Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Məşhur idman jurnalistləri "Neftçi"nin şanslarını dəyərləndirdilər

© Sputnik / Murad OrujovМатч третьего квалификационного раунда Лиги Европы между "Нефтчи" и израильским "Бней Иегудой"
Матч третьего квалификационного раунда Лиги Европы между Нефтчи и израильским Бней Иегудой - Sputnik Azərbaycan
Abunə olmaq
"İkinci hissədə "Bney Yehuda"nın göstərdiyi oyun futbol adına ləkə idi"

BAKI, 15 avqust — Sputnik. "Neftçi" komandası səfərdə İsrailin "Bney Yehuda" klubu ilə qarşılaşacaq. Sputnik Azərbaycan xəbər verir ki, Petak Tikvadakı "Ha Moshava" stadionunda keçiriləcək matç Bakı vaxtı ilə bu gün saat 21:00-da baş tutacaq. Azərbaycanın tanınmış idman jurnalistləri oyun barədə proqnozlarını açıqlayıblar.

Rövşən Binnətli ("CBC Sport" kanalının idman şərhçisi): "Bakıdakı nəticə ilə rəqib bir addım öndədir. Amma bu, həlledici deyil. "Qarabağ"ın APOEL macərasını, həmçinin ötən mövsüm ilk oyunlarda əldə olunan hətta 3 top üstünlüklərin ümumi qələbə üçün yetmədiyini yada salaq. Əsas olan bir həftə əvvəl baş verənləri unudub, bütünlüklə hazırkı qarşılaşmaya köklənməkdir. "Neftçi"nin pley-off mərhələsinə yüksəlmək şansı heç də az deyil və komandamızın Bakıda olduğu kimi, yenə istəkli, əzmkar oynayıb sərfəli nəticə əldə edəcəyinə inanıram."

Aydın Bağırov (Qol.az-ın şef-redaktoru): "İlk oyunda "Neftçi"də bir az arxayınlığa və hardasa məşqçi səhvinə görə heç-heçə etdi. Rəqib hər nə qədər yaxşı müdafiə olunsa da, fikrimcə, qələbə qazanmaq olardı. Amma istənilən halda "Neftçi" üçün heç nə itirilməyib. Sadəcə məni narahat edən "Bney Yehuda"nın Bakıda 2 qol vurmasıdır. Bu səbəbdən "Bney-Yehuda"nın tam açıq oyuna gedəcəyini sanmıram. Onlara mərhələ adlamaq üçün 0:0 və 1:1 hesablı heç-heçə də kifayət edir. Buna baxmayaraq, mənə elə gəlir ki, "Neftçi" rəqib üzərində minimal hesablı qələbə qazanmaq gücündədir. Şansları 50/50-yə dəyərləndirirəm."

İlkin Xəlilov (ATV-nin idman aparıcısı, redaktor: "Bakıdakı sürpriz heç-heçəyə baxmayaraq, hələ də nikbinəm. "Neftçi"dən axşamkı oyunda qələbə gözləyirəm. Əlbəttə, daha məhsuldar heç-heçə də yaxşı olar. Amma 3:3 və ya 4:4 hesabı real görünmür. Fikrimcə, "Neftçi" "Bney Yehuda"nı 2:1 hesabı ilə məğlub edəcək."

Natiq Muxtarlı (idman jurnalisti) : "Neftçi" "Bney Yehuda" önündə favorit göstərilirdi. Ancaq Bakıdakı qarşılaşmada bu statusu doğrulda bilmədilər. Niyə? Ona görə ki, İsrail klubu "Neftçi"ni yaxşı incələmiş, qarşılaşmaya ciddi hazırlaşmışdı. Yəni həmin oyunda "Bney Yehuda" daha hazırlıqlı idi.

Üstəlik, "Neftçi"nin baş məşqçisi də taktiki yöndə səhvə yol verdiyini etiraf etdi. Yəni müasir futbolda o komanda qalib gəlir ki, o, daha hazırlıqlı olur. Bakıdakı nəticə qətiyyən qorxulu deyil. "Neftçi"yə mərhələ adlamaq üçün minimal hesablı qələbə bəs edirsə, 2:2 niyə qorxulu olmalıdır? Sadəcə, oyuna yaxşı hazırlaşmaq, tam köklənmək, düzgün taktika qurmaq və məşqçinin tapşırıqlarını meydanda səhvsiz yerinə yetirmək lazımdır.

Bunu APOEL "Qarabağ"la oyunda göstərdi. Kiprlilər 1:2 hesablı məğlubiyyətin əvəzini çıxa bilirlərsə, deməli, "Neftçi"nin də mərhələ adlamaq şansı var. Sadəcə, komanda şəklində bu oyuna hazır olmaq lazımdır. "Bney Yehuda" ilə oyunun nəticəsi məhz bu amildən asılı olacaq. "Neftçi"nin məşqçilər korpusu futbolçuları yaxşı hazırlayıb oyuna kökləyə biləcəklərsə, onda mərhələ adlamaq mümkün olacaq.

İsmayıl Abdullayev (İdman Azərbaycan, şərhçi): Bugünkü oyunda "Neftçi"dən qələbə gözləyirəm. Əslində komandamız ilk oyunda qələbə qazanmalı idi. Rəqib fürsətləri maksimum şəkildə dəyərləndirdi. İki top üstünlüyü əldə edəndə "Neftçi"nin planları pozulmuşdu. Yaxşı ki, son anda məğlubiyyətdən xilas ola bildi. İkinci hissədə "Bney Yehuda"nın göstərdiyi oyun futbol adına ləkə idi. Roberto Borodinin komandası çox gözəl bilir ki, rəqibə qolsuz heç-heçə də sərf edir. Düşünürəm ki, İsrail təmsilçisi Bakıdakı oyununu təkrarlayacaq. Ona görə də, "Neftçi" ilk hesabı açan tərəf olmalıdır. Əgər bu baş tutarsa, qələbə də bizim olacaq.

Anar Xanlarov (idman jurnalisti): "Şanslar mənə görə 50/50-dir. Çünki son günlər qeydə alınan əksər nəticələr sübut etdi ki, ev-səfər nəticələri elə də ciddi əhəmiyyət kəsb etmir. Məsələn, "Qarabağ" səfərdə 2:1 məğlub etdiyi APOEL-ə evdə 0:2 uduzdu. Yaxud Yunanıstanın "Atromitos" klubu ilk oyunda səfərdə Polşanın "Legiya"sı ilə 0:0 oynasa da, cavab matçında evdə 0:2 məğlub oldu. Yaxud da Macarıstanın "Ferenstvaroş" u ilk oyunda səfərdə "Dinamo" Zaqreblə 0:0 oynasa da, cavab matçında evdə darmadağın oldu - 0:4. Bu mənada "Neftçi"nin də səfərdən qələbə ilə dönmək şansı az deyil. Sadəcə istəkli oynamalı və rəqibdən çəkinməməlidir. Mənə görə, ilk qolu vuran komanda mərhələni keçəcək. Ümid edək ki, bu, "Neftçi" olacaq."

Xəbər lenti
0