Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

“Dəmir” ləqəbli Gülənbər Qasımova: “Məni oğlan bilib, eşq elan edən də olub”

© © Gülənbər Qasımovanın şəxsi arxivindəGülənbər Qasımova - Qadın futbolu üzrə milli komandanın üzvü
Gülənbər Qasımova - Qadın futbolu üzrə milli komandanın üzvü - Sputnik Azərbaycan
Abunə olmaq
Gənc futbolçunun ən böyük arzusu isə Rusiyanın komandalarında oynamaqdır

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 3 fevral — Sputnik. Gülənbər Qasımova - qadın futbolu üzrə milli komandanın üzvü. 1997-ci ildə Qax rayonunda anadan olub. Uşaq ikən voleybol üzrə qadınlardan ibarət komandada iştirak edən və uğurlar qazanan bu gənc xanımın ürəyi həmişə futbolda olub. O zaman futbol üzrə qadınlardan ibarət komandada oynamaq istəyini valideynlərinə bildirəndə isə etirazla qarşılaşıb.

Xanım futbolçu öz həyat tarixçəsini Sputnik Azərbaycan-a danışır: "6 ildir futboldayam. Eşitdim ki, rayonumuzda qadın futbolu yaranıb, mən də voleyboldan uzaqlaşıb, futbola gəlmək istədim. İstəyimi evdəkilərə bildirəndə israrla, "yox, olmaz" dedilər. Anam deyirdi ki, "qız nədir, futbol nədir? Voleybolda oynayırsan, bu bəsdir".

© © Gülənbər Qasımovanın şəxsi arxivindənGülənbər Qasımova - Qadın futbolu üzrə milli komandanın üzvü
“Dəmir” ləqəbli Gülənbər Qasımova: “Məni oğlan bilib, eşq elan edən də olub” - Sputnik Azərbaycan
Gülənbər Qasımova - Qadın futbolu üzrə milli komandanın üzvü

"Niyyətin hara, mənzilin də ora" deyib atalarımız. Elə Gülənbər də öz arzusuna çatır: "Bir gün Əməkdar məşqçi Dilarə Əhmədova anama yaxınlaşıb dedi ki, "eşitmişəm, sənin idmançı qızın var. Onu komandamda görmək istəyirəm". Dilarə xanım anamı o qədər inandırdı ki, anam razılıq verdi və mən futbola gəldim".

Bu arada söhbətimizə Azərbaycanda qadın futbolunun təməlini qoyan ilk qadın, Əməkdar məşqçi Dilarə Əhmədova da qoşulur: "Eşitmişdim ki, Gülənbər adlı qız var, voleybolçudur, amma futbola daha çox meyllidir. Həmin ərəfədə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev də Gülənbərlə maraqlanırdı, onu güləşə dəvət edirdi. Mən onların evlərinə getdim, ancaq tapmadım. Bir gün təsadüfən Gülənbəri anası ilə birlikdə dükanda gördüm. Yaxınlaşıb anasına dedim ki, istəyirəm qızınız futbola gəlsin. Gülənbərin gözlərində həmin anda, sanki bir sevinc qığılcımı yarandı. Anası əvvəlcə tərəddüd etsə də, israr etdiyimə görə mənimlə razılaşdı. Beləliklə, Gülənbər mənim komandamın üzvü oldu".

Məşqçisinin dediyinə görə, Gülənbərin voleyboldan çıxması qalmaqala səbəb olub. Hətta buna görə onu təhqir etməkdən belə, çəkinməyiblər. "Həmin vaxt mənə dedilər ki, "o, heç vaxt milliyə düşməyəcək". Bu söz mənə çox pis təsir etdi. Onlara dedim ki, o, milli komandanın üzvü olacaq. O, nəinki milli komandanın üzvü oldu, Azərbaycanda, eləcə də dünyada bir sıra nailiyyətlər əldə etdi".

© Sputnik / Shahperi AbbasovaGülənbər Qasımovanın medalları
“Dəmir” ləqəbli Gülənbər Qasımova: “Məni oğlan bilib, eşq elan edən də olub” - Sputnik Azərbaycan
Gülənbər Qasımovanın medalları

Gülənbərə ən çox dəstəyin atasından gəldiyini deyən Əməkdar məşqçi bütün valideynləri, xüsusilə idmana həvəsi olan övladlarına güvənməyi və onlara dəstək olmağa çağırır: "Ona ən çox kömək edən atası olub. Atası mənə zəng edib dedi ki, "qızım sizindir". Bu, məni çox sevindirdi. Yaxşı olar ki, bütün valideynlər Gülənbərin atası kimi öz qızlarına güvənsinlər. Belə olan təqdirdə, Azərbaycanda qadın futbolu daha da inkişaf edə bilər, dünya arenasında da öz sözünü deyə bilər".

"Əslən ispan olan, Azərbaycan yığma komandasının baş məşqçisi Patrisia Gonzales də Gülənbərin oyununu görüb heyranlığını gizlədə bilməmişdi. Mən ona "Dəmir Gülənbər" deyirəm. Həm fiziki olaraq, həm mənən çox güclü qızdır. Neçə ildir futboldadır, hələ bir dəfə də olsun travma almayıb. Bu, çox böyük işdir. Bunu idmançılar yaxşı anlayar. Çox şadam ki, bir gün mən olmayanda davamçım olacaq " - deyə, D.Əhmədova əlavə edir.

Gənc xanımı xarici görünüşünə görə də qınayanlar olub. Onu və komanda yoldaşlarına ləkələməyə çalışıblar: "Komandadakı bəzi qızlar da mənim kimi qısa saçlı idi. Biz birlikdə yarışlara gedirdik, birlikdə qalırdıq. Bu da birmənalı qarşılanmadı. Rayonda futbolçu qızlarla bağlı xoşagəlməz şayiələr yayılmışdı. Hələ də mənə bu məsələ qaranlıq qalıb, bu iyrənc söhbəti niyə yaydıqlarını bilmirəm. Bəlkə də məqsəd komanda arasında nifaq salıb, komandanı dağıtmaq idi. Mənə elə gəlir ki, Qaxda qadın futbolunun ləğvi üçün əvvəlcədən planlaşdırılmış bir oyun idi".

"Sözsüz ki, valideynlərim, xüsusilə də anam çox narahat oldu bu söhbətlərdən. Lakin kimin nə deməsindən asılı olmayaraq, adın doğrudan da təmizdirsə, sənə yüz böhtan atılsa belə, yapışmayacaq! Bu məsələ Dilarə xanımı da narahat edirdi. Amma o da, valideynlərimiz də, bizim səhv addım atmayacağımızdan əmin idilər" – deyə, gənc futbolçu təəssüf hissi ilə danışır.

© Sputnik / Shahperi AbbasovaGülənbər Qasımovanın medalları
“Dəmir” ləqəbli Gülənbər Qasımova: “Məni oğlan bilib, eşq elan edən də olub” - Sputnik Azərbaycan
Gülənbər Qasımovanın medalları

Gülənbərin xarici görünüşünə görə onu oğlan bilib, eşq elan edənlər də olub. O, bu hadisəni gülərək xatırlayır: "Uşaqlıqdan indiyə qədər əynimdə idman paltarı olub, saçlarım da qısa. Buna görə məni oğlan hesab edənlər də olub. Bir dəfə bir kəndə qonaq getmişdim. Bir qız yaxınlaşdı. Hiss etdim ki, bu qız məni oğlan bilib. Yaxınlaşdı, adımı soruşdu, dedim ki, adım Nicatdır. Bir neçə saatdan sonra mənə eşq məktubu göndərmişdi".

Fərqli saç düzümü, idman üslubu, kütlənin ona münasibəti futbolçunun ailəsində ara-sıra söz-söhbətlərə səbəb olur: "Anamın iş yerində ona deyirdilər ki, "qızını alan olmayacaq, o nə geyimdir geyinir, o nə saçdır elə?" Anam da o sözlərdən təsirlənib mənə iradlarını bildirirdi. Lakin atam mənim arxamda dururdu. Anama deyirdi ki, "camaatın sözünə görə qızını niyə incidirsən, qoy işi ilə məşğul olsun". Dilarə xanım da anamı başa saldı ki, "futbolçu belə olmalıdır, o uzun saç saxlayıb don geyinə bilməz ki". Bundan sonra anam bir təhər razılaşdı".

"Bir oğlan mənimlə evlənmək istəyirdi. Amma şərt qoydu ki, ya futbol, ya da o. Mən futbolu seçdim. Gələcəkdə ailə quracağım insanın da istəklərimlə razılaşması mütləqdir. Əks təqdirdə razı olmaram. Çünki mən idmansız yaşaya bilmərəm. Özümü idmansız təsəvvür edə bilmirəm. Qadınlara məxsus zinət əşyaları, geyimlər, saç düzümü və s. bunlar mənlik deyil. Özümü dikdabanda təsəvvür edə bilmirəm, gəzməyi də bacarmıram"- deyə həmsöhbətim vurğulayır.

© Sputnik / Shahperi AbbasovaGülənbər Qasımovanın medalları
“Dəmir” ləqəbli Gülənbər Qasımova: “Məni oğlan bilib, eşq elan edən də olub” - Sputnik Azərbaycan
Gülənbər Qasımovanın medalları

Bu gün milli komandada yarışan futbolçuların, eləcə də Gülənbər Qasımovanın da təhsilinin olmadığını deyən Dilarə xanım, onların təhsil almasının vacib olduğunu qeyd edir: "AFFA Təhsil Nazirliyi ilə birlikdə işləməlidir, milli komandanın üzvlərinə təhsil alma şansı verməlidirlər. Ümid edirəm ki, gələcəkdə xarici ölkələrdən idmançı gətirilməz, məhz öz qızlarımız yarışlarda iştirak edərlər. Qızlarımın içində ilk dünya çempionatında oynayan Olia Şioşvilini adlı qız var idi. Onun təhsili yoxdur deyə, millidən ayrıldı. Bu, faciədir mənim üçün. Olianın həyatını Gülənbərin də yaşamasını istəmirəm. Ona görə də millinin məşqçiləri, AFFA buna dəstək olmalıdır".

"Yaşanan bu çətinliklərdən sarsıldığınız, futbola gəldiyinizə görə peşman olduğunuz vaxtlar oldumu" sualına həmsöhbətimiz belə cavab verir: "Bir müddət, haradasa bir il millidən kənarda oldum. Heç bir gəlirim yox idi. Həmin dövrlərdə peşman olmuşdum ki, niyə oxumadım, futbol da yoxdur. Özümü başqa işlərdə, peşələrdə görə bilmirəm. Yaxşı ki, milli yarandı və mən komandanın üzvü oldum".

Gənc futbolçunun ən böyük arzusu isə Rusiyanın komandalarında oynamaqdır. Bu, onun əsas hədəflərindən biridir.

Xəbər lenti
0