloballaşan dünyamızda həyatımızı onsuz təsəvvür etmək qeyri-mümkündür. Xüsusən koronavirus (COVID-19) pandemiyası dövründə insanlara hava-su kimi lazım olan internetin vəziyyətindən hər kəs giley-güzar edir. Elə Qax rayonunun əhalisi kimi.

Afaq Abbaslı kitabxanaçıdır. Deyir ki, bu dönəmdə internet onun üçün olmazsa olmazlardandır: "Karantin başlayandan bizim işimiz birə-beş artıb. Mən hər gün oxucularımız üçün dünya və Azərbaycan ədəbiyyatının nümunələrindən ibarət videoçarxlar hazırlayıram. Onu sosial şəbəkələrdə paylaşmaq üçün saatlarla vaxtım gedir. Keçən həftə bir videonu yükləmək iki gün vaxtımı aldı. Hələ mən Qaxın mərkəzində yaşayıram, görün kəndlərdə vəziyyət necədir?"

Ruhiyyə Muradova bildirir ki, onlar rayondakı internet probleminə görə, paytaxtda qalmağa məcbur olublar: "Biz Bakıda yaşayırıq. Karantin başlayanda istədim uşağı aparım Qum kəndinə. Fikirləşdim, onlayn dərsləri oradan keçər. Yeni tikilən evimizə telefon və internet çəkdirmək üçün ATS-ə müraciət etmişdim. Oradan müsbət cavab ala bilmədiyimə görə, Rabitə Nazirliyinə onlayn müraciət etdim. Bu zaman rayon ATS-dən töhmət yağdırdılar ki, niyə şikayət etmisiz. Bunu başa düşdüm, tutaq ki, vəsait yoxdur telefon çəkməyə. İstədim atamgildə olan telefon nömrəsinə internet açdırım. Kənd camaatı dedi ki, internet üçün aylarla növbədə durmalısan. Bu da bir yana qalsın, qohum-əqrəbadan eşidirəm ki, internetin zəifliyindən heç məktəb uşaqları da onlayn dərslərə normal qoşula bilməyiblər. Amma oğlumun bəzi sinif yoldaşları digər rayonlardan rahatlıqla "Virtual məktəb"in onlayn dərslərinə qoşulurdular. Bizsə internet və dərslərin dərdindən qapanıb qaldıq şəhərdə".

Şikayətçi rayon sakini Çimnaz Əhmədova isə deyir ki, Qaxda internetin pulunu bir gün gecikdirsən, onu başqasına satırlar.

"Sözün əsl mənasında monopoliyadır. Karantin başlayandan, 20 dəfə müraciət etdim, xeyri yoxdur. Uzun müddət Rusiyada yaşamışam. Orada istədiyin operatora qoşula bilirdin. Nə stasionar telefon, nə də qeydiyyat axtarmırdılar. Bir günə evə internet qoşub, müqaviləni bağlayırdılar. Lazım olmayanda da, neçe aylıq istəsən bağlatdırırdın. Bizdə isə 1 il yalvarmalısan, rüşvət təklif etməlisən. Bu cür internet təminatıyla hansı onlayn dərsdən danışmaq olar?", - Çimnaz Əhmədova bildirib.

İlhamə Qurbanova isə kəndlərindəki internet problemi ilə yanaşı, elektrik problemindən də söz açıb: "Qaxın Şıxlar kəndində işıq problemi var. İmtahan başlayanda işıq söndürülür, imtahan qurtaran kimi yandırılır. İqtisadiyyat Universitetinin tələbəsi artıq 2 fəndən imtahanda iştirak edə bilməyib. Başqa tələbələr də imtahanda iştirak edə bilməyib. İşıq stansiyası da kəndin mərkəzindədir. Valideynlər gediblər ki, vəziyyəti anlatsınlar, uşaq imtahanda siyahı üzrə 3-cü tələbədir, 20-30 dəqiqəlik işıq yansa, uşaq imtahanı verər. Veclərinə də almayıblar. Sabah yenə imtahandır. Tələbənin nənəsi gedib bu gündən işıq stansiyasında oturub ki, heç olmazsa, nəvəsi sabahkı imtahanda iştirak edə bilsin".

Nadir Şirinov hesab edir ki, dünyanın ən zəif interneti Qaxdadır: "Qax rayonunun mərkəzində belə internet çox problemlidir. Heç cür istifadə etmək olmur. Avadanlıqlar tez-tez donur. Bəlkə də dünyada ən zəif internet Qaxdadır. Ələxus axşamlar heç cür istifadə efmək olmur".

Aslan Şanidzenin də övladları sözügedən problemə görə, təhsildən yayınıb: "Turaclı kəndindənəm. İnternet olmadığından, övladlarım karantin vaxtı dərsdən məhrum oldular. Şayiələr gəzir ki, karantin dövrü yanvara qədər davam edəcək. Karantin dövrü davam etsə, nə olacaq bilmirəm".

Nargilə Baxışova barəsində danışdığımız problemdən ən çox əziyyət çəkən insanlardandır: "Qaratala kəndindənəm. Evimdə 2 tələbə, 2 şagird var. Karantin dövründə onlar və biz nələr çəkdik, bir Allah bilir. Tələbə olan qızlarım meqabaytla internetə girib, müəllimləri ilə, tələbə yoldaşları ilə əlaqə saxladılar. Ölkədəki mobil operatorların da verdiyi internetin səviyyəsini bilirik, bundan danışmağa dəyməz. İmtahan üçün meqabayt əl vermədiyindən Bakı Dövlət Universitetində oxuyan qızım məcburən Bakıda kirayə qaldığı evə getdi. Çünki, o, rayonumuzun internetinə etibar etmədi. Rayonda qalıb onlayn imtahan verən tələbələrin əksəriyyəti bu problemə görə, imtahan vaxtı çətin anlar yaşayıb. 1 ildən çox idi ki, müraciət edirdik. Nəhayət, bu həftə internet çəkildi. Amma nə fayda, qızım imtahanlarını Bakıda verdi. Digər məktəbli övladlarım isə təhsildən yayındı".

Haqqında danışdığımız problemlə bağlı, rayon telekommunikasiya qovşağının rəisi Qazi Omarovla əlaqə saxladıq. Omarov bildirir ki, söylənilən problemlər əsassızdır: "Qaxlıların internetdən şikayət etməyə haqları yoxdur. Qaxın 75%-i internetlə təmin olunub. Dünyada hər 100 evdən 17-sində internet varsa, bu, normal sayılır. Qaxda isə bapbalaca kəndələrində belə, internet var. Baxın qonşu Şəki rayonuna. Oranın böyük kəndlərində əhalinin böyük bir qismi internetsizdir. Sözsüz ki, problemlər var, amma biz çalışırıq yaxın zaman ərzində bu problemləri aradan qaldıraq".

Apardığımız sorğudan da göründüyü kimi, rayon əhalsinin böyük bir qismi, internet xətlərinin çəkilməməsindən narazıdırlar. Qurum rəsmisi bu problemə aydınlıq gətirib: "Pandemiya dövründə dünyanın bütün ölkələrində internet problemi yaşanır. Təbii ki, biz də buna hazır deyildik. Müraciətlərin böyük bir qismi bu dövrdə olub. Biz də çalışırıq, hər kəsi razı salaq. Amma bu, birdən-birə baş verə bilməz. Başqa bir məsələ də var. Məsələn, götürək rayonun Uzuntala kəndini. Kənd sakinləri internet tələb edir. Deyirik ay vətəndaş, ərizə yazın. Allahın bir ərizəsini belə yazmaq istəmirlər".

Qax rayonunun dağ kəndləri turistlərin ən çox üz tutduğu məkanlardandır. Həmin dağ kəndlərdəki insanların da əksəriyyəti internet problemindən şikayətçidir. Qazı Omarov isə deyir ki, daha çox insanların daimi qaldığı kəndləri internetlə təmin etməyi düşünürlər, nəinki turistlərin gəldiyi məkanları.

"Çünki, turist gəlib bir ay, maksimum iki ay qalır. Sonra da çıxıb gedir. Bu, bizə sərf etmir. Çünki internetin çəkilməsi üçün lazım olan avadanlıqlar bahadır. Onları xaricdən gətiririk, çünki bizdə istehsal olunmur. Bu avadanlıqlar cəmi iki ölkədən - Almaniya və Çindən gəlir. Biz internet çəkirik, turist bir ay yaşayar, ya yaşamaz, çıxıb gedəcək. Avadanlıq qalacaq havada. Buna görə də biz çalışırıq, əvvəlcə burada daimi yaşayan əhalini internetlə təmin edək".

Əsas mövzular