07:18 24 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İDMAN
Qısa URL
21220

Azərbaycan Milli Komandasının və Qarabağ Futbol Klubunun kapitanı Dağlıq Qarabağda baş verən hadisələrə münasibət bildirib.

BAKI, 8 oktyabr — Sputnik. Azərbaycan Milli Komandasının və Qarabağ Futbol Klubunun kapitanı Maksim Medvedev Qarabağda baş verən hadisələrlə bağlı "Facebook" səhifəsində paylaşım edib. Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, o, ingilis, rus və Azərbaycan dilində yazdığı mətnlə, erməni futbolçusu Henrix Mxitaryanın cavabını da verib.

M.Medvedev bildirib ki, Mxitaryanın ATƏT-in Minsk Qrupu həmsədr ölkələrinin prezidentlərinə ünvanladığı məktub onun UNICEF-in xoşməramlı səfiri kimi missiyasına uyğun gəlmir, çünki məktubda xeyli sayda yalan ifadələr yer alır:

"Azərbaycanı təcavüzdə ittiham etməyiniz doğru deyil. Çünki həqiqi təcavüz Ermənistan tərəfindən Azərbaycana qarşı törədilib. Ermənistan Azərbaycan ərazilərinin beşdə birini işğal edib və 1 milyona yaxın azərbaycanlıya qarşı etnik təmizləmə əməliyyatı aparıb. Təcavüz zamanı Ermənistanın silahlı qüvvələri insanlığa qarşı çoxsaylı cinayətlər törədib. Bu cinayətlər sırasında ermənilərin 63-ü uşaq olmaqla, 613 günahsız mülki vətəndaşı öldürdüyü Xocalı soyqırımı da var".

Millimizin kapitanı bildirib ki, erməni futbolçusunun vətəninin təhlükədə olduğunu iddia etməsi də yalandır: "Döyüşlər beynəlxalq səviyyədə tanınmış Azərbaycan ərazisində baş verir. Erməni işğalçı qüvvələrinin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 993-cü il tarixli 4 qətnaməsini sizə xatırlatmaq istəyirəm. Ermənistan bu sənədləri rədd edir".

Medvedev qeyd edib ki, son hərbi eskalasiya prosesi də məhz Ermənistanın sentyabrın 27-də Azərbaycanın mülki və hərbi mövqelərini atəşə tutmasından sonra başlayıb:

"Suriya, Livan və digər Yaxın Şərq ölkələrindən gətirilmiş muzdlu əsgərlərdən istifadə edən Ermənistan Azərbaycanın mülki əhalisini hədəf almağa davam edir. Bu, beynəlxalq humanitar hüququn açıq şəkildə pozulmasıdır. Nəticədə, ikisi uşaq olmaqla 28 mülki şəxs ölüb, 144 mülki şəxs yaralanıb, 66 mülki obyekt və 427 ev dağıdılıb".

Medvedev, həmçinin erməni futbolçusunun münaqişə bölgəsindəki xristian irsi və dəyərlərindən narahatlığına da əsas olmadığını bildirib: "Çoxmillətli və çoxmədəniyyətli ölkə kimi Azərbaycan öz torpaqlarındakı bütün mədəni və tarixi irsi qoruyur. Günü bu gün də Bakının mərkəzindəki erməni kilsəsi qorunub saxlanır. Amma təəssüf ki, Azərbaycanın işğal olunmuş ərazilərdəki mədəni irsi Ermənistan tərəfindən tamamilə dağıdılıb".

Azərbaycan millisinin kapitanı döyüşlərdə gənclərin ölməsindən narahatlığını ifadə edən erməni futbolçusunun bu sözlərinə də cavab verib: "Bunun qarşısını almağın ən yaxşı yolu Ermənistan hökumətini beynəlxalq birliklərin işğal altında olan torpaqlarımızla bağlı tələblərinə əməl etməyə çağırmaqdır. Mən, Azərbaycanda doğulmuş, böyümüş və həmişə bu ölkədə oynamış Maksim Medvedev, əminəm ki, Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən dərhal çıxarılması bölgəmizdə sülhə yol açacaq".

Əsas mövzular