ELM

Qanımıza kiçik cihazlar yerləşdiriləcək və baxın, nələr baş verəcək...

© AFP 2023 / LUIS ROBAYOElmi laboratoriya
Elmi laboratoriya - Sputnik Azərbaycan
Abunə olmaq
Ötən yayını Marsda, bu yayını Yupiterdə keçirənlər, gələn yay tətilini Yupiterin peyki olan Avropada keçirməyi planlaşdıracaqlar

BAKI, 26 sentyabr — Sputnik. Zaman durmadan axır. Bugün dünənə, sabah bugünə çevrilir. Min il əvvəlin tarixini oxuyanda bu min ildə nələrin dəyişdiyini, nələr etdiyimizi, nələr bacardığımızı, nələr yaratdığımızı, nələrə qadir olduğumuzu görmək elə də çətin deyil. Və bizim bu nəhəng qabiliyyətimiz tükənməyəcək. Nə qədər ki, insan var, dünyanın, kainatın taleyini dəyişməyə, yaratmağa, kəşf etməyə davam edəcək.

Planetlər, arxiv şəkli - Sputnik Azərbaycan
ELM
Dünya böyüklüyündə 10 yeni planet kəşf edildi

Quş lələyini mürəkkəbə batırıb yazan insanları düşünün. Görünüşləri əcdadımıza daha çox oxşayan, amma bir şeylərin axtarışında olan insanların bir kitab yazmağa nə qədər zaman və zəhmət sərf etdiyini təsəvvür etmək elə də çətin deyil. Bu gün isə barmağımızı klaviaturanın hərflərinə xəfifcə toxundurub dəqiqələr içində qalaq-qalaq materiallar hazırlayırıq. Və inana bilirsiniz ki, min il sonra insanlar, indi özümüz üçün inkişaf, yüksəliş, inqilab hesab etdiyimiz bu cihazların hamısını tarix muzeylərində saxlayıb, hərdən şagirdləri, tələbələri ekskursiyalara aparıb, bizim necə böyük əziyyətlərlə yaşamağımızdan danışacaqlar?

İndi çarə tapa bilmədiyimiz xərçəng, şəkər və digər xəstəliklər də gələcək insanlar üçün adi qrip kimi yüngül problem olacaq. Milyonlarla can alan bu mərəzlər gələcək insanların ruhunu da incidə bilməyəcək. Elm insanlarının təxmininə görə, çox yox, cəmi əlli il sonra yer üzündə sağalmayan heç bir xəstəlik qalmayacaq. Olduqca kiçik cihazlar insanın qanına yerləşdiriləcək və bu cihazlar orqanizmi bütün yad cismlərdən, viruslardan, mikroblardan təmizləyəcək. İnsanın ömrü indikindən qat-qat uzun olacaq. Əlbəttə, bombalardan, qəzalardan, şüalardan, zərərli qidalardan dolayı həyatını itirməzsə.

Gələcək insanların ən böyük xoşbəxtliklərindən biri də yay tətillərini keçirmək üçün gedəcəkləri yerlər olacaq. Onlar bizim kimi "Antalya, yoxsa Batumi", ən yaxşı halda "Roma, yoxsa Paris" deyə tərəddüd etməyəcəklər. Biz ən yaxşı halda Avropanın məşhur şəhərləri arasında seçim etməli olduğumuz halda, gələcək insanlar Yupiterlə, onun peyki olan Avropa arasında seçim edəcəklər. Ötən yayını Marsda, bu yayını Yupiterdə keçirən, gələn yayını Yupiterin peyki olan Avropada keçirməyi planlaşdıran gələcək insanlar üçün bu səyahət turları bizim gündəlik rastlaşdığımız aviaşirkətlər kimi bir şey olacaq.

Yer kürəsində insan qədər robotların da yer alacağı bildirilir. Gələcək insanlar robotlarla dost ola, sevgili ola, hətta ailə qura biləcəklər. Bu robotlar insanların elmi-mədəni işlərində, məişət həyatlarında onlara yoldaşlıq edəcəklər. İnsanla ortalama eyni zəkaya və eyni duyğuya sahib ola biləcək bu robotlardan həm də ordularda istifadə ediləcək.

Şəxsən mənə görə, elm adamlarının gələcək dünya haqqında ən böyük vədi insanın teleportasiyasıdır. Alimlər bildirirlər ki, gələcək insanlar avtomobillərdən, qatarlardan, təyyarələrdən yalnız əyləncə vasitəsi kimi istifadə edəcəklər. Gələcək nəsillərin ən böyük nəqliyyat vasitəsi teleportasiya liftləri olacaq. Şirkətlərdən bu liftlərə bilet alacaqlar. Liftə daxil olacaqlar və işıq sürəti ilə bütün atomlarına qədər istədikləri məkanda peyda olacaqlar.

Roma papası Fransisk - Sputnik Azərbaycan
Papadan həyacan siqnalı: "Bəşəriyyətin böyük bir hissəsi məhv olacaq"

Sehirli filmlərdə baxıb fantastika adlandırdığımız bu proses gələcək nəsillərin gündəlik nəqliyyat vasitəsi olacaq. Həm maraqlı, həm vahiməli olan bu prosesi görməyə və yaşamağa əfsus ki, bizim ömrümüz yetməyəcək.

Üçüncü minilliyin yaşayışı haqqında çox şey yazmaq olar: zaman maşınlarından tutmuş, işıq sürəti ilə hərəkət edə biləcək kosmik gəmilərə qədər; insanın dərisi üzərində əks olunacaq qol saatlarından tutmuş, səsli əmrlər vasitəsi ilə açılıb-bağlana biləcək qapılara, pəncərələrə qədər.

Bütün bunlar belə, insanın böyük elmi ixtiralarının kiçik bir qismidir və əlbət ki, bunlar mükəmməl hadisələrdir. Lakin məni narahat edən, məni qorxudan bir məsələ var. Belə hesab edirəm ki, elə yazını oxuduqca bu məsələ sizi də narahat etdi.

Narahatlığım ondan ötrüdür ki, dünya kainat turlarına çıxanda, azərbaycanlılar "VAZ2107" maşınları ilə şosselərdə yarışmaqda olsunlar. Dünya zaman maşınlarında gəzib, keçmişə və gələcəyə səyahət edəndə, azərbaycanlı ağsaqqallar, ağbirçəklər gənclərlə adət-ənənə savaşına çıxsınlar.

Ondan ötrü narahatam ki, dünya mediası qonşu qalaktikaya səyahət turlarına başlanılması haqqında xəbər yazanda, Azərbaycan mediası hansısa müğənninin sinəsinin və budlarının görünməsini manşetə çevirsin. Avropada az qala hər kəsin şəxsi teleportasiya liftləri olduğu halda, azərbaycanlılar onları əxlaqsız və kafir adlandıraraq çayxanalarda təsbeh fırlatsınlar.

Narahatam ondan ötrü ki, bütün dünyada sağalmayan xəstəlik qalmadığı halda, azərbaycanlılar qızılca olan uşaqlara qırmızı parça büksün, ciyərləri ağrayanda kürəklərini hansısa daşlara söykəsin.

Və daha nələr, nələr!? Narahatam, əzizlərim. İnsanların irqi, milli, dini, cinsi ayrıseçkiliyə məruz qaldığı, kimsəyə zərəri olmayan şəxsi yaşam normalarına görə təzyiq altında yaşadığı bir məmləkətdə zamanın gələcəyə doğru axdığına inanmıram…

Xəbər lenti
0