10:12 25 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İDMAN
Qısa URL
12210

Türkiyənin "Qalatasaray" klubu Avroliqaya vəsiqə qazanmaq üçün son oyunda özünün qələbə qazanacağına və "Brügge"nin büdrəməsinə bel bağlayıb

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 10 dekabr — Sputnik. Bu həftə Avropa klubları arasında ali futbol yarışlarının ilk dövrəsinə yekun vurulacaq. Sputnik Azərbaycan xəbər verir ki, bu gün və sabah Çempionlar Liqasının növbəti mərhələ iştirakçıları tam bəlli olacaq. 32 komandanın yer aldığı 8 qrupda təxminən 3 ay müddətində maraqlı qarşıdurmaların şahidi olduq.

A qrupunun favoritləri öncədən bəlli olduğu kimi "Real Madrid" və "PSJ" klubu idi. Proqnozlar özünü doğrultdu. Hər iki klub son tur öncəsi növbəti mərhələni təmin ediblər. Türkiyənin "Qalatasaray" klubu isə bu qrupda Avroliqaya vəsiqə qazanmaq üçün son oyunda özünün qələbə qazanacağına və "Brügge"nin büdrəməsinə bel bağlayıb.

"B" qrupunda "Bayern Münhen", "Tottenhem", "Srvena Zvezda" və "Olimpiakos" klubları arasında gedən yarış daha məhsuldar olub. Belə ki, komandalar arasında keçirilən görüşlərdə qapılara nə az, nə çox düz 48 qol vurulub. Qrupda ilk yeri isə "Bayern Münhen" klubu tutub. Ötən mövsümün finalçısı "Tottenhem" ikinci yerlə kifayətlənməli olub. Digər iki klub arasında keçiriləcək son oyun həlledici olacaq. Qalib gələn tərəf Avroliqada yoluna davam edəcək.

"C" qrupunda isə vəziyyət bir qədər qəlizdir. "Mançestr Siti" növbəti mərhələni təmin etsə də, digər üç klub ikinci vəsiqəni qazanmaq şanslarını hələ də saxlayır. "Şaxtyor" Donetsk, "Dinamo" Zaqreb və "Atalanta" müvafiq olaraq hərəyə 6, 5, 4 xal yığıb.

"D" qrupunda lider İtaliyanın "Yuventus" klubu olsa da, hamının gözlədiyinin əksinə Kriştianu Ronaldu cəmi bir dəfə fərqlənə bildi. Bu qrupda ikinci yer uğrunda savaş isə "Atletiko" Madrid və "Bayer" Leverkuzen arasında gedəcək.

"E" qrupunda da maraqlı situasiya yaranıb. "Liverpul", "Napoli", "Salzburq"un hələ də növbəti mərhələyə keçmək şansları var. Bu klublardan birinin büdrəməsi ÇL-na əlvida deməyə bəs edəcək.

"Ölüm" qrupu olan "F" qrupunda sular bir az durulub. "Barselona"nın növbəti mərhələ vəsiqəsi artıq "cibindədir". "İnter" və "Borussiya" Dortmund taleyi isə hələ sual altındadır. Belə ki, hər iki klubun hesabında 7 xal var.

"G" qrupunda nisbətən zəif klublar yer almışdı. "Leypsiq", "Olimpik Lion", "Benfika", "Zenit" klubları da qədərlərini son tura saxlayıblar. Klubların aktivlərində 10 ,7, 7, 4 xal var.

Sonuncu "H" qrupunun iştirakçıları arasında evə yollanacaq klubun adı bəllidir. Bu Fransanın "Lill" klubudur. Digər "Ayaks", "Valensiya", "Çelsi"nin taleyi isə qonşu qrupdakı kimi son turdan asılıdır. Müvafiq olaraq 10, 8, 8 xal toplayan klublar üçün son oyun "ölüm – dirim" mübarizəsi olacaq.

Qeyd edək ki, 5 turdan sonra bombardirlər siyahısına "Bayern Münhen" klubunun hücumçusu Levandovski başçılıq edir. O, rəqib qapıçıları 10 dəfə məyus etməyi bacarıb. İkinci yerdə 8 qolla "Salzburq" klubundan Erlinq Holand yer alıb. İlk üçlüyü 6 qolla "Tottenhem Hotspur" klubunun ulduzu Harri Keyn bağlayır.

Əsas mövzular