16:44 11 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0255
  • EUR1.9326
Şəhanə Nəzərova

Boyundan böyük uğurlara imza atan qızcığaz

© Şəhanə Nəzərovanın şəxsi arxivindən
İDMAN
Qısa URL
525 0 0

“Bu qələbələr nə Şəhanə, nə də mənümçün asan başa gəlməyib”

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 2 dekabr — Sputnik. Ölkə prezidentinin idmana diqqət və qayğısı bu sahəyə olan marağı da artırır. Buna görə də ölkəmizdə kifayət qədər həm qadın, həm də kişi idmançılarımız var. Qadınların sayı az olsa da, onlar arasında uğur qazananları kifayət qədərdir. Belə idmançılarımızdan biri də Siyəzən rayonunda boya-başa çatan 17 yaşlı güləşçi Şəhanə Nəzərovadır.

Şəhanə qazandığı nailiyyətlər, uğurlar, qarşılaşdığı çətinliklər barədə Sputnik Azərbaycan-ın əməkdaşına danışıb.

Kasıb ailədə dünyaya göz açan idmançımızın bu pilləyə qalxmağı heç də asan olmayıb: “Kasıb ailədə doğulmuşam, ailəm atam, anam və bacımdan ibarətdir. Balacalıqdan idmana böyük marağım olub, ağlım kəsəndən güləş yarışlarına baxırdım. Ailəmizin maddi vəziyyəti isə məşq etməyimə imkan vermirdi. Əmim boks üzrə məşqçidir. Məndə idmana olan maraq əmimin diqqətindən yayınmadı. Bir gün ailəmə bildirdi ki, məni məşqə aparacaq. Həmin gecə sevincimdən yata bilmədim. O gündən məşqlərə başladım və bu gün də davam edirəm".

Yeddi yaşından başlayaraq, ara vermədən məşq edən güləşçimiz çox əziyyətlər çəksə də, nəticəsini də görür: “Rayonda məşqlərimizi stadionda keçirdik. Şəraitimiz heç də yaxşı olmayıb. Buna görə də məşqlərdə çətinlik çəkirdim. Məşqçim isə məni daha da həvəsləndirməyə çalışırdı. Rayon turnirlərində yarışlara çıxdım və bir-birinin ardınca qələbələr qazandım. Sonralar respublika səviyyəli turnirlərdə iştirak etdim və nəhayət Avropa çempionatında yarışa çıxdım. Yarışa uğurlu start versəm də, son anda ani səhvim ucbatından məğlub oldum. Buna baxmayaraq, ruhdan düşmədim, daha çox çalışmağa başladım".

Şəhanə Nəzərova
© Şəhanə Nəzərovanın şəxsi arxivindən
Şəhanə Nəzərova

Həmsöhbətimiz deyir ki, yaşadığı Siyəzən rayonunda qızın idmançı olması birmənalı qarşılanmır: “İlk öncə ailəmdən başqa heç kim məni qəbul eləmək istəmirdi. Bunu məktəbdə müəllimlərimin, sinif yoldaşlarımın nəzərlərindən də açıq-aydın görürdüm. Çox zaman geyimimə, saç düzümümə görə qeyri-adi nəzərlərə tuş gəlirdim. Bəzən "qız uşağı nədir, güləşə getmək nədir, biz hansı zəmanədə yaşayırıq ki, rayonda qız uşağı oğlanlarla məşq etsin" kimi sözlər eşidirdim. Amma eşitdiklərimi  qulaqardına vururdum”.

“Sonralar nailiyyətlərimi gördükcə, hamı mənimlə fəxr etdiyini söyləyirdi. İndi isə rayonda özümə qarşı xoş münasibət görürəm. Bu günümə çox şükürlər olsun"- deyən Şəhanə qələbələr qazandıqca daha çox çalışmağa başlayıb. Gecəsini gündüzə qataraq, yorulmadan məşq edib. Sonda bir çox ölkədə Azərbaycan bayrağını dalğalandırmağı bacarıb.

O, 2017-ci ilin 28-30 aprel ayında Türkiyədə yeniyetmə qızlar arasında təşkil olunan 20-ci Beynəlxalq turnirdə 1-ci yeri tutub. Həmin ilin iyul ayında Sarayevo şəhərində keçirilən yarışda yeniyetmələr arasında Avropa çempionu olub.. Yunanıstanın Afina şəhərində təşkil olunan yeniyetmələr arasında dünya çempionatında 1-ci yeri tutaraq dünya çempionu adına sahib olub. 2018-ci ildə Xorvatiyanın Zaqreb şəhərində keçirilən dünya birinciliyində 43 kq çəkidə yarışıb və ikinci yerə layiq görülüb. Həmin il yeniyetmələrin yay olimpiya oyunları qatılıb, 43 kq çəkidə yarışaraq  3-cü yeri tutub. Bürünc medalla ölkəmizə qayıdıb.

Şəhanə Nəzərova
© Şəhanə Nəzərovanın şəxsi arxivindən
Şəhanə Nəzərova

Bu qələbələrdən sonra hamı Şəhanəyə qəhrəman kimi baxır. Qəhrəmanımızın əziyyətini çəkən, bu uğurlu yolda hər zaman yanında olan məşqçisi Ağadədə Allahverdiyev də Şəhanə haqqında danışıb: "Əmisi Şəhanəni yanıma gətirəndə 7 yaşlı balaca, arıq uşaq idi. İlk əvvəllər hamı mənə deyirdi ki, "onu qəbul etmə, sora sənənin üçün problem olacaq, qız uşağıdır, səni yarı yolda qoyacaq və zəhmətin heç olacaq". Amma mən o balaca qızcığazın gözündə o işıltını gördüm, heç kimin sözünə məhəl qoymadan məşqlərə başladıq. Zaman keçdikcə Şəhanədə daha çox potensial görürdüm və bu məni daha da həvəsləndirdi”.

“Biz yarışlara çıxmağa başladıq və o, ümidlərimi doğrultmağa başladı. Bir-birinin ardınca qələbələr qazandı, dünya və Avropa çempionu oldu. Siyəzən kimi balaca rayondan belə bir qız uşağının çıxması hamını heyrətləndirirdi. Onu da bildirim ki, bu qələbələr nə Şəhanə, nə də mənümçün asan başa gəlməyib. Elə vaxt olub ki, istidən əlimizin qabığı soyulub, qışda isə əl-ayağımız donub, saatlarla açılmayıb. Şükürlər olsun ki, bu əziyyətlərin bəhrəsini gördük və inanıram ki, hələ də görəcəyik. Qızımız hələ bayrağımızı ucalara çox qaldıracaq" – deyə məşqçi bildirib.

Bizə də balaca, arıq olmasına baxmayaraq, seçdiyi yolda böyük qələbələr qazanan Şəhanəyə ancaq müvəffəqiyyət diləmək düşür. İnanırıq ki, uğur və qalibiyyət hər zaman onunla olacaq.

Əsas mövzular