ELM

Dünya bu vadidən idarə olunur

© NeurovigilSilikon vadisi
Silikon vadisi - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ-də yerləşən nəhəng texnologiyalar düşərgəsində bütün beyin mərkəzləri cəmləşib. Bəşəriyyətin bu günü və gələcəyini müəyyənləşdirən texnologiyalar bu mərkəzdə hazırlanır.

BAKI, 11 fev — Sputnik. Müasir texnologiya. Beyin mərkəzi. Elmi araşdırma institutu. Bu ifadələr səslənərkən, ağıla ilk gələn Silikon Vadisi olur. Bəs, Silikon Vadisi haqqında nələr bilirik?

Orijinal adı "Silicon Valley" olan, böyük texnologiya şirkətlərinə ev sahibliyi edən vadi Amerika Birləşmiş Ştatlarının Kaliforniya əyalətində yerləşir. Vadidə bir çox böyük şirkətlərin araşdırma və inkişaf mərkəzləri var.

Dünyanın texnologiya mərkəzi olaraq qiymətləndirilən Silikon Vadisi Cənubi Kaliforniyadakı San-Fransisko vadisinin bir parçası olan San Jose Vadisinə verilən addır. Bu ad isə bölgədə əvvəllər məşhur olan silikon çip istehsalçıları ilə bağlıdır. Sonradan isə yüksək texnologiya ilə əlaqədar sektorları ifadə etmək üçün istifadə edilən bir deyim olub.

© AP Photo / Eric RisbergFacebook sosial şəbəkəsinin Silikon vadisindəki ofisi
Facebook sosial şəbəkəsinin Silikon vadisindəki ofisi - Sputnik Azərbaycan
Facebook sosial şəbəkəsinin Silikon vadisindəki ofisi

Silikon Vadisi universitetlərin, texnologiya nəhənglərinin və araşdırma təşkilatlarının bir araya gəldiyi nəhəng bir texnologiya bölgəsidir. Daha çox dizayn və mühəndislik vadisi deyə də xatırlanmaqdadır. Vadi araşdırma və inkişaf etdirmə fəaliyyətlərinin, irəli texnologiyanın və elektronlaşmanın ən sıx şəkildə istifadə edildiyi sahə olub, məqsədi yarıkeçirici texnologiyaların inkişaf etdirilməsidir.

Beynəlxalq texnoloji firmaların mərkəzi buradadır. Bunlara nümunə olaraq İntel, Cisco, Google, Yahoo, Hp, Xeros, Apple, Maxtor, Microsoft, Oracle, Facebook, Nvidia, Ati, Mozilla və daha yüzlərlə nəhəng şirkətləri qeyd etmək olar.

Silikon Vadisinin tarixçəsi

1800-cü illərin ortalarında Şimali Amerikanın qərb sahillərində yerləşən Kaliforniyanın paytaxtı El Dorado şəhərində qızıl yataqları kəşf edildi. Bununla birlikdə Kaliforniya "Qızıl əyalət" olaraq xatırlanmağa başladı. Kaliforniya eyni zamanda süd, bal və üzüm istehsalında məşhur bir bölgədir. Dolanışıq mənbəyi baxımından rahat bir yaşayış yerinə çevrilən Kaliforniya təşəbbüskar ruhlu insanları özünə çəkməyə başladı.

Kaliforniyanın sabiq valisi Leland Stanford 1891-ci ildə Stanford Universitetini qurdu. Bu universitetin yaradılması bir növ bu vadinin təməlinin atılması mənasına gəlir. 1910-cu ildə diod keçiricini icad edən Lee De Forest Kaliforniyaya yerləşir. O, radio, qitələrarası telefon əlaqəsi, televiziya, radar və rəqəmsallaşmanın inkişafına öz töhfəsini verib.

Stanford məzunları Bill Hevlett ilə Devid Pakard, universitetin dəstəyi ilə 1939-cu ildə "Hewlett Packard" (HP) şirkətini qurdular. Stanford universitetinin dekanı, universitetin ətrafındakı bütün əraziləri texnologiya şirkətlərinə sataraq bölgənin dünyada texnologiya mərkəzi olmasını təmin etdi.

© AFP 2023 / Kimihiro HoshinoDünya nəhəngi Google-un mənzil-qərargahı
Dünya nəhəngi Google-un mənzil-qərargahı - Sputnik Azərbaycan
Dünya nəhəngi Google-un mənzil-qərargahı

Silikon Vadisində ilk mükafat Uolter Bretteyn, Con Barden və Uilyam Şoklinin ilk yarımkeçirici tranzistoru icad edərək aldıqları Nobel mükafatı oldu. 1963-cü ildə Doug Engelbert, Fair Stanford Araşdırma İnstitutunda ilk kompüter siçanını (Mouse) inkişaf etdirdi və internetdə online sisteminin təməlləri atıldı.

İşçilərin öz aralarında yaradıcılıq rəqabəti aparması Silikon Vadisində çox normal bir hadisə idi və bu səbəbdən bölgədə kimsə müqaviləli olaraq çalışmaq istəmirdi. O zamanlar Kaliforniya əyaləti istisna olmaqla, digər ştatlarda texnologiya şirkətlərində çalışanlar müqaviləli olaraq işləyirdilər. Bu da imkan vermirdi ki, işləyənlər işdən çıxdıqdan sonra işəgötürənə rəqib olaraq işini qursunlar.

1994-cü ildə Jerry Yang Stanford universitetində məşhur axtarış mühərriki Yahoo-nu qurdu. Stanford məzunları Sergie Prin ve Larry Page 1998-ci ildə Google şirkətini qurdular. Mark Zukerberq Harvard Universitetində oxuyarkən, 2004-cü ildə Facebook-u yaratdı.

Burada işçilərin illik gəlirləri 80000 dollar civarındadır

Silikon Vadisinin eynisini inşa etmək mümkün deyil. Dünyanın məşhur markalarının qurucularının ortaq yönü isə — hamısının Stanford Universitetindən məzun olmasıdır. Bura, sanki bir qabiliyyət fabrikidir. Vadi, təxminən 1 trilyon dollardan çox bir bazara sahibdir.

© Photo : RFE/RLRafiq Əliyev, akademik
Rafiq Əliyev, akademik - Sputnik Azərbaycan
Rafiq Əliyev, akademik

Ən ağıllı sahibkarlar qısa zamanda böyük bir sərvətə qovuşurlar. 250.000 işçinin çalışdığı Silikon Vadisində işçilərin illik gəlirləri 80.000 dollar civarındadır. Çalışanlar müqavilə ilə işləməyi çox da seçmirlər. İşçi istədiyi firmaya keçə bilər. İş yerləri çox cazibədardır və əlverişli şərait vardır. Vadidə sürətli hərəkət etmək və rəqiblərinizdən daim irəli olmaq məcburiyyətindəsiniz. Çünki, texnologiya sürətlə inkişaf edir.

Bizdə belə vadi varmı, yaxud bizim vadidə nələr var?

Dünya şöhrətli alim, akademik Rafiq Əliyev Azərbaycanda belə bir mərkəzin yaradılmasını mümkünsüz hesab edir. Onun fikrincə, Silikon Vadisi ABŞ kimi dünyanın ən qüdrətli ölkəsində yerləşir və belə bir mərkəzə sahib olmaq üçün, ilk növbədə Amerika qədər pulun və təhsil sistemin olmalıdır. Yəni bunun üçün külli miqdarda maliyyə lazımdır.

"Maliyyədən də öncə, maliyyə çox olsa belə, Harvard universiteti, Massaçusetts Texnologiya Universiteti lazımdır. Belə universitetlərimiz yoxdur. Düşünmürəm ki, bu, mümkün olsun", —deyə akademik Sputnik-ə açıqlamasında bildirib.

Bizdə belə texnologiyaların perspektivi yoxdur!

İnformasiya-kommunikasiya texnologiyaları (İKT) üzrə ekspert Vahid Qasımov da belə bir vadinin Azərbaycanda yaradılmasını mümkünsüz sayır. Sputnik-ə danışan ekspertin sözlərinə görə, Azərbaycan kimi kiçik bir ölkə texnologiyaların perspektivi yoxdur.

© öz şəxsi facebook hesabındanVahid Qasımov - Sahil IT şirkətinin direktoru
Vahid Qasımov - Sahil IT şirkətinin direktoru - Sputnik Azərbaycan
Vahid Qasımov - Sahil IT şirkətinin direktoru

Onun dediyinə görə, hər şeydən əvvəl bunun Azərbaycanda bünövrəsi yoxdur: "İndi texnoparkı yaratmağa çalışırlar. Məsələn, Estoniya da kiçik ölkədir və onlar vəsaiti elektron hökumətin yaradılmasına yönəldiblər. Bu proses 1992-1993-cü illərdə baş verib. ilk dəfə 2009-cu ildə Azərbaycan universitetlərində kompüter mühəndisliyi ixtisası açılıb. 5-6 ildir ki, bu ixtisas üzrə dərs deyilir. Ola bilsin ki, bu nə vaxtsa mümkün olsun".

"Ölkəmizdə biliklər iqtisadiyyatı formalaşmağa başlayıb"

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev isə Sputnik-ə açıqlamasında, 2002-ci ildə mərhum prezident Heydər Əliyev tərəfindən İKT-nin inkişafının Azərbaycanda milli strategiya kimi qəbul olunduğunu deyib: "Bu milli strategiyanın əsas hədəfi ölkədə İKT-nin inkişafı üçün şəraitin yaradılmasıdır. Son 10 ildən artıq bir müddət ərzində Azərbaycanda informasiya texnologiyaları bütün sferalar üzrə inkişaf edib. Onun texnoloji platforması yaxşılaşıb, telefon, internet infrasturkturu, mobil rabitə, kompüterlə təminat, təhsil və elmdə, dövlət idarəetməsində İKT-nin geniş tətbiqi yaxşılaşıb".

CC BY-SA 4.0 / Tarlan23 / Rasim AlguliyevRasim Əliquliyev, AMEA İnformasiya texnologiyalari institutunun direktoru
Rasim Əliquliyev, AMEA İnformasiya texnologiyalari institutunun direktoru - Sputnik Azərbaycan
Rasim Əliquliyev, AMEA İnformasiya texnologiyalari institutunun direktoru

R. Əliquliyev ölkəmizdə biliklər iqtisadiyyatının formalaşdını qeyd edib: "Bu o deməkdir ki, alimlərimizin, mütəxəsisslərimizin bilikləri artıq dünya bazarına çıxa bilir. Bu istiqamətdə işlər gedir. Ölkəmizdə biliklərin əmtəələşməsi, dünya bazarına çıxardılması, rəqabətə dözümlü məhsulların ortaya çıxması Azərbaycan üçün böyük perspektivlər açır. Artıq Azərbaycan alimləri, mütəxəssisləri tək İKT üzrə istehlakçı mövqeyində deyillər, eyni zamanda, istehsalçı imkanlarına malikdirlər".

"Kosmosdan alınmış məlumatlar, görürsünüz ki, tək Azərbaycanın öz tələbatını yox, böyük bir ərazidə olan ölkələrin də tələbatını ödəməyə başlayıb. Yəni, kosmik xidmətlər göstərir. Region dövlətləri Azərbaycanın internet imkanlarından istifadə edirlər", —deyə akademik vurğulayıb.

Onun sözlərinə görə, Silikon Vadisinə bənzər proseslərin Azərbaycanda da getməsi və qeyri-neft sektorunun əsas dayaqlarından birinə çevrilməsi üçün, dövlət, biznes, elm, qeyri-hökumət sektoru tərəfindən böyük dəstək var: "Ölkəmizdə biliklər cəmiyyətinin inkişaf etdirilməsi, Azərbaycanın yüksək texnologiyalar ölkəsi kimi tanınması üçün güclü zəmin var".

Xəbər lenti
0