15:42 29 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İDMAN
Qısa URL
Azərbaycan və Ermənistan arasında müharibə (834)
110 0 0

Partlayış dalğası "Kəpəz" futbol klubunun meydanında bütün şüşələri qırıb, idman obyektinin təmirə ehtiyacı var

BAKI, 12 oktyabr — Sputnik, Teymur Tuşiyev. Ermənistan ərazisindən Azərbaycanın Gəncə şəhərinin raket atəşinə tutulması nəticəsində ölkənin I divizionunda çıxış edən “Kəpəz” futbol klubunun bazasına ziyan dəyib.

Bu barədə Sputnik Azərbaycan-a klubun baş məşqçisi Yaşar Vahabzadə danışıb.

Şənbədən bazara keçən gecə Gəncə Ermənistan ərazisindən atəşə tutulub. Zərbə “Toçka-U” kompleksindən buraxılan raketlər ilə yerinə yetirilib. Nəticədə yaşayış binası tamamilə dağılıb, 9 nəfər həlak olub, 34 nəfər yaralanıb.

“Kəpəz”in baş məşqçisi bildirib ki, raketlərdən biri klubun bazasının yanına düşüb, partlayış dalğası idman obyektinin inzibati binasının bütün şüşələrini qırıb.

“Gecə iki radələrində mərmi partlamasının səsini eşitdik. Bütün futbolçulara zəng edib, durumları ilə maraqlandıq. Xoşbəxtlikdən, futbolçular və onların qohumları arasında xəsarət alan yoxdur. Bəzi futbolçularımızın qonşuları yaralanıblar”, - Vahabzadə deyib.

Gərgin vəziyyətə baxmayaraq, bazar günü səhər, oktyabrın 11-də “Kəpəz”in futbolçuları öz bazalarında məşqə çıxıblar.

“Raketlərdən biri stadionumuzdan 500 m aralıya düşüb. Demək olar ki, bütün şüşələr qırıldı. Bir yerdə hətta barmaqlıqlar da çərçivədən çıxıb, çoxlu sayda qırıntılar var. Futbol bazamızın ciddi təmirə ehtiyacı var”, - Vahabzadə qeyd edib.

O həmçinin bildirib ki, komanda məşqlərini Gəncədə davam etdirəcək, amma yaxın müddətdə I divizionun oyunları bu şəhərdə keçirilməyəcək.

“Bütün gəncəlilər kimi, biz də şəhərdə qalırıq, məşqləri də öz bazamızda keçəcəyik. Amma güman ki, çempionatın ev oyunlarını başqa regionlarda keçirəcəyik. Açığını desəm, hərbi əməliyyatlardan kənarda yerləşən şəhərin yaşayış massivlərini, özü də atəşkəs vaxtı bombardman eləmək heç cür ağlıma sığmır”, - baş məşqçi deyib.

Sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlardan, minaatanlardan və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Ermənistan silahlı birləşmələrinin hərbi fəallığının qarşısını almaq və dinc əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı qoşunların cəbhə boyu əks-hücum əməliyyatına başlayıb.

10 oktyabr saat 12:00-dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun meyarlarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslərin, həmçinin ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunub.

Bununla bağlı Rusiya tərəfinin təşəbbüsü əsasında 9-10 oktyabr tarixlərində Moskva şəhərində keçirilən görüş nəticəsində Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikasının Xarici İşlər nazirlərinin qəbul etdiyi bəyanatda deyilir.

Bəyanata əsasən, atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq.

Azərbaycan Respublikası və Ermənistan Respublikası ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayacaqlar.

Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (834)

Əlaqədar

Gəncənin narahat gecəsi və qorxmaz sakinlər: "Uşaqlar yaralanıblar. Bəs belə olar?" - FOTO
Gəncəyə "Toçka-U" raketinin düşmə anı - VİDEO
Kamran Əliyev Gəncə hücumu barədə: "Terror aktı ilə bağlı cinayət işi başlanılıb"
Gəncədə raket atəşindən dağılan yaşayış binasında xilasetmə işləri yekunlaşdı
“Ermənistan yalvarıb, atəşkəsə çağırışlar edirdi, bunun ardınca Gəncəni atəşə tutub”
Teqlər:
dağıntı, baza, futbol, "Kəpəz", raket zərbələri, Gəncə

Əsas mövzular